إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlahiyyatçı Elşən Mustafayevin ailəsi prezidentə müraciət etdi

İlahiyyatçı Elşən Mustafayevin həyat yoldaşı Vüsalə Mustafayeva: “Ölkə Prezidentinə müraciət edərək ondan xahiş edirəm ki, həyat yoldaşım Elşən Mustafayevin həbsdən azad olunmasında bizə kömək etsin”

Ahlibeyt.az-ın Musavat.com-a istinadən məlumatına görə, 2014-cü ilin dekabrında həbs olunmuş ilahiyyatçı Elşən Mustafaoğlunun ailəsi ölkə başçısına müraciət edərək kömək istəyib.

Hazırda DTX təcridxanasında saxlanılan ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafayevin həyat yoldaşı Vüsalə Mustafayeva media vasitəsilə ölkə Prezidentinə müraciət edərək həyat yoldaşının azad edilməsinə kömək göstərilməsini istəyir. Həyat yoldaşı yazır ki, ilk vaxtlar ailəsi Elşən Mustafaoğlunun həbsində hansısa anlaşılmaslığın rolunun olduğunu düşünüb. Bu səbəbdən də hadisənin ictimailəşdirilməsinə gərək duymayıb: “Həyat yoldaşımın günahsız olduğuna əmin olduğum üçün əvvəl bu anlaşılmazlığa tez bir zamanda aydınlıq gətiriləcəyinə və onun azad olunacağına inanırdım. Bu səbəbdən də bu barədə mətbuata da bir açıqlama vermək istəmirdim. Elşənin özü də dəfələrlə həbs müddətinin uzadılması üçün keçirilən məhkəmələrdə günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini bildirib. Mən buradan ölkə Prezidentinə müraciət edərək ondan xahiş edirəm ki, həyat yoldaşım Elşən Mustafayevin həbsdən azad olunmasında bizə kömək etsin”.


Qeyd edək ki, ilahiyyatçı Elşən Mustafaoğlunun üç azyaşlı övladı var. Müraciətdə E.Mustafaoğlunun həbsindən sonra həyat yoldaşının xəstəliyinin bir az da şiddətləndiyi, ailənin durumunun yaxşı olmadığı bildirilir. Elşən Mustafayevin heç bir yaxın qohumu (ata, ana, qardaş və bacı) yoxdur.


Xatırladaq ki, Qafqaz müsəlmanları İdarəsində çalışan ilahiyyatçı Elşən Mustafaoğlu 2014-cü ilin dekabrın ortalarında saxlanılıb. Əvvəlcə onun saxlanılması haqda mətbuata məlumat verilməsə də, sonradan onun dövlətə xəyanətdə ittiham olunduğu haqda məlumatlar yayıldı. Ancaq bu günə qədər onun vəkilinin kimliyi, barəsində aparılan istintaq işinin gedişatı haqda ictimaiyyətə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycanda və İranda ali təhsil alıb. 2007-ci ildə Bakı Dövlət Universitetində Fəlsəfə tarixi üzrə elmi iş müdafiə edərək fəlsəfə doktoru adı alıb. Bundan başqa 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub. 2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.

30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2016  13:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!