إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahşükür Paşazadə İraqlı rəsmilərlə ziyarətgahlara səfərlərin həyata keçirilməsini müzakirə edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İraqın Xarici işlər nazirinin müşaviri Qeys əl-Amirini qəbul etmişdir.

Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən məlumatına görə,qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə Azərbaycan və İraq dövlətləri arasında dini-mənəvi əlaqələrdən ətraflı danışdı, xalqlarımızı bir-birinə bağlayan dəyərlərin böyük önəm daşıdığını xüsusi vurğuladı.

Azərbaycanda dövlət-din münasibətlərinin və dinlərarası, məzhəblərarası tolerantlığın yüksək səviyyəsi barədə iraqlı qonağı məlumatlandıran QMİ sədri ölkəmizdə dini irsin qorunması, mənəviyyat abidələrinə göstərilən yüksək diqqət və qayğıdan söhbət açdı.

İraqda yerləşən ziyarətgahların Azərbaycanlı zəvvarlar üçün kəsb etdiyi mənəvi dəyərin olduqca böyük olduğunu vurğulayan Şeyxülislam A. Paşazadə azərbaycanlı zəvvarların təhlükəsizliyinin təmin olunacağı təqdirdə Qafqaz Müsəlmanları İdarəsi xəttilə İraqda yerləşən ziyarətgahlara səfərlərin həyata keçirilməsini təmin edə bilər.

Şeyxülislam QMİ-nin beynəlxalq əlaqələri ilə bağlı qonağı məlumatlandıraraq, dini mərkəzin Rusiya, Türkiyə, İran, Gürcüstanda fəaliyyət göstərən nümayəndəliklərinin fəaliyyəti barədə söhbət açdı. QMİ sədri bildirdi ki, gələcəkdə dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi məramı ilə belə bir nümayəndəliyin İraqda da yaradılması nəzərdən keçirilə bilər.

Noyabrın 26-da xidməti vəzifələrini həyata keçirərkən şəhid olmuş azərbaycanlı polislərlə bağlı başsağlığı bildirən İraqın Xarici işlər nazirinin müşaviri Qeys Əl-Amiri Şeyxülislam A.Paşazadənin dəyərli fəaliyyəti barədə məlumatlı olduğunu, onun İslam dünyasında nüfuzlu liderlərdən biri kimi tanındığını xüsusi vurğuladı.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən iraqlı qonaq ölkələrimiz arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində səylərin davam və inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdi.

Qonaq İraqda yerləşən ziyarətgahlara zəvvar səfərlərinin Azərbaycanın dini mərkəzi xəttilə daha  yüksək səviyyədə və təhlükəsiz təşkili üçün əllərindən gələni edəcəklərini və bununla bağlı QMİ-nin ən qısa müddətdə məlumatlandırılacağını diqqətə çatdırdı.

Qonağı İraqın Turizm və Dini Komplekslərinin baş direktoru Mahmud əz-Zeydi və İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Əbdülhəkim müşayiət edirdi. Görüşdə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak edib.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2015  14:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!