إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qədr gecəsinin bəyənilən əməlləri

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da”

“Hər kim iman və mühasibə şərti ilə (yəni öz əməlləri haqqında özünə hesabat verərək) Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar”

Bir nəfər Peyğəmbərdən soruşdu: “Qədr gecəsində oyaq qalsam, Allahdan nə istəyim?” Peyğəmbər cavab verdi: “Afiyət (sağlamlıq)”

Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Bu gecələrin ən yaxşı əməlləri bağışlanma istəmə və dua etməkdir. Dualarda özünün, ata-ananın, mömin qardaş və bacıların istər diri, istərsə də dünyadan köçmüş olsalar dünya və axirət hacətlərini istəməkdir. Zikrləri demək və bacardığı qədər Məhəmməd və ali Məhəmmədə salavat göndərmək. Bəzi rəvayətlərdə gəlib ki, bu üç gecədə “Cəvşən kəbir” duası oxunsun.

Qədr gecəsində yerinə yetirilməsi bəyənilən əməllərdən bəzilərini nəzərinizə çatdırırıq:

1. Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: «Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük savabı vardır.
2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul   olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: «İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.»
3. Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: «ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.»

4. Qədr gecəsinin namazı: Qədr gecəsində qılınan namazın böyük şərəfati vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: «Qədr gecəsinin namazını qılıram qürbətən ilallah». Sübh namazı kimi iki rəkətlidir.Hər rikətdə "Həmd" surəsindən sonra 7 dəfə mübarək «İxlas» surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyilir.

İmam Sadiq (ə) buyurur: «Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar.»

5. Quran oxumaq
6.Peyğəmbər(s) və onun Əhlibeytinə(ə)bacardığınız qədər salavat göndərmək;

7.Bacardığınız qədər istiğfar etmək(Allahdan bağışlanmaq istəmək) -"Əstəğfirullahə rəbbi və ətubu iləyh"
8. İmam Əlinin(ə) ziyarətini oxumaq;
9. İmam Əlinin(ə) qatilinə yüz dəfə lənət oxumaq: “Allahumməl’ən qətələtə əmirəl-mu’minin”;
10.İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinin(ə) bu gecəyə aid ziyarətnaməsini oxumaq;

11. 100 (Yüz) rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)

12.Quranı başa qoyub Allahu-təalanın (c.c.), peyğəmbərin və imamların adlarına and verməklə Allahu-təaladan (c.c.) günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: «Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam». Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: «Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu cəhənnəmə tərəf yönəldər.» (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)

Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and verməyin mənası budur ki, «Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm.»

İmam Hüseyni (ə) ziyarət etmək.

Belə bir rəvayət var: “Qədr gecəsi yeddinci səmadan, ərşin üstündən bir carçı car çəkərək deyər:

“Allah İmam Hüseynin (ə) ziyarətinə gələn bütün şəxsləri bağışladı”.

Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq).

: Yüz rəkət namaz (əlli dəfə iki rəkətli namaz) qılmaq.

Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rəkətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunsun.

Bu duanı oxumaq:

“اَللّهُمَّ اِنّى اَمْسَيْتُ لَكَ عَبْداً داخِراً لا اَمْلِكُ لِنَفْسى نَفْعاً وَلا ضَرّاً وَلا اَصْرِفُ عَنْها سُوءاً اَشْهَدُ بِذلِكَ عَلى نَفْسى وَاَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتى وَقِلَّةِ حيلَتى فَصَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَاَنْجِزْ لى ما وَعَدْتَنى وَجَميعَ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ مِنَ الْمَغْفِرَةِ فى هذِهِ اللَّيْلَةِ وَاَتْمِمْ عَلَىَّ ما اتَيْتَنى فَاِنّى عَبْدُكَ الْمِسْكينُ الْمُسْتَكينُ الضَّعيفُ الْفَقيرُ الْمَهينُ اَللّهُمَّ لا تَجْعَلْنى ناسِياً لِذِكْرِكَ فيما اَوْلَيْتَنى وَلاغافِلاً لاِِحْسانِكَ فيما اَعْطَيْتَنى وَلا ايِساً مِنْ اِجابَتِكَ وَاِنْ اَبْطَاَتْ عَنّى فى سَرّآءَ اَوْ ضَرّآءَ اَوْ شِدَّةٍ اَوْ رَخآءٍ اَوْ عافِيَةٍ اَوْ بَلاءٍ اَوْ بُؤْسٍ اَوْ نَعْمآءَ اِنَّكَ سَميعُ الدُّعآءِ”

Duanın oxunuşu:

“Əllahummə inni əmsəytu ləkə 'əbdən daxira, la əmliku linəfsi nəf'ən və la zərra, və la əsrifu 'ənha su'a, əşhədu bizalikə 'əla nəfsi, və ə'tərifu ləkə biz'əfi quvvəti, və qilləti hiləti, fəsəlli 'əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və'ədtəni, və cəmi'l-mu'mininə vəl-mu'minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni 'əbdukəl-miskinul-mustəkinuz-zə'iful-fəqirul-məhin, əllahummə la təc'əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə'təytəni, və la ayisən min icabətikə, və-in əbtə'ət 'ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa'in əv 'afiyətin əv bəla'in əv bu'sin əv nə'ma'ə, innəkə səmi'ud-du'ai”.

Duanın tərcüməsi:

“İlahi bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyinə və çarəmin azlığına etiraf edirəm. İlahi Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum istərsə də narahat, istər çətinlikdə olum istərsə də asanlıqda, istər sağlamlıqda olum istərsə də bəlada, istər ehtiyacda olum istərsə də nemətdə. Həqiqətən sən duaları eşidənsən!”

Kəf'əmi rəvayət edib ki, İmam Zeynəl-abidin (ə) bu duanı bu gecələrdə ayaq üstə (qiyam halında), oturduqda, rüku və səcdə halında oxuyurdu.

Gecənin qeyd olunan xüsusi dua və ziyarətlələri ilə aşağda qeyd olunan linkdən tanış ola bilərsiniz

http://ahlibeyt.az/news/a-5382.html

Allah bu mübarək gecədə qılınan namaz və dualarınızı qəbul etsin!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2016  19:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!