إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İmam Zaman(ə.f) və xüsusi naiblər

İmam Həsən Əskəri (ə) 260-cı h.q. ilində vəfat etdikdən dərhal sonra “qeybəti-süğra” (kiçik qeyb dövrü) başlandı və imam Mehdinin (ə) son naibinin vəfat etdiyi 329-cu ilə qədər davam etdi. Ondan sonra “qeybəti-kübra” (böyük qeyb dövrü) başladı.

Kiçik qeyb dövründə imam Mehdi (ə) xüsusi dörd naibinin vasitəsilə şiələrlə əlaqə saxlayır, onların iqtisadi, etiqadi və fiqhi-dini məsələlərini həll edirdi. O həzrətlə şiələr arasındakı vasitələr dörd nəfərdən ibarət idi. Onlar bu ağır vəzifəni qəbul etmiş və imam Mehdinin (ə) “xüsusi naibləri” adı ilə tanınmışdılar. Həmin naiblər müxtəlif şəhərlərdəki şiə nümayəndələri ilə əlaqə saxlayır, şiələrin məktub və istəklərini o həzrətə çatdırırdılar. İmam Mehdi (ə) də məktub vasitəsilə onları cavablandırırdı.

O həzrətin xüsusi naiblərinin adları və o həzrətin əmri ilə gördükləri işlərnə qısa şəkildə nəzər yetirək:

1. OSMAN İBN SƏİD ƏMRİ SƏMMAN
O, imam Mehdinin (ə) ilk naibidir və siyasi-məzhəbi fəaliyyətlərini gizli saxlamaq məqsədilə yağ ticarətilə məşğul olmuş və Səmman ləqəbilə tanınmışdır. Osman o həzrətə yetişəcək malları yağ qutularında yerləşdirərək İmama çatdırırdı. Şeyx Tusi “Əl-qeybət” adlı dəyərli kitabında Osman ibn Səiddən bəzi rəvayətlər nəql edərək yazır: “O, Əsəd qəbiləsindən olub imam Həsən Əskərinin (ə) vəkillərindən sayılırdı. Ondan əvvəl də imam Hadinin (ə) etimad etdiyi şəxslər sırasında idi. İmam Hadi (ə) onu etimadlı səhabə kimi tanıtdırmışdı. Yəmən şiələrindən bir qrupu imam Həsən Əskərinin (ə) hüzuruna gəldikdə, o həzrət Osman ibn Səidi öz vəkili tanıtdıraraq onların hüzurunda gətirdikləri malları ona həvalə etdi. İmam Həsən Əskəri (ə) dünyadan köçdükdən sonra Osman ibn Səid o həzrətə qüsl verdi, kəfənlədi və pak bədənini qəbrə qoydu.” (“Əl-qeybət”, Şeyx Tusi, s. 215-217.)

2. ƏBU CƏFƏR MƏHƏMMƏD İBN OSMAN İBN SƏİD ƏMRİ
İmam Mehdinin (ə) ikinci xüsusi naibi Əbu Cəfər Məhəmməddir. Onun atası Osman ibn Səid Əmri vəfat etdikdən sonra, imam Mehdi (ə) ona bir məktub yazaraq başsağlığı və xeyir-dua verdikdən sonra işləri ona tapşırdı. O da atası kimi imam Həsən Əskərinin (ə) etimadlı və yaxın səhabələrindən idi. Necə ki, o həzrət bir rəvayətdə bu barədə belə buyurmuşdur: “Əmri və oğlu – hər ikisi etimadlı şəxslərdən, sizə çatdırdıqları və dedikləri mənim tərəfimdəndir. Onların sözünə qulaq as və onlara itaət et. Həqiqətən, onlar etimadlı və əmanətdardırlar.” (“Əl-qeybət”, Şeyx Tusi, s. 219.)
“Qülüvv” əhlindən (ifratçılar) bəziləri ona müxalif olsalar da, yenə şiələrin əksəriyyəti ona itaət etdilər və onun ədalətli olmasında əsla şübhəyə qapılmadılar. O, 305-ci ilə qədər yaşamış, İmamla xalq arasında vasitəçilik və İmamın müxtəlif məntəqələrdəki ümumi vəkillərinə nəzarət edərək onlara istiqamət vermiş və naib olduğu müddətdə İmam tərəfindən naibliyini təsdiq edən məktublar gətirmişdir. Şeyx Tusinin qeydlərinə görə, onun hədislə bağlı qələmə aldıqları Hüseyn ibn Ruh və ondan sonra Əbülhəsən Səmuriyə çatmışdır. (“Tənqihul-məqal”, Əllamə Mamqani, c. 3, s. 149.)

3. ƏBÜLQASİM HÜSEYN İBN RUH
Əbu Cəfər Əmrinin etimad etdiyi və Bağdaddakı yaxınlarından sayılan Hüseyn ibn Ruh da imam Mehdinin (ə) üçüncü xüsusi naibidir. Əbu Cəfər müraciət edənləri Hüseyn ibn Ruhun yanına göndərməklə onun xüsusi naibliyinə zəmin hazırlayırdı. Ömürünün son günlərində imam Mehdinin (ə) əmrilə onu öz yerinə naib təyin etdi və ondan sonra şiələr dini vergilərini ödəmək üçün ona müraciət edirdilər. İqbal “Xanədani-Növbəxti” kitabında Hüseyn ibn Ruh haqqında geniş rəvayətlər nəql etmiş və onun ana tərəfindən Növbəxti xanədanından olduğunu söyləmişdir. Bunun səbəbi də onun qumlu olması ilə əlaqəlidir. Hüseyn ibn Ruh imam Həsən Əskərinin (ə) səhabələrindən idi. O, Əbu Əli ibn Həmmam, Əbu Abdullah ibn Məhəmməd Katib, Əbu Abdullah Bəqtani, Əbu Səhl İsmayıl ibn Əli Növbəxti, Əbu Abdullah ibn Vəcna və Bağdaddakı digər şiə böyüklərinin hüzurunda Əbu Cəfər Əmrinin canişini kimi tanıtdırılmışdır. (“Əl-qeybət”, Şeyx Tusi, s. 226-227.)

Əbu Cəfərin qızı Ümmü-Gülsüm bir rəvayətdə Hüseyn ibn Ruhun atası Əbu Cəfərin zamanındakı böyük rolunu və şiələr arasındakı mühüm mövqeyini geniş şəkildə açıqlamışdır. Eyni zamanda, o, Abbasi xəlifəsi Müqtədirin vəziri və şiə tərəfdarlarından olan Ali-Fəratın dövründə xilafətə nüfuz etdi. Lakin şiə müxaliflərilə əməkdaşlıq edən Hamid ibn Abbas iş başına gəldikdə, Hüseyn ibn Ruha çətinliklər yaratdı. 311-ci h.q. ilində Hamid ibn Abbas hakimiyyətə gəldiyi zaman Hüseyn ibn Ruhu zindandan azad etdi. 317-ci ilə qədər onun həyat tarixi haqqında əlimizdə dəqiq məlumat yoxdur. Yalnız bunu deyə bilərik ki, o, 312-ci ildən 317-ci ilə qədər zindanda olmuşdur. Ondan sonra 326-cı ilin Şaban ayına qədər – o, bu tarixdə dünyadan köçmüşdür – Bağdadda böyük mövqeyə sahib idi və Növbəxti sülaləsi hakim dairələrdə nüfuz sahibi olduğundan kimsə ona əziyyət edə bilmirdi.
İqbal yazır: “Əbülqasim Hüseyn ibn Ruh dost və düşmənin etirafına əsasən, öz zamanının ən zəkalı və ağıllı insanlarından idi.” (“Xanədani-Növbəxti”, Abbas İqbal, s.221.)

4. ƏBÜLHƏSƏN ƏLİ İBN MƏHƏMMƏD SƏMURİ
O da imam Mehdinin (ə) dördüncü xüsusi naibi olmuşdur. Əli ibn Məhəmməd imam Mehdinin (ə) əmrilə Hüseyn ibn Ruh tərəfindən xüsusi naibliyə seçilmiş və 329-cu ilə qədər, təqribən, üç il bu vəzifədə çalışmışdır. Əbülhəsən Bəsrənin ətraf kəndlərdən idi. Bəzi tarixçilərin qeydlərinə görə, İsmayıl ibn Salehin oğulları Həsən və Məhəmmədin Bəsrədə çoxlu mülkü var idi. Onlar mülklərindən gələn gəlirin yarısını imam Həsən Əskəriyə (ə) vəqf etmişdilər. O həzrət hər il həmin gəliri alır və onlarla məktublaşırdı. (“İsbatul-vəsiyyət”, s. 246-247; “On ikinci imamın qeybətinin siyasi tarixi”, s. 210.)

Həqiqətdə, Səmurinin həyatında baş verən ən mühüm dəyişiklik imam Mehdinin (ə) ona bir məktub yazaraq yaxın bir zamanda vəfat edəcəyi xəbərini verməsi idi. Səmuri ölümündən bir neçə gün əvvəl bu məktubu imam Mehdidən (ə) almışdı. Bu məktubda “böyük qeyb” dövrünün başlanacağı bildirilmişdi.

Məktubda qeyd olunur:

“Allah sənin yoxluğunda qardaşlarına böyük əcr versin. Altı gün içində vəfat edəcəksən, işlərini tamamla və kimsəni yerinə təyin etmə ki, “böyük qeyb” dövrü gəlib çatmışdır və mən Allahın izni olmadan zühur etməyəcəyəm, bu (zühurum) da insanların ürəkləri tamamilə bərkidikdən, qəsavətləşdikdən və yer üzü zülm və haqsızlıqla dolduqdan sonra baş verəcək. Bu vaxt bəziləri şiələrimizə mənimlə rabitədə olduğunu və görüşdüyünü iddia edəcək. (Zühur nişanələrindən olan) Süfyani gəlməmişdən və səmavi nida eşidilməmişdən öncə, hər kəs belə bir iddiada olsa yalançıdır.” (“Əl-qeybət”, Şeyx Tusi, s.243.)

Mənbə Maide.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2016  12:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!