إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

QMİ 20 yanvar faciəsinin növbəti ildönümü ilə bağlı bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin növbəti ildönümü ilə bağlı bəyanat yayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-nin yaydığı bəyanatda qeyd olunub ki,Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 20 Yanvar bizi müstəqilliyə, milli və dini dəyərlərin bərpasına aparan yolda ilk mənəvi qələbə oldu. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi.

Azadlığı, müstəqilliyi Azərbaycan xalqı şəhid verərək qazandı. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb, axirətlərini cənnətdə qazanmışlardır.

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün qəhrəman övladlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir. Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz ən ülvi arzusuna yetişəcəkdir, Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaqdır.

Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərdə 20 Yanvar günü məscidlərdə bu bəyanatın mətninin oxunmasını, «Axund və imamlar üçün xütbə nümunələri»ndə Qarabağ, 20 Yanvar həqiqətləri barədə təqdim olunmuş şəkildə moizələr edilməsini, əziz şəhidlərimizin ruhlarına dualar edilməsini vacib sayır. Uca Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin!

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2016  14:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!