|
Mübarək Ramazan ayı insanın səadəti üçün bir fürsətdirHədislərdə və rəvayətlərdə bu ay «Allah ayı» və «mübarək ay» adlandırılmışdır. Günah zəncirlərindən qurtulmaq, qaranlıq aləmdən xilas olub nurlu aləmə, yəni Allahın mərhəmətinə, səadət və bağışlanmasına qovuşmaq üçün bu ay ən böyük fürsətdir. Bağışlanmaq və səadət əldə etmək üçün bu ayın ən böyük fürsət olduğu əziz İslam Peyğəmbəri Muhəmməd (s)-in Ramazan ayı haqqında buyurduğu mübarək hədisindən məlum olur: «Həqiqətən bədbəxt o kəsdir ki, bu böyük ayda Allah-təalanın bağışlamasından məhrum olur.» Oruc, insani iradəsizlikdən, dözümsüzlükdən, səhv düşüncələrdən,onun səadət və tərəqqisinə ən böyük düşmən sayılan nəfsi və şeytani istəklərdən xilas edir, ona möhkəm iradə, sağlam düşüncə və s. müsbət keyfiyyətlər bəxş edir.Oruc tutmaqla insanın orqanizmi müxtəlif yeməklər qəbul etməkdən istirahət etdiyi kimi onun ruhu və qəlbi də müxtəlif günah və çirkinliklərə aludə olmaqdan istirahət edir. İnsani səadətə aparan yol yemək və içmək deyil. Mənəvi saflıq və ruhi paklıqdır. Səadət yolunu bu cür başa düşənlər doğurdan da yanılıblar. İnsan özünün bu yanılmağını bilməsi üçün, bir çox ruhi və mənəvi dərdlərə dərman olan düşünməkdən istifadə etməlidir. Düşünmək üçün də insana fürsət verən oruc tutmaqdır. Çünki yemək və içməyə başı qarışmış insan özü haqqında düşünmək fikrinə belə gəlmir. İnsan hər hansı bir şeyi almaq üçün saatlarla düşünüb o qədər vaxt sərf edir ki, heç öz taleyi və əsl səadəti haqqında o qədər düşünüb vaxt sərf etmir. Allah-təala da orucu insanlara ona görə vacib etdi ki, onlar yemək və içməkdən bir müddət ayrılsınlar və öz həyatları haqqında düşünsünlər ki, həyat elə bundan ibarətdir mi ki, biz yaşayırıq? Düşünmək insana Allahı daha da yaxından tanıtdırır. Elə orucun əsas əhəmiyyətlərindən biri də odur ki, o insanı düşünməyə vadar edir və bu düşünməyin nəticəsində də Allahı bir az da yaxından tanımağa başlayır. İnsan gündəlik həyatında yeyib-içməyə məşğul olduğu zaman belə bir düşüncəyə fürsət tapmır. Lakin oruc tutduqda insan fikirləşir və özü üçün bir sıra suallar meydana çıxarır. Mən niyə yemirəm? Axı hər gün ürəyim istədiyi şeyləri yeyib-içirdim? Bu gün niyə mən bu işləri görmürəm? O hansı qüvvədir ki, mən onun göstərişinə əməl edirəm? Başqa vaxtlar mən nəfsi istəklərimin ixtiyarında idim. Onların fərmanının tabeçiliyində idim. Bu gün mən kimin ixtiyarında və kimin tabeçiliyindəyəm? Bu suallar insanı düşünməyə vadar edir. Cavabında isə insan başa düşür ki, mən nəfsi istəklərimin yox, məni yaradıb mənə sonsuz nemətlər bəxş edən həqiqi nemət sahibinin, yəni Allahın ixtiyarında olub onun göstərişlərinin tabeçiliyində olmalıyam. İnsana həyatda ən vacib və zəruri olan şey nemət sahibini tanımaqdır. Ramazan ayı da insanı ac qalmaqla düşündürüb ona həqiqi nemət sahibini tanıtdıran və insana daim Allahı xatırladan bir aydır. İnsanın yemək və içmək vaxtı gəldikdə o, yeyib-içməyi xatırlayaraq özünü ona ehtiyaclı bilir. Lakin bu ayda insan özünü yemək-içməyə ehtiyaclı bilsə də, məcburi olaraq yeyib-içməyi yox, Allahı xatırlayır və bilir ki, mən onun əmrinə tabe olaraq oruc tutmuşam. Deməli oruc Allahı düşünməklə birbaşa əlaqəlidir. Oruc insana Allahı düşündürüb xatırlatdığı kimi başqa şeyləri də insana düşündürüb xatırladır. Qiyamətin aclıq və susuzluğunu, fəqirlərin halını, onların çəkdiyi əziyyəti insanlara başa salır. Oruc tutmaqla insan bilir ki, aclıq və susuzluq nə deməkdir, onun əziyyəti necə olur. Bununla da həmin şəxs qiyamətin aclıq və susuzluq əziyyətini xatırlayaraq bu dünyadakı əməllərini saflaşdırır, özünü günahlardan paklayaraq qiyamət günündəki hesabata hazırlaşır. Peyğəmbər bu barədə buyurur: «Ramazan ayında aclıq və susuzluğunuzla qiyamət günündəki aclıq və susuzluğu xatırlayın.» Fəqirlərin halına yanmaq, onlara yardım etmək insanın insani bir borcudur. Daim yemək və içməkdə olan insan aclıq əziyyəti çəkmədiyinə görə fəqirlərin halına yanıb onlara kömək etmək ehtimalı da ondan uzaq olacaqdır. Lakin oruc fəqirlərin halını insana xatırladır və ona fəqirlər çəkən əziyyəti dadızdırır. İslam dini insanları sədəqə verməyi tövsiyə edibdir. Orucluq ayında da bu iş daha rahat görülür. Çünki onun fəqirlərə qarşı artıq münasibəti dəyişir və onların əziyyətini başa düşərək onlara yardımçı olur. Elə buna görə də Peyğəmbər bu ayda insanlara fəqirlərə sədəqə verməyi əmr edib, onun insan səadətində böyük rolu olduğunu söyləmişdir. O həzrət buyurur: «Fəqirlərinizə və miskinlərinizə sədəqə verin. Böyüklərinizə hörmət, kiçiklərinizə isə rəhm edin.» İnsanın orqanizmi qida qəbul etməkdən oruc tutduğu kimi onun bədən üzvləri də günah etməkdən oruc olmalıdır.Yəni insanın əli, ayağı, dili, qulağı, gözü və s. üzvləri günah etməməli və haramdan uzaq dayanmalıdır. Hətta insan oruc tutarkən bundan da yuxarı olan bir rütbəyə çatmalıdır. Yəni onun qəlbi, fikir və düşüncələri də oruc olmalıdır. Günah fikirlər fikirləşməməli və səhv düşüncələrdən qaçmalıdır. Elə bunlara əsasən orucu üç yerə bölmək olar: 1) Orqanizmin orucu - yəni yeməmək və içməmək; 2) Bədən üzvlərinin orucu - yəni üzvlərlə günah etməmək; 3) Qəlbin və fikrin orucu - yəni günah fikirlər və səhv düşüncələr fikirləşib düşünməmək. Əgər insanın yalnız orqanizmi oruc olsa və başqa haram günahlardan çəkinməsə, ona yalnız aclıq və susuzluq qalacaqdır. Orucu ona görə tutmaq lazımdır ki, insanın mənəviyyatı saflaşsın, ruhu və qəlbi sağlam olsun. Mənəvi cəhətdən inkişaf edib böyüsün. Bu da yalnız orqanizm orucu ilə müyəssər olmur. Burada gərək bununla yanaşı bütün üzvlər və fikirlər də oruc olsun. Bununla da insan istənilən təqva rütbəsini əldə edə biləк.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2015 21:27 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Fitrə zəkatı nə qədər çıxarılmalıdır9 Aprel, 2024 Mübarək Ramazan ayının son gecəsinin əməlləri30 Mart, 2024 “Qədr Gecəsi” oxunmasına cənnət vəd olunan iki surə |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |