إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İnsanın dünya və axirət səadətini təmin edən şadlıqlar

Həzrəti Məhəmməd(s) buyurur: «Mömini sevindirən bizi şad edir, bizi şad edən isə Allahı sevindirir.»

Mötəbər dini mənbələrdə bildirilir ki, mömini sevindirmək böyük ibadətdir. Allah yanında ən sevimli ibadətlərdən biri insanın öz mömin qardaşını sevindirməsidir. İmam Baqir (ə) buyurur: «Allah yanında ən sevimli ibadət möminin qəlbini şadlandırmaqdır»

Əhli-beytdən nəql olunmuş hədislərdə buyurulur ki, mömin bir şəxsi sevindirən Əhli-beyti sevindirir, Əhli-beyti sevindirən isə Allahın Rəsulunu şad edir. İmam Sadiq (ə) belə buyurur: «And olsun Allaha ki, bir mömin qardaşını sevindirən kəs bizi sevindirmiş, Allah rəsulunun qəlbini şad etmişdir»

Aydındır ki, günaha batmaqla başqasını sevindirmək olmaz. Əgər insan öz mömin qardaşını günah yolla şad edərsə nəinki savab qazanmaz, hətta günaha batar. İslam alimlərinin nəzərincə hətta mənasız işlərlə, zarafatla,məsxərəbazlıqla mömini sevindirmək bəyənlilməyən işdir. Əlbəttə ki, istisnalar ola bilər. Əgər bir mömin hansısa ruhi sarsıntılardan bədbinləşmişsə onu bu vəziyyətdən çıxarmaq üçün zarafat, baməzəlik etmək olar.Adi hallarda «Möminun» surəsində buyurulduğu kimi mömin mənasız işlərdən çəkinməlidir.

ŞADLANMAQ FİTRİ İSTƏKDİR

İnsanın fitrətində şadlanmağa meyl var. Qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri şadlıqdır. «Ğaşiyə» surəsinin 8-ci ayəsində oxuyuruq: «O gün bir çox üzlər sevinəcək». «İnşiqaq» surəsinin 9-cu ayəsində buyurulur: «O, (mömin) ailəsinin yaxınlarının yanına sevinclə qayıdacaqdır». Sevinc mənfi hiss deyildir. Behiştə daxil olanlar deyəcək: «Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!» (Fatir- 34.).

İnsan fitrətən şadlıq sorağındadır. Dünya həyatı sevinc və kədərsiz ötüşmür. Təbii olaraq şadlıq ardınca gəzən insan məqsədinə çatmaq üçün müxtəlif yollar axtarır. Bəzən insan bir saat şadlıqdan ötrü günaha batır və ömrünün bütün qalan hissəsini həmin şadlığın əzabını çəkir. Məsələn, narkotik maddələrdən, spirtli içkilərdən duyulan şadlıq müvəqqətidir. İnsan ağlı bu sayaq sevinci qəbul etmir. Şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükləyən bu cür saxta şadlıqlara bəraət qazandırmaq olmaz. İslam dini o şadlığı qəbul edir ki, bu şadlıq insanı əbədi səadətdən məhrum etməsin. Əgər dünya sevinci əbədi axirət sevincinə qənim kəsilməyibsə onu qəbul etmək olar.

Bəs dinə zidd olmayan şadlıqlar hansıdır? İfrat qəm-qüssəyə batıb bədbin olmuş insan nə özü, nə ailəsi, nə də cəmiyyət üçün xeyirli ola bilər. Belə bir insan nə dünya, nə də axirət həyatı üçün çalışmaq iqtidarında deyil. Belə insan küfrə batıb özünü öldürə də bilər. Bu sayaq ifrat qəm-qüssə İslam dinində pislənilir. Amma insanın dünya və axirət səadətini təmin edən şadlıqlar müsbət qiymətləndirilir. Bir şadlıq ki, insanı təhsilə, ibadətə və zəhmətə həvəsləndirir, bu şadlıq din tərəfindən təqdir olunur.

Demək, dünya həyatına aid olan ifrat şadlıqlar məqbul hesab edilmir. «Hud» surəsinin 10-cu ayəsində oxuyuruq: «Başına gələn müsibətdən sonra ona rahatlıq nəsib etsək, sevinərək deyər ki, artıq fəlakətlər məndən sovuşdu». Həddini aşmış Qarun haqqında isə belə buyurulur: «Qövmü Qaruna belə dedi: Sevinmə, şübhəsiz ki, Allah qürrələnib sevinənləri sevməz»(«Qəsəs» surəsi, ayə 76.).

Bu sayaq şadlıqlar bəyənilmir.Bu şadlığın nəinki təkamülə heç bir xeyri yoxdur, hətta onu yuxuya verib hərəkətdən saxlayır.

BƏYƏNİLMİŞ HÜZN

Əgər insan vəzifəsini yerinə yetirə bilmədiyi, günaha batdığı üçün qəmgin olursa, bu qəmginlik çox faydalıdır. Amma bu hüzn ifrat olmamalıdır. Hüznün elə bir həddi vardır ki, insanı bədbinləşdirib fəaliyyətdən saxlayır. İnsan qəm dəryasına qərq olub təhsildən, ibadətdən, vətənə xidmətdən dayanırsa, bu qüssənin nə faydası ola bilər?! Bir sözlə, insanı səadətə aparan hüzn bəyənilmişdir.

İSTƏYƏ ÇATMAQ SEVİNCDİR

İnsan o zaman sevinir ki, arzusu həyata keçsin. Amma insanların arzu-istəkləri müxtəlifdir. Məsələn, bir uşağı sevindirmək üçün ona oyuncaq vermək kifayətdir. Bir az böyüdükdən sonra maraqlı nağıllar danışmaqla onu sevindirmək olar. Lakin yeniyetmələri şadlandırmaq üçün oyuncaq və şirin nağıllardan istifadə etmək əbəsdir. Onlar öz şəxsiyyətləri haqqında xoş sözlər eşitdikdə fərəhlənirlər. Bəzən bu istək ifrata varır və yeniyetmə yeri gəldi-gəlmədi özünü göstərmək istəyir. Yaş artdıqca istəklər də dəyişir. Amma dadlı yemək, gözəl geyim, rahatlıq bütün yaşda olanları sevindirir.

İSLAM DİNİNDƏ ŞADLIQ

İnsanın mənəvi təkamülünə yardımçı olan bütün şadlıqlar İslam dinində bəyənilir. Elə ruhani insanlar vardır ki, yalnız Allaha ibadət edərkən sevinirlər. Belə insanları şad etmək üçün onlara ibadət şəraiti yaratmaq lazımdır. İmam Səccad (ə) minacatlarının birində belə ərz edir: «Allahım səninlə ünsiyyətdən kənarda duyduğum ləzzətlərə görə tövbə edirəm. Səninlə görüşdən kənardakı sevinclər mənə günahdır. Belə şadlıqlardan Sənə pənah aparıram». Bəli, belə insanları sevindirmək üçün onların qarşısındakı maneələri aradan qaldırmaq lazımdır. Belə insanları sevindirməyin çox böyük savabı vardır. Çünki onlar yalnız Allahla ünsiyyətdən ləzzət alırlar.

Bızi hallarda ki, insan şadlanmaqla günahdan uzaqlaşır. Məsələn, ailədə şadlıq varsa, bu şadlıq ərlə arvad arasında mehribanlıq yaradır və onların kənarda günaha düşməsinin qarşısını alır.

Mömin insanın dünya sevinci onun ibadətinə yardımçı olmalıdır. İslam dinində yorğunluğun qarşısını almaq üçün səfərdə olan insanlarla zarafat etmək icazəsi verilir. Amma bu zarafat ifrata varmamalı, ətrafdakılar üçün narahatlıq yaratmamalıdır.

Mömini isə günahla sevindirmək olmaz. İnsanlar müxtəlif iman mərtəbələrindən olduğundan onları eyni bir işlə sevindirmək çətindir. Yetkinlik yaşına təzə çatmış mömini psixoloji sarsıntıdan çıxarmaq yaxşı iş hesab olunur.Aydın məsələdir ki, imam Hüseyn (ə) üçün qurulmuş əzadarlıq mərasimində ağlamaq faydalı olduğu üçün əzadarı hüzndən ayırmaq olmaz. Gecə yarı Allahla raz-niyaz edərkən ağlayan insana mane olmaq lüzumsuzdur.Bu hallarda qəm-qüssə mənəvi yüksəlişə yardımçıdır.

Mümkündür ki, bəziləri öz nəfs istəklərini təmin etmək üçün sui-istifadə edərək deyib-gülür, zarafatlaşır və bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Mömini sevindirmək o zaman savabdır ki, bu iş onun imanını artırsın.

Bu dünyada insanlar üçün çeşidli çətinliklər vardır: xəstəlik, kasıblıq, itki, zəlzələ, sel, tufan və s. Bu çətinlikləri yaşayıb bədbin olmuş insanları sevindirib normal həyata qaytarmaq, onları ibadətə həvəsləndirmək böyük savabdır.

Misbah Yəzdi-"Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri" kitabından

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2015  17:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!