إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İlham Əliyev - “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib. İlham Əliyev nitqində deyib:

“İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılışı münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bugünkü mərasimdə ölkəmizin hər bir bölgəsindən din xadimləri, nümayəndələr iştirak edirlər. Onları mən dəvət etmişəm. Çünki “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq bu abidəni qorumuşdur, qoruyur və bundan sonra da qoruyacaqdır. “İmamzadə” bizim milli sərvətimizdir. Bir neçə il bundan əvvəl dini mədəniyyət abidəsinin yenidən qurulması və əsaslı təmiri üçün mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır, işlər başlanmışdır və bu işlər bu gün göz qabağındadır. Yeni məscid, mərasim zalı, inzibati binalar tikilmişdir, ərazi genişləndirilmişdir. Bu, Azərbaycan dövlətinin öz milli, dini dəyərlərinə göstərdiyi münasibətdir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilmişdir. Pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri həyata keçirilmişdir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. 2014-cü ildə ölkəmizin ən böyük məscidi – Heydər Məscidi tikilmişdir ki, bu da müsəlman aləminin mühüm tarixi, memarlıq və dini abidəsidir.

Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik. Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunur. Bu, bizi çox narahat edir.

Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm olsun. Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun xətti ilə onlarla tədbir keçirilmişdir. Deyə bilərəm ki, bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Biz bundan sonra da çalışacağıq ki, öz siyasətimizlə, o cümlədən diplomatik səylərlə müsəlman ölkələri arasındakı ixtilafları aradan götürək, gərginliyi azaldaq və bu, bizim borcumuzdur. Biz bunu belə qəbul edirik. Azərbaycanda bütün müsəlmanlar bir ailə kimi yaşayırlar. Tarixdə Azərbaycanda heç vaxt məzhəbçilik zəminində heç bir məsələ olmamışdır. Kiçik anlaşılmazlıq belə olmamışdır, olmamalıdır və olmayacaqdır. Bunun bariz nümunəsi bu yaxınlarda Heydər Məscidində bütün müsəlmanların vəhdət namazı qılmasıdır.

Biz bu istiqamətdə səylərimizi göstərəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan müsəlman aləmində çox böyük nüfuza malik olan ölkədir. Biz bunu təkcə iqtisadi və sosial inkişafımıza görə əldə etməmişik. O cümlədən dinlərarası münasibətlərdə oynadığımız rol bütün müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Mənim müsəlman ölkələrinə səfərlərim, müsəlman ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri dediyimi bir daha təsdiq edir.

Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir. Qeyd etdiyim kimi, Azərbaycanda pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq. Azərbaycanda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Ənənəvi humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları keçirilir. Bu il isə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir ki, bu, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər forumdur. Bu il bu şərəfli missiyanı Azərbaycan öz üzərinə götürür.

Bütün bu işlərin bir məqsədi var ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı təmin edilsin, Azərbaycanda yaşayan bütün insanlar özlərini rahat hiss etsinlər, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilsin, dünya miqyasında Azərbaycanın rolu və bizə olan hörmət, inam, rəğbət daha da artsın. Biz bunu görürük və eyni zamanda, mən tam əminəm ki, əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır. Biz artıq hər il yeni münaqişə ocaqlarını, yeni problemli yerləri görürük. Bu gün daha çox miqrantlar böhranından danışırlar. Mən dövlət başçısı kimi bu məsələ ilə bağlı ölkəmizin mövqeyini dəfələrlə ifadə etmişəm və hesab edirəm ki, belə də olmalıdır. Biz bu məsələyə biganə qala bilmərik. Bu gün xarici müdaxilədən əziyyət çəkən insanlar öz canlarını, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Yolda da onların çoxu ya dənizdə batır, ya başqa yerdə həlak olur. Biz görürük ki, bunlara qarşı münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Bu adamların heç bir günahı yoxdur. Əgər onların ölkələrinə xaricdən müdaxilə olunmasaydı, onlar öz ölkələrində yaşayardılar. Onlar - yaxınlarını itirmiş, qaçqın-köçkün vəziyyətinə düşmüş milyonlarla insan indi sadəcə olaraq öz canını xilas etmək istəyir. Onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir. Onların şəxsiyyəti alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.

Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. O cümlədən bu yaxınlarda Suriya böhranı ilə bağlı Londonda keçirilmiş konfransda çıxış edərkən demişəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən didərgin düşmüşdür. O vaxt bizim nə imkanımız, nə pulumuz var idi, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Biz demək olar ki, təkbaşına o böhranın öhdəsindən gəlirdik. Düzdür, o vaxt - 2010-cu ilə qədər beynəlxalq donor təşkilatları bizə yardımlar edirdilər. Amma təbii ki, o yardımlar 1 milyon insanın tələbatını ödəyə bilməzdi. Yəni, biz bunu təkbaşına etmişik, bu sınaqdan çıxmışıq. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçüb. Ona görə, bəzi hallarda Yaxın Şərqdən köç edən miqrantlara olan belə münasibət başadüşülən deyil.

Bunun digər tərəfi də var. Bu barədə də mən demişəm, bir daha demək istəyirəm. Belə vəziyyət və xüsusilə Qərb mediasında miqrantlarla bağlı gedən birtərəfli antitəbliğat ona gətirib çıxarır ki, Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı artır. Onlar getdikcə daha çox siyasi dəstək alırlar. Əgər bu, belə davam edərsə, bir neçə ildən sonra onlar öz ölkələrində hakimiyyətə gələ bilərlər. Belə olan halda necə olacaq? Belə olan halda dinlərarası münasibətlər necə tənzimlənəcək? Bu gün Avropanın, demək olar, bütün ölkələrinin rəsmi mövqeyi təbii ki, müsbətdir. Avropa hökumətləri, onların bəziləri çalışır ki, miqrantlara layiqli münasibət göstərilsin. Biz bunu da görürük və təqdirlə qarşılayırıq. Ancaq bir daha demək istəyirəm, əgər dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik.

Azərbaycan, əlbəttə ki, dünya miqyasında o qədər də böyük ölkə deyil. Ancaq bizim sözümüzün böyük mənası və çəkisi var. Ona görə, şəxsən mən bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünya birliyinə çatdıranda, eyni zamanda, bunun həll yollarını da göstərirəm. Həll yolları da Azərbaycan nümunəsidir. Nə üçün bu gün bəzi ölkələrdə deyirlər ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizmin gələcəyi yoxdur? Bu, səhv bir fikirdir. Baxın, Azərbaycanda multikulturalizm yaşayır. Baxın, o qədər də böyük müstəqillik tarixi olmayan, böyük çətinliklərlə üzləşən və işğala məruz qalan, heç vaxt bu işğalçının dini mənsubiyyətinə işarə vurmayan ölkə görün, bu məsələləri necə tənzimləyir. Nəyə görə? Çünki dövlət siyasəti aparılır. Bir daha demək istəyirəm, dövlət siyasəti əsas rol oynayır. Digər tərəfdən, bizim din xadimlərimiz bu istiqamətdə çox böyük rol oynayırlar. Xüsusilə şeyx həzrətlərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. O, həm ölkə daxilində, həm MDB məkanında, dünyada Azərbaycanı tolerant, bütün dinlərin birgə yaşadığı ölkə kimi təqdim edir. Bizim digər din xadimlərimiz, - onlar burada əyləşiblər, - bu gün çıxış edəcəklər. Mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların da çoxsaylı xarici səfərləri olur. Bu səfərlərdə də onlar sadəcə olaraq Azərbaycan reallıqları haqqında danışırlar. Yəni, bu, əsas amildir. Eyni zamanda, Azərbaycanın bu modelinin təməlində əlbəttə ki, ictimai fikir də dayanır. Azərbaycan ictimaiyyəti də bu siyasəti tam dəstəkləyir.

Ona görə biz bütün dini bayramları bir yerdə qeyd edirik. Bütün mərasimlərdə bir yerdə iştirak edirik. Bu gün burada pravoslav, yəhudi, katolik icmalarının rəhbərləri öz sözlərini deyəcəklər. Bu, təbiidir, bu, belə olmalıdır. Ancaq əfsuslar olsun ki, bəzi hallarda bəzi ölkələrdə biz bunu görmürük.

Biz öz yolumuzla gedəcəyik. Bu gün Azərbaycan istənilən istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələr də bu modelin nə qədər düzgün olduğunu sübut edir. Biz multikulturalizmlə bağlı əlavə tədbirlər də görəcəyik. Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Keçən il Azərbaycanda Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, sadəcə olaraq İslam və Avropa ölkələri idmançılarının yarışı deyil, bu, bizim ümumi, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz öz məsuliyyətimizi belə qəbul edirik, belə başa düşürük. Biz bu məsuliyyəti ilk növbədə, dövlətimizin, xalqımızın mənafeyi, digər tərəfdən bölgədə sabitliyin bərpası üçün daşıyacağıq. Çünki əgər bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz bu, bizə də təsir edə bilər. Siz də, indi mətbuatı izləyən insanlar, bizim ictimaiyyət də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Biz görürük ki, harada vəziyyət ağırdır bunu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökür, qırır? Heç başa düşmür nəyə görə? Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi. Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz.

Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur.

Bu gün burada bütün Azərbaycan toplaşıbdır. Azərbaycanın hər bir rayonundan nümayəndələr buradadır. Onları salamlayıram. Xahiş edirəm ki, mənim salamlarımı yaşadıqları bölgələrin sakinlərinə çatdırsınlar. Gəncə sakinlərini salamlayıram, təbrik edirəm ki, “İmamzadə” dini-mədəniyyət mərkəzi yeni görkəm alıbdır. Sağ olun, sizə yeni uğurlar arzulayıram.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2016  11:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!