|
Prezident İlham Əliyev: Status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlərXarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Ahlibeyt.az-ın məlumatına görə, bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı çıxışı zamanı Dağlıq Qarabağ probleminə toxunaraq qeyd edib ki,Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır. Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur. Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik. O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır. Bir daha demək istəyirəm ki, Azərbaycan dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi bir ölkədir. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi, millətçi qruplar, Azərbaycana daim nifrətlə yanaşan insanlar bütün bu müsbət meyilləri pozmaq, üzərindən xətt çəkmək istəyirlər. Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və hesab edirəm ki, Vyana görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni, mənalı danışıqlar başlasın. Bununla bərabər, əlbəttə, biz gələcəkdə də hərbi gücümüzü artırmalıyıq və artırırıq. Neçə ildir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. Mən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2016 12:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |