|
"Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı olub(Foto)Fevralın 19-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanmış və nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov son iki yüz ildə Azərbaycan xalqının dəfələrlə deportasiyalara, soyqırımlarına və repressiyalara məruz qoyulduğunu vurğulayıb. Bildirilib ki, xalqımızın başına gətirilən faciələrin tarixini araşdırmaq və onu dünya ictimaiyyətinə çatdırmaq yalnız dövlət müstəqilliyimizi bərpa etdikdən sonra mümkün olub. Tariximizlə bağlı nəşr olunan elmi əsərlər barədə fikirlərini bildirən M.Əhmədov “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının əhəmiyyətini vurğulayıb. Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov zaman-zaman Azərbaycan xalqına qarşı dəhşətli soyqırımları həyata keçirildiyini bildirib. Qeyd olunub ki, böyük dövlətlərin köməyi ilə qəsbkar ermənilər Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen türk-müsəlman əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstəriblər. Bolşevik şineli geyinmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünülərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı soyqırımları 1918-ci ilin mayında İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat-Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilib. Kütləvi soyqırımları 1914-1918-ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc türk-müsəlman əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin bu gün də davam etdirildiyini qeyd edən Y.Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb, bədnam düşmənin torpaqlarımızda, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi qanlı faciələri xatırladıb. Y.Mahmudov azərbaycanlılara qarşı törədilən soyqırımları ilə əlaqədar ümummilli lider Heydər Əliyevin imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin tariximizin daha dərindən araşdırılmasına xüsusi önəm verdiyini vurğulayan Y.Mahmudov dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini söyləyib. Tarix İnstitutunda bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər reallaşdırılır. Son illərdə institutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarla bağlı materialları əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətiriblər. Həmin sənədlər əvvəlcə toplular şəklində çap olunub, sonra isə elmi-tədqiqat dövriyyəsinə cəlb olunaraq ayrı-ayrı regionlar üzrə əsərlər yazılıb və nəşr edilib. Y.Mahmudov qeyd edib ki, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı Şərqi Anadoluda, İrəvan quberniyasında və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsərdir. Kitabın yazılmasında arxiv materialları ilə yanaşı, Hərbi Prokurorluqda yaradılmış Memorial Soyqırımı Muzeyində saxlanılan fotosənədlərdən də istifadə edilib. Alim bildirib ki, hazırda Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları Memorial Soyqırımı Muzeyində saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitab hazırlayırlar. Azərbaycan Respublikasının hərbi prokuroru, əməkdar hüquqşünas, general-leytenant Xanlar Vəliyev məkrli ermənilərin əsrlər boyu qəsbkarlıq siyasəti apardıqlarını, torpaqlarımızda qanlı cinayətlər törətdiklərini bildirib. Xalqımıza qarşı törədilən soyqırımına ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verildiyini qeyd edən hərbi prokuror tarixi həqiqətlərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyini vurğulayıb. “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı barədə fikirlərini bölüşən X.Vəliyev, eyni zamanda, soyqırımı anlayışının hüquqi-siyasi məzmunundan, müvafiq konvensiyalardan, Azərbaycan xalqına qarşı ayrı-ayrı tarixi dövrlərdə həyata keçirilmiş soyqırımı cinayətlərindən, terror aktlarından ətraflı bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan X.Vəliyev düşmən tərəfindən zəbt edilmiş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini bildirib. Digər çıxış edənlər də təqdim olunan kitabın əhəmiyyətindən danışıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2016 20:49 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |