إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb

Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb.

Ahlibeyt.az-ın məlumatına görə,“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb. Bu, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabıdır.

Oxucu ona təqdim edilən bu kitabda klassik şair və yazıçılarımızı tamamilə yeni bir rakursda görəcək. Bu baxımdan kitabda ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir.

Kitabın “Ön söz”ündə qeyd edildiyi kimi, “Eşqdir mehrabı uca göylərin” ideyasını yaradıcılığının cövhəri bəyan edən Nizamidən başlayaraq, “Mənim tanrım gözəllikdir, sevgidir” etirafında bulunan Cavidə qədər Azərbaycan ədəbiyyatı məhəbbət üstündə köklənib. Bu ədəbiyyat yaşadığı bütün ictimai-siyasi dönəmlərdə irqindən, rəngindən, dinindən, dilindən asılı olmadan bütün bəşəriyyəti sevib. Eyni zamanda, həmin ədəbiyyatın sahibi olan Azərbaycan xalqı öz əvəzsiz mənəvi-əxlaqi, ədəbi-bədii töhfəsini də ümumbəşər dəyərlər xəzinəsinə səxavətlə təqdim edib.

Kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, yazarlara, gözəllərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Qeyd edilib ki, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb. Bu isə Prezident İlham Əliyevin dediyi “Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir” sözlərinin əyani göstəricisidir.

Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanır. Bu qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini adekvat göstərən zəngin mənbədir.

“Azərbaycan multikulturalizminin qaynaqları” adlı seriyanın növbəti əsərləri (“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları”) yaxın gələcəkdə işıq üzü görəcək. Bu əsərlər multikultural qaynaqlarımızın çoxşaxəli və çoxistiqamətli olmasının bariz nümunələri kimi təzahür edir.

Həmin seriyanın baş elmi redaktoru Dövlət müşaviri, akademik Kamal Abdulla, tərtibçilər – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Möhsün Nağısoylu, tarix elmləri doktoru, professor Fərid Ələkbərli, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev, rəyçilər – akademik Teymur Kərimli, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə və nəşrə məsul fəlsəfə doktoru Rəşad İlyasovdur.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2016  14:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!