إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübariz Qurbanlı Küveyt Vəqflər və İslam İşləri nazirinin müavinini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini (1992-ci ildən), Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlahı qəbul edib.


Ahlibeyt.az-ın məlumatına görə,görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Adil Əl-Fəlahın  Azərbaycanın dostu olaraq ölkəmiz üçün böyük işlər gördüyünü,Küveyt xalqı ilə Azərbaycan xalqını birləşdirən ortaq dəyərlər olduğunu qeyd edib.Hər iki dövlət İslam dünyasının bir parçasıdır. Komitə sədri bildirib ki, Azərbaycan Küveyt dövlətinin və xalqının dəstəyini daim hiss edib. İstər beynəlxalq təşkilatlarda, istərsə də qaçqın və köçkün vətəndaşlarımıza Küveyt Vəqfinin göstərdiyi yardımlar xalqımız və dövlətimiz tərəfindən hər zaman minnətdarlıqla xatırlanır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Adil Abdulla Əl-Fəlah qeyd edib ki, artıq iyirmi ildir Azərbaycanla tanışdır və buranı özünün ikinci vətəni hesab edir. Dost ölkə olaraq Küveytin hər zaman Azərbaycanın mənafeyini müdafiə etdiyini vurğulayan qonaq ölkəmizlə bağlı gördüyü işlərdən də danışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həm 20 Yanvar faciəsi, həm də Xocalı soyqırımı ilə bağlı kitablar nəşr etdiklərini bildirən Adil Abdulla Əl-Fəlah 26 fevral tarixində Küveytin bütün məscidlərində Xocalı soyqırımı haqda danışıldığını və faciə qurbanlarının ruhuna dualar oxunduğunu deyib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Küveytlə Azərbaycan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Azərbaycan Prezidentinin ərəb ölkələri ilə münasibətində özünəməxsusluq var və bu günlərdə həyata keçirilən Ümrə ziyarəti buna əyani sübutdur. Mübariz Qurbanlı Dövlət Komitəsinin Küveyt dövlətinin Vəqflər və İslam İşləri Nazirliyi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayaraq, gələcəkdə bir sıra layihələr həyata keçirməyin mümkün olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda Adil Abdulla Əl-Fəlah Mübariz Qurbanlını Küveytə rəsmi səfərə dəvət edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Aprel, 2015  12:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!