إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Həmədani "Təzəpir" məscidindəki görüş zamanı ibrətli tövsiyyələr verib

"Bu gün ən mühüm məsələ müsəlmanların vəhdətinə nail olmaqdır. Azərbaycana səfərimdən də məqsəd vəhdət məsələsini möhkəmləndirmək, nəticəyə nail olmaqdır".

Ahlibeyt.az-ın  Trend-ə istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi, mərceyi-təqlid alimi, ayətullahül-üzma Hüseyn Nuri Həmədani bu gün QMİ-də keçirilən konfransda deyib.

Azərbaycana gələ bilməsini özü üçün Allahın böyük lütfü hesab edən müctəhid konfransda Azərbaycan ruhanilərinə və İslam alimlərinə bəzi tövsiyələrini çatdırıb: "Ruhaniyyəti, dini öyrənənlər əsas məsələləri diqqətdə saxlayıb təhsillərində lazımi uğur əldə etməlidirlər. Tələbələr bilməlidir ki, bizim peşəmiz ən şərəfli və bərəkətli peşədir. Biz peşəmizdə fəaliyyətə başlamazdan öncə onun nə qədər əhəmiyyətli olduğunu anlamalıyıq. Döyüşə, cihada gedən şəxs hazırlıq görməli, silahdan necə istifadə edə bilməsi ilə bağlı məşq etməlidir. Eləcə də din xadimi elmə sahib olmalı, özünü buna hazırlamalıdır. Ruhaniyyət üçün ilk əsas məsələ ixlas, səmimiyyətdir. Yəni işini Allah naminə, onun razılığını əldə etmək üçün həyata keçirməlisən".

Müctəhid əlavə edib ki, digər mühüm məsələlər iradə və planlarla bağlıdır: "İkinci əsas məsələ, güclü iradə, əzmkarlıqdır. Tələbə az dərs oxumaqla, az elmlə kifayətlənməməlidir. Böyük alimlər kimi böyük iradəyə malik olub elmi dərindən öyrənməlidir. Üçüncü əsas məsələ isə odur ki, iradədən əlavə, ciddi planları olsun. Yəni bu məsələyə həlledici məsələ kimi baxsınlar. Bu yol çalışqanların yoludur, tənbəllərin yolu deyil. Tənbəl insan bu yolda məqsədinə çata bilməz".

İslam aliminin fikrincə, dördüncü əsas məsələ nizam-intizam, planlı-məqsədli olmaqdır: "Bu məsələ tələbələr üçün xüsusi önəm daşıyır. Hər bir nizam-intizamlı şəxs müvəffəqiyyətlidir. Nizam-intizamsız şəxs uğursuzdur. Həzrəti Əli (ə.s.) da buyurub ki, işlərinizdə nizam-intizamlı olun".

Mərceyi-təqlid bildirib ki, beşinci əsas məsələ təbələnin yazısının və nitq qabiliyyətinin rəvan olmasıdır: "Güclü yazıya və danışığa malik olmaq üçün ədəbiyyat və dilçiliyi bilmək vacibdir. Mən bu məsələnin üzərində xüsusilə təkidlə dayanıram".

Onun sözlərinə görə, tələbələr həm də gecələr ibadət etməyi özlərinə adət etməlidirlər: "Hər bir tələbənin gün ərzində vaxtı olmalıdır ki, Allah-təala ilə gizli söhbət etsin. Mən də tövsiyə edirəm ki, ruhaniyyətə başlayan tələbələr özlərini gecə namazına adət etdirsinlər. Gecə namazı alimlərə əzəmət gətirir".

Bundan əlavə, Şeyx Həmədani deyib ki, hər bir insan, xüsusən də tələbələr dövrünü, dostunu, düşmənini tanımalıdır: "Səkkizinci əsas məsələ odur ki, İmam Zaman (ə.f.) ağanı unutmamalıyıq, bu məqsədlə məxsusi dualar etməliyik. Hörmətli Azərbaycan xalqı da həmişə İslama və Əhli-beytə xüsusi əhəmiyyət verib. Sizlər də bunları davam etdirmisiniz. Tələbələr öz yolunda məhz bu səkkiz əsasa riayət etməlidirlər".

Alimlərə gəlincə, İslam dininin alimlərə yüksək qiymət verdiyini deyən iranlı müctəhid onlara çox elmli, dərin savada malik olmalarını tövsiyə edib: "Alim əxlaqlı, alicənab olmalı, xalqın yanında olmalı, xalqa xidmət gödstərməli. Xalq bu dini qoruyub saxlayıb. Alim xalqa xidmət etməyi özünə şərəf, fəxr bilməlidir. Alimin yüksək elmi səviyyəsi, elmi araşdırma aparmaq qabiliyyəti olmalı, həm də din düşmənlərinə qarşı mübarizə aparmalıdır".

Sonda İslam alimi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə hədiyyə təqdim edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015  17:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!