|
Bu gecə ehtimal olunan ikinci "Qədr Gecəsi"daxil olurBu gecə 7 iyul şam azanından sonra(gün batdıqdan sonra)Ramazan ayının mübarək "Qədr Gecəsi"daxil olur. “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” Mübarək Ramazan ayının hər bir günü möminlər üçün əzizdir, bu ayın hər gününün, hər dəqiqəsində bərəkət, rəhmət, ilahi nuraniyyət nazil olur Allah dərgahından. Düzdür ki, Ramazan ayının hər anı möminlər üçün fürsət və gözəl şansdır ki, onlar keçmişdə elədikləri günahlardan ötrü tövbələr etsinlər. Ramazan zatən, günahları yandıran aydır, duaların geri çevrilmədiyi bir aydır. Amma, bu Ramazanda bir gecə var ki, Allah o gecəni digər, hətta, Ramazanın digər gecələrindən fərqli və daha şərafətli və şansı bol olan bir gecə qərar verib. O gecə, bildiyimiz kimi mübarək Qədr gecəsidir, kimisi bu gecəyə “əhya gecəsi” də, deyir. “Əhya” sözünün mənası “həyy” sözündəndir və oyaq olmaqlığa deyərlər. Bu gecə Həzrət Peyğəmbərimizin (s) və Onun Əziz ailəsinin (ə) oyaq qaldıqları bir gecədir. Hədislərdən bizə belə çatıb ki, Onlar (ə) bu gecələri fürsət bilib oyaq qalardılar və ibadətlə keçirərdilər. Mübarək Ramazan ayının və Qədr gecəsinin şərafətinə şərafət qatan, nuraniyyətinə nuranilik əlavə edən Qurani-Kərimdir. Bir evə çox hörmətli qonaq gələn zaman o evin əhli necə bəxtiyar hesab edir özünü. Bir fərahlıq, bərəkət hiss olunur - çünki bu evin əziz qonağı var. Mübarək Ramazan ayının, Qədr gecəsinin də, çox əziz bir qonağı var. Bu qonaq Allahın Kitabıdır, Peyğəmbərin (s) ümmətə əmanət etdiyi dəyərli bir əmanətdir. Qədr gecəsi Quran gecəsidir, Ramazan ayə Quran ayıdır. Möminlərin Qədr gecəsində səhərə qədər oyaq qalıb ibadət etmələrinin içində bir ibadət var; Quranı başa qoyub Allahı Həzrət Peyğəmbərin (s) və İmamların (ə) məqami-ismətinə and veririk. Fəlsəfəsi nədir bu əməlin? Biz belə etməklə Allaha deyirik ki; “İlahi, bu gecə bu Kitabı bizə göndərmisən və biz də, bu kitabı başımızın üstünə qoyuruq, bu Kitabı qoruyuruq!” Mübarək bir hədisdə belə buyurulur: “Hər kim Qurani-Kərimi özünə rəhbər bilərsə, Quran onu cənnətə aparar, hər kim Quranı özünə rəhbər bilməzsə, Quran onu cəhənnəmə yönəldər.” Nə buyurur Həzrət Peyğəmbər (s) bu hədisi-şərifi çatdırmaqla bizə? Bu hədisdən bu məna hasil olur ki, kimlər ki, Quranı özünə rəhbər bilər, yəni, Quranın işığında addım atar, buyurulanlara əməl edər, Quran ona doğru yola göstərər. Zira, Quran açıq-aşkar hidayət kitbıdır, zülmətli kainatda mayakdır, yol göstərəndir. Kimlər ki, Qurana sarılmazlar, əlbəttə ki, o kəslər yollarını azar və cəhənnəmlik olarlar. Çünki onların əməli Qurana mütabiq olmaz. Mübarək Kitabımızda Qədr gecəsinin fəzilət və üstünlüyündən danışan qısa bir surə var. Qısa, amma, Qədr gecəsinin dərəcəsini çox müfəssəl bir şəkildə bəyan edən bir surə. Bizi Qədr gecəsi ilə tanış edən bir surə. Bu surədə Allah Qədr gecəsinin məqamından danışır. Bir gecənin böyüklüyü ondan bilinir ki, bu gecə Allahın haqqında Quranda danışdığı yeganə gecədir. Mübarək “Qədr” surəsində Allah buyurur: “Həqiqətən Biz, Onu (Quranı) Qədr gecəsi nazil etdik!” Bir xüsusa toxunmaq istərdik ki, bu gecədə Quranın nazil olması məsələsi, Quranın başqa surələrində də, xatırladılır. Mübarək “Bəqərə” surəsinin 185-ci ayəsində Allah-Təala belə buyurur: “Ramazan ayı elə bir aydır ki, Quran bu ay nazil olmuşdur.” Bu mübarək ayədə də, bir daha təsdiqlənir ki, Quran mübarək Qədr gecəsində nazil olmuşdur. Bu müddəanı təsdiqləyən başqa bir ayədə buyurulur: “Biz onu mübarək bir gecədə nazil etdik.” (“Duxan” surəsi, ayə 3) Bu ayədəki “mübarək gecə”dən məqsəd Qədr gecəsidir ki, bu ayə həm Quranın Qədr gecəsi nazil olmasından və həm də, Qədr gecəsinin bərəkətli bir gecə olmasından bəhs edir. “Qədr” surəsinin sonrakı ayələri Qədr surəsinin fəzilətindən danışır: “Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” Növbəti ayədə isə, o mətləbdən bəhs olunur, Allah o xüsusa toxunur ki, möminlər üçün çox əhəmiyyət daşıyır və böyük dəyərə malikdir bu xüsus. Allah “Qədr” gecəsinin üstünlüyünü göstərir. “Qədr gecəsi min aydan xeyirlidir.” Həmd və səna olsun Aləmlərin Rəbbinə, yerin-göyün Sahibi-mütləqinə ki, bizə minnət qoyur. Bu gecəni elə bir şərafət və fəzilətlərə bürüyüb ki, bu gecədə qılınan namazlar, edilən ibadət və dualar min ayın ibadət və itaətindən üstün və şərafətdə alidir. Qurandan danışarkən Əhli-Beytdən (ə) danışmağı istisna etmək olmaz. Quran Əhli-Beytdən (ə) və Əhli-Beyt (ə) Qurandan ayrı deyildir. Bu ki, mövcudluğu imkansız olan bir şeydir.Həzrət Peyğəmbərin (s) ömrünün sonlarında belə, təkid və israrla bəhs etdiyi mövzudur. Mübarək Qədr gecəsindən danışarkən, xüsusiylə, Qurandan söz düşərkən Həzrət Əlidən (ə) danışmamaq mümkün deyil. Qədr gecəsi həm Quran gecəsidir və həm də, Həzrət Əli (ə), Əhli-Beyt (ə) gecəsidir. Bu gecə Quranın nazil edildiyi gecədir və həm də, Həzrət Əlinin (ə) şəhid edildiyi, ədalət mehrabında- səcdədə şəhadət şərbətini içdiyi gecədir. Bu gecə dinin sütunlarının yıxıldığı bir gecədir. Bu gecə qəm gecəsidir, mələklərin salam göndərdiyi, arxasında durub iqtida etdiyi şəxsin şəhadət gecəsidir. Burada qeyd ediləsi o məqam var ki, Həzrət Əlinin (ə) mübarək və səadətli təvəllüd günü də, şəhadətə yetdiyi gün də, birbaşa Quranın nazil edildiyi aylardadır. Mübarək və səadətli təvəllüd Rəcəb ayının 13-dədir ki, Rəcəb ayı ilk vəhyin endiyi aydır. Mübarəklik bundadır ki, Peyğəmbərə (s) 23 il müddətində Quran nazil edildikdə, ilk ayəni Peyğəmbər (s) cənab Cəbraildən alanda, Həzrət Əli (ə) Həra mağarasında Peyğəmbərlə (s) birlikdə idi. Hələ o zaman Həzrət (ə) 10 yaşında idi. İmam Əli (ə) “Nəhcul-Bəlağə”də “Qasiə” adlı xütbəsində Peyğəmbərdən (s) danışır və bu məqama toxunur: “...O hər gün xasiyyətlərindən birini mənə öyrədir və ona qulaq asmağımı istəyirdi. Hər il Həra dağına çəkilir, qulluğa başlayırdı. Başqası görməsə də, onu mən görürdüm. O gün İslam Peyğəmbərlə Xədicədən başqasının evində yox idi. Mən də onların üçüncüsü idim. Vəhy və peyğəmbərlik nurunu görürdüm, peyğəmbərlik qoxusunu duyurdum. Ona vəhy gələrkən Şeytanın fəryadını eşidirdim və: – Ya Rəsulullah, bu fəryad nədir? – deyə soruşdum. Buyurdu ki: –Bu fəryad edən Şeytandır. Xalqın ona qulluq edəcəyindən artıq ümidini kəsmişdir. Sən mənim eşitdiyimi eşidir, gördüyümü görürsən. Ancaq sən peyğəmbər deyilsən. Fəqət vəzirsən və xeyir tərəfdarısan, ona yetişmisən...” Həzrət Əlinin (ə) şəhadəti də, Qədr gecəsi baş verir. O Həzrət Ramazan ayının 19-cu gecəsi sübh namazı vaxtı mehrabında xəvaric Əbdurrəhman ibn Mulcəm (lənətullah) tərəfindən zəhərli xəncərlə zərbətlənir və Ramazanın 21-ci gecəsində şəhid olur. İbn Mulcəm Həzrət Əlini (ə) şəhid etməklə də, öz axirət aqibətini, eləcə də, dünya aqibətini qaraldır, sağlığında ikən özünə cəhənnəm hazırlayır və əbədən Allah və mələkləri və müsəlman ümməti tərəfindən lənətlənir. Allah-Təala, bizləri bu Qədr gecələrinin hörməti İzzəti xatirinə Qurandan və Əhli-Beytdən (ə), Əlinin (ə) məhəbbətindən bir an belə, ayrı salmasın, Quran və Əhli-Beytə (ə) xatir də, bu Qədr gecələrində günahlarımızı bağışlasın! Qədr gecəsinin fəzilətləri,gecənin xüsusi əməl və tövsiyyələri mövcuddur.Aşağda qeyd olunan linkdən onlarla geniş şəkildə tanış ola bilərsiniz Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyul, 2015 11:23 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |