إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

QMİ sədri İran İslam Respublikası Prezidentinin müavinini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 27-də İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifəri qəbul edib.

Ahlibeyt.az-ın  QMİ mətbuat xidmətinə istibnadən məlumatına görə,səmimi şəraitdə keçən görüşdə Azərbaycan və İran xalqları arasında qədim tarixə malik mədəni, dini-mənəvi əlaqələrin buğünkü inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Təzəpir məscidini ziyarət edən, Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası və muzeyi ilə tanış olan İranlı qonaq burada qorunub saxlanılan qədim, nəfis tərtibatlı Quran kitabları, nadir dini ədəbiyyatın zənginliyini yüksək qiymətləndirdi. O, bildirdi ki, Bibheybət məscidini də ziyarət etmiş, habelə şəhərimizlə tanış olmuşdur və Azərbaycanda dini-mədəni abidələrə, tarixi irsə olan ali səviyyədə diqqət və qayğını olduqca yüksək dəyərləndirir.

İran İslam Respublikasını BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal   Forumunda təmsil etməkdən məmnun olduğunu vurğulayan M. Soltanifər,  Forumun Bakıda yüksək səviyyədə təşkilinə görə xalqımızı təbrik etdi. Azərbaycana hər səfərində şahidi olduğu müsbət dəyişikliklərdən şad olduğunu və Şeyxülislamla görüşmək imkanından məmnunluğunu bildirən qonaq bu növ qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərimizin səviyyəsinin daha da yüksəlməsinə dəlalət etdiyini və ümumi mənafelərimizə xidmət etdiyini xüsusi vurğuladı.

İranlı ali qonağa Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, müxtəlif din mənsubları olar vətəndaşlarımızın bir ailə kimi yaşaması, dini tələbat və qayğılarının eyni dərəcədə ödənilməsi, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi İslami irsimizə diqqət göstərilməsi barədə məlumat verən Şeyxülislam A.Paşazadə, bu sahədə siyasi iradənin böyük rol oynadığını, Azərbaycanın dövlət başçısı tərəfindən dini tolerantlıq və multikulturalizmin dəstəklənməsinin mühüm önəm kəsb etdiyini vurğuladı. QMİ sədri əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müdrik dövlətçilik siyasətinin tərkib hissəsi kimi multikulturalizm, milli və dini tolerantlığın Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsinin ölkəmizin uğurlarında əhəmiyyətli rol oynadığını qonağın diqqətinə çatdlrdı.

Azərbaycanın Qarabağla bağlı probleminə İranın həssas münasibətinin böyük dəyər kəsb etdiyini vurğulayan QMİ sədri, xalqımızın haqq işinin qələbə çalacağına əmin olduğunu və İran dövlətinin bu problemin beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllinə yardımçı olan bütün səylərinə görə təşəkkürlərini bildirdi.

Azərbaycanın işğal olunmuş ərazilərində məscid və ibadətgahlarımızın, qəbirstanlıqlıqlarımızın dağıdıldığını İran İslam Respublikası Prezidentinin müavini, mədəni irs, əl işləri və turizm təşkilatının sədri Məsud Soltanifərin diqqətinə çatdıran Şeyxülislam A. Paşazadə  ümumislam mədəniyyət xəzinəsinin tərkib hissəsi olan bu məkanların, inşallah, Azərbaycan dövləti tərəfindən yenidən bərpa ediləcəyi üçün dualar etdiyini bildirdi.

Görüşdə İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pak Ayin iştirak etdi.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olundu.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Aprel, 2016  16:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!