إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

15 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Mübariz Qurbanlı məhbusların ibadət otaqları ilə yaxından tanış olub və müəssisənin kitabxanasına DQİDK-nın nəşri olan kitablar hədiyyə olunub.

Ahlibeyt.az-ın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 15 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin “Cəmiyyət və cəza” jurnalının baş redaktoru, ədliyyə polkovniki Mehman Sadıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar Xidmət arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, bu cür tədbirlər məhbusların cəzadan azad olunduqdan sonra sosial adaptasiyasına şərait yaradılması, eyni zamanda dini radikalizm təhlükəsindən uzaq olmaları məqsədilə keçirilir.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam dinin yaranma tarixi, inkişafı, Azərbaycanda İslamın yayılması ilə bağlı ətraflı çıxış edib. Bildirib ki, Azərbaycanda əhalinin mütləq əksəriyyətinin İslam dininin daşıyıcıları olmasına baxmayaraq, dövlətimiz tərəfindən bütün dinlərə, konfessiyalara eyni şərait yaradılıb.

Dövlət Komitəsinin dini maarifləndirmə məqsədi ilə müxtəlif tədbirlər, konfranslar və seminarlar təşkil etdiyini bildirən Mübariz Qurbanlı, bu işlərin əhalinin dinlə bağlı bilgilərinin sürətlə artırılmasına xidmət etdiyini vurğulayıb.

Komitə sədri dini radikalizmin yaranması səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. O qeyd edib ki, ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscidlərlə yanaşı, kilsə və sinaqoqların fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib.

Məhbuslar arasında maarifləndirici işlərin aparılmasının onların radikal dini cərəyanların fəaliyyətinə meyil etməməsinə müsbət təsir göstərdiyini deyən Mübariz Qurbanlı qeyd edib ki, dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin törədilməsinə qanunlarımız yol vermir. Komitə sədri Azərbaycanda dini radikalizmə qarşı mübarizənin qanun çərçivəsində aparıldığını və bu mübarizədə ən effektiv vasitənin maarifləndirmə işi olduğunu vurğulayıb.

Aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində qoşunların təmas xəttində yaranan gərginlikdən danışan Komitə sədri vurğulayıb ki, ordumuz bizim qürur mənbəyimizdir. Son hadisələr bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı hərb yolu ilə geri qaytara bilər. Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, bizim döyüş yerimiz, cihad meydanımız Qarabağdır.

Tədbirin sonunda məhbusları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra Mübariz Qurbanlı məhbusların ibadət otaqları ilə yaxından tanış olub və müəssisənin kitabxanasına DQİDK-nın nəşri olan kitablar hədiyyə olunub.

Görüşdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin  rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev iştirak ediblər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2016  11:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!