إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Sumqyıt şəhər "Cümə" məscidi və Kürdəmir Bulaqlı kənd məscidi icmaları maarifləndirici tədbirlər keçirib

Aprelin 14-də digər maarifləndirmə tədbiri “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində Sumqayıt “Cümə” məscidində keçirilib.

Ahlibeyt.az-ın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin  mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,tədbirdə Sumqayıt “Cümə” məscidi dini icmasının sədri və axundu Rauf Sərdarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə, axund müavini Fərrux Miriyev, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Sumqayıt “Cümə” məscidi dini icmasının sədri və axundu Rauf Sərdarov Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində nümunəvi fəaliyyətindən danışıb.

Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Kəlbizadə “Multikulturalizm milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda çıxış edib. O qeyd edib ki, multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlir və milli-mənəvi dəyərlərinin tərkib hissəsidir. Azərbaycançılıq ideologiyasının təməlində də multikulturalizm prinsiplərinin dayandığını qeyd edən natiq 2016-cı ilin “Multkulturalizm ili” elan edilməsinin həm də dünyaya bir mesaj olduğunu vurğulayıb.

Axund müavini Fərrux Miriyev “Tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda çıxış edib. Sonda tədbir iştirakçılarına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi ilə nəşr edilmiş təbliğat vəsaitləri təqdim edilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

* * *

Sabirabad rayonu  Bulaqlı  kənd məscidi dini icmasının Milli-mənəvi dəyərlərimiz və  müasirlik layihəsi çərçivəsində “İslamda Vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov, Vüqar Quliyev adına Bulaqlı kənd tam orta məktəbin direktoru  Nasir Cövdətov,  Bulaqlı kənd bələdiyyə üzvü  Əli Səlimov, Bulaqlı kənd Mədəniyyət evinin  rəhbəri Pərviz Abdullayev, ziyalılar, kənd ağsaqqalları və gənclər  iştirak ediblər.

Tədbirin əvvəlində cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov  müqəddəs dinimizdə Vətən, torpaq sevgisi, o cümlədən şəhidlik zirvəsi haqqında geniş məruzə edib.

Daha sonra   çıxış edən DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov qeyd edib ki, xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2016  09:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!