|
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edibBakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər. Ahlibeyt.az-ın məlumatına görə, Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər. Milli geyimli oğlanlar və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər, dövlətimizin başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırdılar. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Ölkə başçısı bayram şənliyində çıxış edib: "Hörmətli həmvətənlər! Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram. Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləmişlər. Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin vaxtlarımızda belə gələcəyə inamımızı zəifləməyə qoymamışdır. O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynamışdır. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır. Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq YUNESKO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə bayramı ölkəmizin hüdudlarından kənarda bizimlə bərabər qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm. Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin. Novruz bayramınız mübarək olsun!" Qeyd edək ki, Qız Qalasından start götürən bayram tədbiri Dənizkənarı Milli Park boyunca davam edəcək və Muzey Mərkəzinin qarşısında sona çatacaq. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2016 13:09 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |