إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qədr gecəsi hədislərdə

Həzrət Məhəmməd(s) buyurur:

“Hər kim Qədr gecəsi oyaq qalsa, günahları bağışlanar; hətta günahları göydəki ulduzların sayı, yerdəki dağların ağırlığı, dənizlərin tutumu qədər olsa da” (Vəsailüş-şiə, 8-ci cild, səh. 21).

“Hər kim Qədr gecəsində əhya etsə (oyaq qalsa), növbəti ilə kimi əzab ondan götürülər (yəni günahları bağışlanar)” (Biharül-ənvar, 98-ci cild, səh. 145)

“Hər kim iman və mühasibə şərti ilə (yəni öz əməlləri haqqında özünə hesabat verərək) Qədr gecəsində oyaq qalsa, bütün keçmiş və gələcək günahları bağışlanar” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

Bir nəfər Peyğəmbərdən soruşdu: “Qədr gecəsində oyaq qalsam, Allahdan nə istəyim?” Peyğəmbər cavab verdi: “Afiyət (sağlamlıq)” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 458).

“(Qədr gecəsinin sonunda) Günəş doğarkən Cənab Cəbrail (ə) ucadan haray çəkər: “Allah-təala Mühəmməd (s) ümmətinin ehtiyaclarına nə cavab verdi?” (Mələklər) deyərlər: “Allah onlara (müsəlmanlara) nəzər saldı, onların günahını bağışladı və onları əfv etdi; yalnız bu dörd dəstədən başqa: şərabxor, ağvalideyn, qohumlarla rabitəni kəsən və sehirbaz” (Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 459).

Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edərək dedi: “İlahi! Sənə yaxın olmaq istəyirəm!” Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur”.

Həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm”. Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar”.

Musa Peyğəmbər (ə) buyurdu: “İlahi! Sırat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm”. Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar”.

Həzrət Musa (ə) buyurdu: “İlahi! Cənnət ağaclarını və meyvələrini istəyirəm!” Allah buyurdu: “Bu, Qədr gecəsində təsbih deyən (yəni Allahı müqəddəsləşdirib, Onu zikr edən) adama şamil olar”.

Musa Peyğəmbər (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm”. Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar”.

Həzrət Musa Peyğəmbər (s) minacat etdi: “İlahi! Sənin razılığını istəyirəm!” Allahdan nida gəldi: “Mənim razılığımı Qədr gecəsində iki rükət namaz qılan adam qazanar” (Vəsailüş-şiə, 8-ci cild, səh. 20; Müstədrəkül-Vəsail, 7-ci cild, səh. 456).

İmam Əli (ə) buyurub ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Ramazanın son ongünlüyündə yatağını yığışdırıb kənara qoyardı. İyirmi üçüncü gecədə ailə üzvlərini yuxudan oyadardı ki, əhya saxlasınlar; hətta yuxulu olanların üzünə su səpib oyadardı. Həzrət Fatimeyi-Zəhra (ə) ailə üzvlərinin Qədr gecəsində yatmalarına imkan verməzdi, onlara həmin gün az yemək verərdi (ki, yuxuları gəlməsin). Özü də günortadan bu gecəyə hazırlaşar və buyurardı: “Əsil məhrum o şəxsdir ki, bu gecənin bərəkətindən məhrum qalır” (Dəaimül-İslam, 1-ci cild, səh. 282).

İmam Mühəmməd Baqirdən (ə) soruşdular ki, “Qədr gecəsi min aydan xeyirlidir” ayəsinin mənası nədir? Buyurdu: “Bu gecədə namaz, zəkat, xeyirli iş qismindən olan saleh əməllər, bu gecənin olmadığı min ayda edilən eyni işlərdən daha yaxşıdır...” (əl-Kafi, 4-cü cild, səh. 158).

Mənbə:İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2015  11:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!