إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan, İran və Rusiya XİN rəhbərləri yekun açıqlama ilə çıxış ediblər

Aprelin 7-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrov  arasında üçtərəfli görüş keçirilib.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,görüşdə ölkələrin regional və beynəlxalq məsələlər üzrə dialoq və qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcək xarici işlər nazirlərinin üçtərəfli formatda görüşünün vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov bu formatda keçirilən görüşlərin ölkələrimiz arasında ikitərəfli və üçtərəfli əsasda münasibətlərin daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov,eyni zamanda, həmkarlarını son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı məlumatlandırıb. Qeyd edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə qoşunların təmas xəttində təxribatlar törətməklə, dinc əhalini hədəfə almaqla vəziyyətin gərginləşməsinə, münaqişənin siyasi yolla həllinin çətinləşdirilməsinə çalışır. Ermənistan bu günədək irəli sürülən bütün təkliflərin icrasına maneə olmağa çalışıb.

Nazir bir daha vurğulayıb ki, danışıqlar konstruktiv məcrada davam etdirilməlidir. Ermənistan tərəfi də BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmalıdır. Münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür.

Görüşün sonunda nazirlər yekun bəyanatla çıxış ediblər.Mətbuat açıqlamasında bildirilir:

Tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək və gücləndirmək barədə razılığa gəliblər.

Xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn ümumqəbulolunmuş norma və prinsiplərinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə onlar, həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğulayıblar.

Tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər. Onlar iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahələrində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəliblər.

Xarici işlər nazirləri ticari-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşvıqinin zəruriliyini vurğulayıblar. Sərmayə layihələrinin reallaşdırılması və yeni texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzrə maraqlarını ifadə ediblər.

Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzmli olduqlarını təsdiq ediblər. Onlar Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.

Nazirlər etiraf ediblər ki, təhlükəsiz və etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək və onların xalqlarının rifahına töhfə verəcək. Tərəflər bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında avtomobil və dəmir yolu, dəniz nəqliyyatının və yüklərin daşınma vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq ediblər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini qeyd ediblər.

Tərəflər sahəvi qurumlar və təşkilatlar formatında yuxarıda qeyd edilən istiqamətlərin müzakirəsi mövzusunda razılığa gəliblər.

Nazirlər öz ölkələrinin dövlət başçılarının təlimatına uyğun olaraq, birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanması ilə bağlı razılıq əldə ediblər.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2016  18:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!