إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan Prezidenti İlham Əliyev IV Qlobal Bakı Forumunun açılışında iştirak edib

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb.

Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev  bildirib ki, multukulturalizm dəyərlərinin təşviqi ilə bağlı Bakı Prosesi və digər tədbirlər keçirilib: “Bir aydan sonra BMT-nin Sivilizasiyalararası Forumunu keçirəcəyik. Siyasətçilər məsuliyyətli olmalıdırlar. Media təmsilçiləri də məsuliyyətli olmalıdırlar. Ancaq şahidi oluruq ki, xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bu, bizi təcrid olunmağa aparır. Biz hamımız bir-birimizə bağlıyıq. Avropa və Orta Şərq arasında məsafə çox olsa da, insanların ailəsi üçün sığınacaq tapmaq cəhdlərini dayandıra bilməzsiniz. Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz, hamımız bir-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik”.


Dövlət başçısı  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, problem həllini tapdığı halda 1 milyona yaxın qaçqın və köçkün öz torpaqlarına qayıdacaq: “Ermənistan işğalı davam etdirdikcə isə özünü daha da təcrid vəziyyətinə salır. Nəticədə yoxsulluq artır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bütün dövlətlər, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qoşunların torpaqlarımızdan çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmi müzakirə mövzusu olmalıdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə dəqiqəyə, saata icra olunur, bizə gələndə isə yerinə yetirilmir”.

 

Tədbirdə Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Albaniya Prezidenti Buyar Nişani, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili çıxış etdilər.

Daha sonra Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktub oxundu. Məktubu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq oxudu.

Kanadanın Baş naziri Castin Trudeaunun, UNESCO-nun baş direktoru İrina Bokovanın Forum iştirakçılarına videomüraciətləri nümayiş etdirildikdən sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış etdi.

Qeyd edək ki, Dördüncü Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İki gün davam edəcək tədbirdə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə ediləcək. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Mart, 2016  11:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!