إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanın Milli Qəhrəmanı nişanı və “Şah İsmayıl” ordeni qızıldan olacaq

Azərbaycanın Milli Qəhrəmanı xüsusi nişanı ("Qızıl Ulduz" medalı) və “Şah İsmayıl” ordenin təsviri və tərkibi dəyişdirilir

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Milli Məclisdən APA-ya verilən məlumatda bildirilir ki, bununla bağlı “Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” və “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər edilir.

“Azərbaycan Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nişanın ilgək və halqa vasitəsi ilə 27 mm x 20 mm olan ölçüsü dəyişdirilərək ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə edilir. Qanunun 1.2.2-ci maddəsində isə “qızıl suyuna çəkilmiş” sözləri “qızıldan” sözləri ilə əvəz edilir.

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə ordenin təsviri belə verilir: “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında “Şah İsmayıl” sözləri yazılıb”.

Ordenin hazırda qüvvədə olan təsviri isə belədir: “Şah İsmayıl” ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfi hamar səthlidir, ortasında “Şah İsmayıl” yazılıb, ondan aşağıda ordenin nömrəsi həkk olunub”.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 18-də müzakirəyə çıxarılacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Dekabr, 2015  13:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!