إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - Şuşa Məscidinin təmiri ermənilərin növbəti təxribat və təcavüzüdür

Azərbaycanın işğal altındakı ərazilərində, erməni vandalizminin qarşısını almaq üçün Beynəlxalq təşkilatlar hələ də susur.

Bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarəsi və Eçmiədzin kilsəsi arasında Şuşadakı məscidin bərpası ilə bağlı danışıqlara başlanacağı gündəmdə idi.

Hətta məscidin və Bakıdakı erməni kilsəsinin erməni, yoxsa azərbaycanlı ustalar tərəfində bərpa edilməsi  məsələsi dəqiqləşdiriləcəkdi.

II Qaregin əvvəl Şuşadakı məscidin bərpa ediləcəyini bildirsə də, sonra vədinə xilaf çıxdı.

Və beləcə Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.

Əsas məqsəd isə həmin torpaqlarda Azərbaycan izinin silinməsinə nail olmaqdır ki, ermənilər də bu yolda hər cür vəhşiliklər edirlər.

Azərbaycanın işğal altında olan torpaqlarını özəlləşdirdiyini düşünən Ermənistanın siyasi dairələri, artıq bu əraziləri   tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirir. Bunların bariz nümunəsi isə Şuşa məscidinin yerlə bir edilməsidir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Modern.az saytının əldə etdiyi məlumatda qeyd olunur ki, hazırda erməni iş adamı ilə Qazağıstan iş adamı Şuşa məscidini təmir etdirmək qərarına gəlib. Lakin o da bildirilir ki, təmir zamanı Şuşa məscidində Azərbayacana məxsus bütün ornamentlər ləğv edilərək İrana xas elementlərlə əvəz olunacaq.

Məsələ ilə bağlı Modern.az saytına münasibət bildirən “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli ermənilərin Şuşadakı məsciddə təmir-tikinti işlərinə başlamasını növbəti talan adlandırıb:

“İşğal olunmuş ərazilərimizdə, Şuşada olan tarixi abidələr, məscidlər bizim milli mədəni irsimizdir. Bunların quruluşunda hər hansı dəyişiklik etmək Azərbaycan mədəni irsinə təcavüzdür”.

İlahiyyatçının fikrincə bu, növbəti erməni hiyləgərliyidir:

“Onlar bu addımı atmaqla dünyaya tarixi və dini abidələrin qayğısına qaldıqlarını nümayiş etdirmək istəyirlər. Halbuki onların bu addımı qətiyyən yolverilməzdir. Azərbaycan ərazisində Azərbaycan tarixi abidələrini istədikləri kimi dəyişmələri heç cür başadüşülən deyil. Ümumiyyətlə bunu mədəni irsimizə qarşı təcavüzkarlıq kimi qiymətləndirilməlidir. Ermənilərin növbəti təcavüzü isə torpağı təcavüzdən geri qalmır”.

Hacı Şahin qeyd edib ki, məsələylə bağlı müvafiq addımlar atılmalıdır:

“Hesab edirəm ki, Azərbaycan dövləti , müvafiq qurumlar bununla bağlı addımlar atacaq. Həmçinin din xadimlərini məsələdə mövqe bildirməyə çağırıram, bütövlükdə cəmiyyət də münasibətini ortaya qoymalı və beynəlxalq qurumlara da müraciətlər olunmalıdır. Çünki, bu, düşmənin növbəti təxribat və təcavüzüdür. Onlar bu “qayğıkeşlik” və “humanistliyi” ilə Azərbaycan izlərinin Qarabağdan silinməsinə xidmət edir. Mən hesab edirəm ki, bu çox ciddi təpkilərlə qarşılanmalıdır”.

O, dağıdılan məscidin yerində İrana məxsus elementlərlə bəzədilmiş yeni tikililərin inşa olunacağı ilə bağlı da fikir bildirib:

“Azərbaycan abidəsi məhz Azərbaycan memarlıq üslubuna xas elementlər əsasında tikilib və buna görə də bu ənənələr toxunulmaz olmalıdır. İstənilən müsəlman ölkəsinin ənənələri orda tətbiq oluna bilməz. Məscidlərimiz əsasən Şirvan memarlıq arxitekturası əsasında inşa edilib. Bunu dəyişməyə isə heç kimin mənəvi haqqı yoxdur. Çünki bu Azərbaycanın tarixidir. Məscidləri dağıdanlar indi gəlib onu təmir etməklə gözdən pərdə asır və onların məhz Azərbaycana məxsus olduğunu hər vəchlə gizlətməyə çalışırlar.Xüsusilə hansısa ölkənin bu işdə vasitəçilik etməsi yolverilməzdir”.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 May, 2015  09:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!