|
QMİ-də dini qurumlarla işin təşkilatçılarının geniş tərkibli görüşü keçirilibQafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirlərinin dini qurumlarla işin təşkilatçıları olan müavinləri ilə geniş tərkibdə görüş keçirilib. Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istindən verilən məlumata görə, tədbirdə idarənin Qazılar Şurasının üzvləri, habelə yerlərdəki səlahiyyətli nümayəndələri, axundlar, imamlar iştirak ediblər. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, dindarlar üçün yaradılan şərait, dini icmaların diqqət və qayğı ilə əhatə olunması, məscid və ibadətgahlarda aparılan təmir, bərpa və yenidənqurma işlərinin miqyası barədə məlumat verib. O, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu müdrik dövlət-din münasibətlərinin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsinin, dövlət tərəfindən dini ibadət məkanlarının böyük qayğı və himayə ilə əhatə olunması, tarixi və müasir məscid komplekslərinin ərsəyə gətirilməsinin dindarlar tərəfindən ürəkdən dəstəkləndiyini vurğulayıb. Şeyxülislam A.Paşazadə daha sonra din xadimlərinin təkmilləşdirilməsi kurslarının uğurları, din xadimlərinin xütbə və moizələrinin keyfiyyətinin artırılması istiqamətində QMİ tərəfindən atılan addımlar, Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi yönündə görülən işlər, habelə Azərbaycan coğrafi reallıqlarına uyğun olan, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə elmi əsaslarla hazırlanmış hicri-qəməri təqvim, Azanın eyni vaxtda verilməsi, dini bayramların dəqiq vaxtı və s. bu kimi milli vəhdət, mənəvi birliyimizə dəlalət edən məqamlar barədə toplantı iştirakçılarını məlumatlandırıb. Şeyxülislam Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi arasında işbirliyinin effektiv qurulması istiqamətində son illər xeyli müsbət keyfiyyət dəyişikliyinin olduğunu məmnunluqla vurğulayıb. QMİ sədri yerli icra hakimiyyətlərində dini qurumlarla bağlı yeni təsisatın yaranmasını da dövlətin din sahəsinə qayğı və diqqətinin nümunəsi kimi dəyərləndirib. Görüşdə iştirak edən ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirlərinin dini qurumlarla işin təşkilatçıları olan müavinlərinə xeyir-dualarını bildirən A.Paşazadə qarşıdakı fəaliyyətlərində onlara uğurlar diləyib, dövlətimizin din sahəsində siyasətinin daha mütərəqqi şəkildə reallaşmasına yardımçı olacaqlarına ümidvar olduğunu vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni yaradılmış təsisat təmsilçilərinə ənənəvi islami dəyərlərimizin qorunub saxlanılmasında uğurlar diləyib, din xadimlərinə QMİ-nin Nizamnaməsində əksini tapan səlahiyyət və vəzifələrini daha artıq səylə gerçəkləşdirmələrini tövsiyə edib. Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da toplantıda iştirak edən yeni təsisat təmsilçilərinə uğurlar diləyərək, “Dini etiqad azadlığı haqqında” Qanunla bağlı daxil olacaq müraciət və rəylərə Azərbaycan parlamentində diqqət göstəriləcəyini bildirib. Azərbaycandakı ənənəvi dini konfessiyaların rəhbərlərindən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev görüşdə çıxış edərək, Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri ilə yanaşı, dövlət-din münasibətlərinin səviyyəsinin də dünyanın başqa ölkələrində müşahidə olunanlarla müqayisədə çox yüksək olduğunu bildiriblər. Görüşdə QMİ sədrinin müavini müfti Salman Musayev də çıxış edərək tövsiyə və təkliflərini səsləndirib. Sonda toplantı iştirakçılarını maraqlandıran suallara cavab verilib, onlara müqəddəs Qurani-Kərim nüsxələri hədiyyə edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2016 12:56 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |