إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

ABŞ-ın Azərbaycandakı səfirliyində iftar ziyafəti verilib

ABŞ-ın Azərbaycandakı səfiri qarşıdan gələn ramazan bayramı münasibəti ilə xalqımızı təbrik edib

Ötən axşam ABŞ-ın Azərbaycandakı səfirliyində iftar ziyafəti verilib.Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, mərasimdə çıxış edən səfir Robert Sekuta ziyafətə təşrif buyuran qonaqlara öz təşəkkürünü bildirib. Diplomat, bu süfrə bizi dünyada yaşayan 1.5 milyard müsəlmanla birləşdirir – deyərək ölkəsində 2.6 milyon müsəlman yaşadığını xatırladıb. Səfir həmçinin ABŞ-da açılan ilk rəsmi iftar süfrəsi barədə də məlumat verib:

“ABŞ Səfirliyinin hər il açdığı iftar süfrəsi bizi yalnız Azərbaycan və Birləşmiş Ştatlardakı müsəlmanlarla deyil, həm də dünyanın hər yerindəki 1,5 milyard müsəlmanla birləşdirir. Qeyd etmək istərdim ki, Birləşmiş Ştatlarda təxminən 2,6 milyon müsəlman yaşayır və 2030-cü ilə qədər onlarının sayının 6,2 milyona qədər artması gözlənilir ki, bu da əhalinin təxminən iki faizini təşkil edəcəkdir. Ramazanın Amerikada tarixi 200 il bundan əvvəl Prezident Ceffersonun Birləşmiş Ştatlardakı ilk müsəlman diplomatik nümayəndə Tunisli Sidi Soliman Mellimelli üçün açdığı iftar süfrəsindən başlayır. Birləşmiş Ştatlar o zamandan müsəlman dünyası ilə qurduğu dostluğu yüksək dəyərləndirir və biz bu dostluğun genişlənməsinin davam edəcəyini gözləyirik”.


Robert Sekuta iftar ziyafətində çıxış edir

Azərbaycanda olan tolerantlıq mühitindən bəhs edən səfir bunun hər bir azərbaycanlı üçün fəxr etməli irs olduğunu deyib. Fəxr ediləsi tarixə malik olmağın kifayət etmədiyini deyən Sekuta bildirib ki, bu ənənələrin davamı üçün çalışmaq lazımdır:

“Ölkəyə gələndən Azərbaycanın dünyaya təqdim edə biləcəyi bir sıra məqamlarla tanış olmuşam. Bunlardan biri tolerantlıq və müxtəlif dinlərə mənsub insanların bir yerdə və qarşılıqlı hörmətlə yaşamasının qədim tarixə malik olmasıdır. Azərbaycanda olduğu kimi çoxsaylı dinlərin əsrlər boyu dinc birgə yaşadığı az sayda ölkə göstərmək olar və azərbaycanlılar bu irslə fəxr etməli və bu təcrübəni nümunə kimi digərləri ilə bölüşməyi nəzərdən keçirməlidirlər. Tolerantlıq tarixi dünyada digərlərinə daha yaxşı nümunələrin olmasını göstərmək baxımından önəmli olsa da, məncə, bizim Birləşmiş Ştatlarda öyrəndiyimiz kimi bu dəyərin gənclərə aşılanması üçün iş aparılması da vacibdir. Qədim və fəxr ediləsi tarixə malik olmaq kifayət deyil. Biz yaxşı ənənələrin davam etdirilməsini təmin etmək üçün çalışmalıyıq. Dünyanın müxtəlif yerlərindən gələn xəbərlər, hətta qədim birgəyaşayış tarixinə malik olduğu hesab edilən məkanlarda zorakı ekstremizmə olan meylləri göstərir. Biz tolerantlıq ənənələrinin önəmli olaraq qalması və əbədiləşdirilməsi üçün əcdadlarımız və öz qarşımızda məsuliyyət daşıyırıq”.


Tədbirdə Bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadənin müavini hacı Fuad Nurullayev də iştirak edib

Dini mənsubiyyətindən asılı olmayaraq Quranın bütün insanlara sevgi və şəfqət hissi aşıladığını deyən Robert Sekuta sonda müsəlmanların qarşıdan gələn ramazan bayramını təbrik edib:

Quran dini mənsubiyyətindən asılı olmayraq hər bir insana qarşı sevgi və şəfqət hissi aşılayır. Biz yalnız özümüzdə bu keyfiyyətləri aşılamaqla birgə irəliləyə və qarışıq dünyamızda bəlaların öhdəsindən gələ bilərik. Bu axşam müxtəlif məzhəb və milliyyətlərdən olan insanların iştirakı irəli getmək, Azərbaycanın tolerantlıq ənənəsini davam etdirmək üçün qətiyyət göstəricisidir. Beləliklə, mən sizi iftar süfrəsində sevgi, şəfqət və tolerantlıq mühitində salamlayıram. Allah bizi qorusun. Ramazan bayramınız mübarək!

Xatırladaq ki, hələ ramazan ayının əvvəlində ABŞ prezidenti Barak Obama Ağ evdə iftar ziyafəti təşkil edərək İslam dini barədə xoşməramlı fikirlərini açıqlamışdı.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2015  03:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!