إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - Bəzən radikal cərəyanların təsiri bir qədər şişirdilir

Bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Komitənin sədri Mübariz Qurbanlı bildirdi ki, radikal dini cərəyanların Azərbaycanda  dayağı yoxdur.  Amma fakt odur ki,  bu gün Suriyada minlərlə Azərbaycanlı vuruşur. Radikal dini cərəyanların Azərbaycanda sosial bazası var, yoxsa yox? Eyni zamanda İŞİD-in komandirləri arasında çoxlu sayda azərbaycanlıların olması barədə də söyləntilər var.  Bu  komandirlərin Azərbaycandakı radikal dini kəsimlərə nüfuz etmək imkanları nə qədər ola bilər?

Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan xalqı və dövləti üçün çox əhəmiyyətli olan bu suallarla tanınmış ilahiyyatçı alim, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli məsələ ilə bağlı Pia.az-a münasibət bildirmişdir.
.
Azərbaycanda radikal dini cərəyanların bazasının olmadığını düşünən  ilahiyyatçının fikrincə, radikal cərəyanların təbliğatçıları dini bilgisizliyi olan gənclərimizi öz təsirlərinə sala bilirlər:

“Düşünmürəm ki, radikal dini cərəyanların Azərbaycanda ciddi sosial bazası var. Demək olar ki, Azərbaycan xalqının radikallığa meyli yoxdur. Yəni azərbaycanlıların dini təsəvvürü ürfani görüşlərə  əsaslanır. Azərbaycanda əsrlərlə formalaşan İslam ənənəsi var. Bu İslam həm Tanrıya, həm də yaranmışlara sevgini aşılayır. Bu bizim poeziyamızda da əks olunub. Lakin istənilən cərəyan özü üçün məhdud sayda tərəfdarlar toplaya bilər və təəssüf ki, Azərbaycanda da belələri var. Bunun  bir sıra səbəbləri var.  Səbəblərdən biri bəzi gənclərimizin dini məlumatsızlığının olmasıdır. Onlarda bu məlumatsızlıqdan istifadə edərək din adı altında  gənclər arasında radikal görüşlər təbliğ edirlər. Təbii ki, arxayınlaşmağa da əsas yoxdur, amma düşünürəm ki, radikal düşüncənin Azərbaycan xalqını təsiri altına alması mümkün deyil. Azərbaycanda müəyyən sayda insanlar var ki, bu cərəyanların təsirinə düşürlər.

Ona görə də bu problemin həlli üçün başlıca məsələ dini maarrifləndirmə səviyyəsinin artırılması, din haqqında dürüst məlumatların verilməsi, din xadimlərinin dini müasir dövrün tələblərinə uyğun təbliğ etməsi və insanları maraqlandıran suallara dolğun cavab vermələridir. Yəni kompleks tədbirlər görülməlidir. Bəzən də radikal cərəyanların təsiri bir qədər şişirdilir. Bəzən bunu məqsədli şəkildə edirlər ki, guya Azərbaycanda radikal cərəyanlar ciddi tərəfdar toplayırlar. Mən bununla razı deyiləm”.

Şahin Həsənli: “Hüquqi müstəvidə radikal cərəyanların Azərbaycanda fəaliyyəti qanunun gücü ilə tam alınmalıdır”

İlahiyyatçı Şahin Həsənli  Suriyada döyüşən azərbaycanlıların ölkədə radikal cərəyanların təsirində rol oynaya biləcəyini istisna etmir:

“Heç kimə sirr deyil ki, Azərbaycandan bir qisim gənclər Suriyada döyüşürlər, münaqişələrə cəlb olunurlar. Təbii ki, onların da təsiretmə imkanları sıfıra bərabər deyil. Onlar çox cəhd göstərəcəklər ki, Azərbaycana təsir göstərsinlər. Çünki Azərbaycanın geostrateji əhəmiyyətli mövqeyi müxtəlif dövlətlərin marağına səbəb olur. Bu cərəyanlar bir çox hallarda böyük dövlətlərin maraqlarını ifadə edirlər. Hamıya bəllidir ki, bu cərəyanlar böyük dövlətlərin əllərində oyuncaqdır. Ona görə də heç kəs onların təsirindən tam sığortalanmayıb.

Hüquqi müstəvidə radikal cərəyanların Azərbaycanda fəaliyyəti qanunun gücü ilə tam alınmalıdır. Məlum olduğu kimi, indiyə kimi də hüquq-mühafizə orqanları tərəfindən bir sıra əməliyyatlar keçirilib və Azərbaycanda ciddi fəsad törədə bilməyiblər. Eyni zamanda təkcə hüquqi müstəvidə mübarizə ilə kifayətlənməməliyik. Dinin KİV-lərdə, müxtəlif tədbirlər vasitəsilə təbliğ olunması və insanlara düzgün şəkildə çatdırılmasına ehtiyac var. Çünki dinə maraq dünyada artıb. O cümlədən, Azərbaycanda da bu proses gedir. Bəziləri də insanların dini məlumatsızlıqdan istifadə edərək onları yanlış  istiqamətlərə yönləndirirlər”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2015  09:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!