إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan prezidenti müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxış edib(foto)

İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

İftar mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan xalqını qarşıdan gələn ramazan bayramı münasibəti ilə təbrik edib.

Hər il gözəl ənənəyə çevrilən iftar mərasimini ölkəmizdəki din-dövlət münasibətlərinin təzahürü adlandıran dövlət başçısı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin müstəqillik dayaqlarımızı daha da möhkəmləndirdiyini bildirib.

“Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur”, - deyən Prezident İlham Əliyev yalnız müstəqillik dövründə ölkəmizin bütün uğurlara nail olduğunu diqqətə çatdırdı. Son illərdə Azərbaycanda dinlərarası münasibətlər və multikulturalizmlə bağlı keçirilən forumların əhəmiyyətinə toxunan dövlətimizin başçısı ölkəmizdəki tolerantlıq mühitinin həyat tərzimizə çevrildiyini vurğuladı. Son dövrlərdə bəzi ölkələrdə milli və dini zəmində qarşıdurmaların, müharibələrin, toqquşmaların baş verdiyini deyən Prezident İlham Əliyev bütün bunların Azərbaycana təsir etmədiyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın dünyəvi dövlət olduğunu, tarixdə ilk dəfə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə baş tutduğunu qeyd etdi. “Biz müstəqil ölkəyik və Azərbaycan xalqının taleyi öz əlindədir”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, xalqımız üçün milli mənəvi dəyərlər hər şeydən üstündür. Gənclərimizin bu ruhda tərbiyə olunmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı gənclərin kənar təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırdı.

Birinci Avropa Oyunlarının gedişində 20 mindən çox Azərbaycan gəncinin gecə-gündüz könüllü şəkildə işləyərək onlara göstərilən etimadı doğrultduqlarını bildirən Prezident İlham Əliyev öz adından və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından artıq onlara təşəkkürnamə verildiyini bildirdi.

“Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz”, - deyən Prezident İlham Əliyev bir daha qarşıdan gələn Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını və xalqımızı təbrik etdi.

Sonda şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə milli mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətə görə bir daha minnətdarlıq etdi.

Sonra iftar süfrəsi açıldı

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyul, 2015  19:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!