إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənlidən bayram namazı və fitr bayramı hökmləri ilə bağlı açıqlama

Artıq Ramazan ayı bitmək üzrədir. Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini, 11-ci müftisi Hacı Salman Musayev bayram namazının iyul ayının 18-də qılınacağını açıqlayıb.

Ahlibeyt.az-ın məlumatına görə, Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli bayram namazı və fitr bayramının hökmlərilə bağlı Modern.az-a açıqlama verib:

“Fitr bayramında fitrə zəkatı ödənməlidir. Bu vacib buyurulan hökmdür. Fitrə zəkatı ailənin hər bir üzvü adından müəyyən məbləğdə pulun ya da ərzağın ayrılmasıdır. 3 kiloqram arpa, buğda, kişmiş, un, xurma və s. kimi ərzaqların dəyəri məbləğində fitrə zəkatı ayrılmalıdır.

Fitrə zəkatı bayramdan bir gün öncə ayrılmaldır, yaxşı olar ki, bayram namazına qədər ödənilsin. Maddi imkanı çatan insanların fitrə zəkatını verməsi vacibdir. O insanlar ki, gündəlik ehtiyaclarını təmin edə bilmir, onlara fitrə zəkatı ayırmaq vacib deyil. Hədisdə qeyd olunur ki, fitrə zəkatı orucun qəbul olunmasının şərtidir”.

İlahiyyatçı qeyd edib ki, şəxs  bir ay oruc tutub fitrə zəkatını ödəməzsə oruc tutmamış kimi olur: “Fitr Ramazan ayının ictimai fəlsəfəsi, Ramazan bayramı insanın öz nəfsi üzərində qələbəsinin təntənəsidir. Mənəvi baxımdan insan bir ay öz nəfsilə mübarizə aparıbsa, nəfs üzərində qələbəsini məhz bu gündə qeyd edir.

Digər tərəfdən bayramın ictimai yönü də var.

Oruc həm də insanların birliyini, vəhdətini möhkəmləndirən ibadətdir, onların dərdinə şərik olmaqdır. İnsan Ramazan ayının sonunda fitrə zəkatı ödəməklə, digər insanları da xatırladır. Fərdi ibadət insanı cəmiyyətdən uzaqlaşdırmamalıdır, insanı ictimai məsuliyyətini unutdurmamalıdır. Bundan başqa fitr bayramı günü qusul almaq, yeni paltar geyinmək, ətirlənmək, bəzənmək yaxşı olar”.

 

Hacı Şahin onu da vurğulayıb ki, bayram günü oruc tutmaq haramdır: “Amma bayram namazına qədər oruc tutmaq vacib olmasa da müstəhəbdir. Yəni kim həmin gündə oruc tutmasa günah etmiş sayılmır”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2015  10:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!