إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Suriyada İŞİD-ə qoşulan azərbaycanlıların məhkəmə etirafları

Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və  Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ahlibeyt.az-ın publika.az-a istinadla verdiyi xəbərə görə,hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə İlkin Babazadəyə ifadə vermək təklif edilib. O, mühakimə olunmaq istəmədiyini və susmağı üstün tutduğunu bildirib. Qeyd edib ki, mühakimə olunduğu məhkəməni tanımır: “Barəmdə başlanan cinayət işinə şəriət məhkəməsində baxılmasını istəyirəm”.

Hakim İlkin Babazadənin istintaqa verdiyi ifadəsini açıqlayıb. Təqsirləndirilən şəxs istintaqa bildirib ki, 2 ildir ibadət edir, Qəbələnin mərkəzində olan məscidə gedib-gəlib: “Özümə “Yəhya” ləqəbini götürmüşəm. Suriyada aparılan döyüşləri internet vasitəsi ilə izləmişəm, oradan çəkilən videolara baxmışam. Videolarda Suriyada vətəndaşlara edilən zülmləri görəndən sonra Bəşər Əsədə və kafirlərə qarşı vuruşmaq qərarına gəlmişəm”.

“Suriyaya keçmək üçün 50-60 dollar verdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, “Facebook” sosial şəbəkəsi vasitəsi ilə Suriyada cihad aparan camaat rəhbəri “Abu-Məhəmməd” ləqəbli Aqil Hacıyevlə əlaqə saxlayıb: “Aqil Hacıyevə Suriyada aparılan cihada qoşulmaq istədiyimi bildirdim. Aqil Hacıyev Türkiyəyə gəlməyimi, oradan Suriyaya keçməyimi məsləhət bildi. Onun vasitəsi ilə Sumqayıt şəhərindən olan Mehman adlı şəxslə əlaqə saxladım, ona Suriyaya getmək istədiyimi bildirdim.

2013-cü il oktyabrın 3-də Bakı avtovağzalında Mehmanla görüşdük. Avtobusla Türkiyənin Altay vilayətinə getdim. Aqil Hacıyev mənə Altay vilayətində milliyyətcə ərəb olan Hasan adlı şəxslə görüşəcəyimi bildirdi, onun mobil telefon nömrəsini verdi.

Hasanla əlaqə saxladım, Suriyaya keçməyim üçün köməklik göstərməsini istədim. Suriyaya keçməyim üçün ona 50-60 dollar verdim. Suriyada Aqil Hacıyevin rəhbərlik etdiyi camaatın yanına gəldim, dəstəyə qoşuldum”.

“Ya Suriyadan çıxmalısız, ya da öldürüləcəksiz”

İlkin Babazadə qeyd edib ki, Suriyada bir neçə azərbaycanlı ilə tanış olub: “Bizə döyüş təlimləri keçən ərəb mənşəli bir nəfər, fiziki təlimləri keçən isə azərbaycanlı idi. Orada olduğum müddətdə heç bir döyüşdə iştirak etməmişəm. Suriyada bizi “Cəbhə-Tül-Musra” təşkilatının üzvləri əsir götürdü. Dedilər ki, onların təşkilatına qoşulub, birlikdə cihad aparmalıyıq, əks halda ya Suriyanın ərazisindən çıxmalıyıq, ya da öldürüləcəyik. Onların döyüş şərtini qəbul etmədik.

10 gün əsirlikdən qalandan sonra bizi Türkiyə ərazisinə keçirdilər. Qazantep şəhərində polis jandarması tərəfindən həbs edildik, Azərbaycana deportasiya olunduq. Aeroportda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları məni həbsə aldı. Suriya məhkəməsində mühakimə olunmamışam, cəza almamışam”.

Prokuror Rahil İsmayılovun və vəkilinin də suallarını cavablandırmayan İlkin Babazadəyə hakim Ramella Allahverdiyeva bunları deyib: “Belə susmaq fikriniz var idi, istintaqda da susardın. Belə geniş ifadə vermək üçün sənə istintaqda təzyiq olunub? Sərbəst ifadə vermisən, imza da atmısan”.

İlkin Babazadə səslənən fikirlərə münasibət bildirməyərək başını aşağı dikib.

İncəsənət Universiteti tələbəsinin etirafları

Daha sonra Malik Musayev sərbəst ifadə verib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin 2-ci kursunda təhsil alıb və təhsilini yarımçıq qoyaraq Suriyaya gedib.

Malik Musayev məhkəmədə bildirib ki, bu hadisəyə qədər burda olanlardan heç kimi tanımayıb: “2009-cu ildən namaz qılmağa başladım. Suriyada cihad başlayanda ora getmək qərarına gəldim. Ora döyüşmək üçün yox, dinimə sadiq qalaraq dindar qardaş-bacılarımın yanında olmaq üçün getmişəm. İstəmişəm ki, dinimə uyğun mühitdə rahat yaşayım. Suriyada camaat rəhbəri olan “Muaz” adlı şəxslə internet vasitəsi ilə tanış oldum. Suriyaya da onun vasitəsi ilə getdim. Muazın məsləhəti ilə əvvəlcə Gürcüstana, oradan da Türkiyənin Antep şəhərinə yola düşdüm. Antepdə Muaz mənə Hasan adlı şəxsin mobil nömrəsini verdi. Hasan milliyyətcə ərəb olsa da, türk dilində yaxşı danışırdı. Ona Suriyaya keçmək üçün mənə köməklik göstərməsini istədim.

Sərhədi keçəndən sonra azərbaycanlıların olduğu yerə getdim, Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyevi də orada tanıdım. Orada olduğum müddətdə heç kimdə silah görmədim, hərbi təlimlərdə iştirak etmədim”.

Malik Musayevin sözlərinə görə, təxminən Suriyada 2 ay yarım qalıb: “Suriya o qədər də yaxşı yer deyil. Orada ayrı-ayrı terror qruplaşmaları var, qruplaşmaların rəhbərləri dinc insanları incidir, Bəşər Əsədə qarşı vuruşmağı tələb edirlər. Mən Suriyaya yaşamaq üçün getmişdim. Bu səbəbdən vuruşmaq niyyətim olmayıb. Amma hadisələr insanın fikirləşdiyi kimi baş vermir”.

Prokurorun suallarına cavablandıran Malik Musayev bildirib ki, Suriyada 10 gün əsirlikdə qalıb: “Bizi Cəfər adlı şəxsin qruplaşması əsir götürdü, Türkiyəyə də dövlət yox, həmin qruplaşmanın rəhbərləri deportasiya etdi. Döyüşmək istəməyənləri, haqsızlığa qarşı çıxanları qruplaşma rəhbərləri ölkədən çıxarır. Oranın hər yerində terror qruplaşlamalarının üzvləri var. Qayıtmaq ora getmək qədər asan deyil. Özbaşına oradan dönə bilməzsən. Hər tində bir nəfər qarşına çıxır”.

"Ata-anamı əziyyətə saldım”

Malik Musayev bildirib ki, məqsədi Suriyada dinc insanların yanında yaşamaq, onlarla həmrəy olmaq idi: “Mən Türkiyə ilə sərhəd olan şəhərlərə getmək qərarı vermişdim. Bildiyim qədər Suriyanın Türkiyə ilə sərhədində döyüşlər getmirdi, əməliyyatlar keçirilmirdi. Amma ora gedəndən sonra fikirləşdiyim kimi olmadı. Burda necə, orada da elə yaşamışam. Heç silahdan istifadə qaydasını da bilmirəm.

Suriyanın Türkiyə ilə sərhədində yerləşən Abuhava şəhərində müxtəlif millətlərdən ibarət camaatın tərkibində olmuşam. Camaatın rəhbəri Aqil Hacıyev idi. Bizim olduğumuz şəhərdə döyüşlər getmirdi. Burada olanların çoxunu əsirlikdə tanıdım”.

Malik Musayev ata-anasına əziyyət verdiyi üçün peşman olduğunu deyib: “Burada məhkəməni anam-atam izləyir. Onların qarşısında xəcalət çəkirəm. Mənim valideyn himayəsindən çıxaraq evə çörək pulu gətirən vaxtımdır. Amma mən bunun əksini etmişəm. Gördüyüm işlərə görə peşmanam. Suriyaya getmək üçün bizə külli miqdarda və yaxud torba ilə pul təklif etməyiblər. Başa düşmədən bu addımı atmışam”.

“Orada güc yox, silah işləyir”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Suriyanın qəsəbə və kəndləri yiyəsizdir: “Biz də yiyəsiz qalmışdıq. Suriyada insanlar bir yerə toplaşıb yaşayırlar. Bu toplanışa da camaat deyilir. Camaatı terror qruplaşması saymaq düz deyil. Orada biz qəsəbə və kəndlərdə insanlarla bir yerdə olmuşuq. Başqa-başqa dövlətlərdən Suriyada yaşayanlara dövlət səviyyəsində yardımlar edilib. Həmin yardımlardan bizə də çatıb. Sakinlərdən yemək üçün nəsə istəmişik, veriblər. Orada yaşayış başqa cürdür, yemək üçün kim nə istəsə verirlər.

Evdən valideynlərimin xəbəri olmadan getmişəm. Fikirləşirdim ki, fiziki cəhətdən güclüyəm, orada yaşayanlara kömək edə bilərəm. Amma gördüyüm mənzərə fərqli oldu. Orada güc yox, silah işləyir”.

Daha sonra sərbəst ifadə üçün Vüsal Bayramova söz verilib. O isə ifadə verməkdən imtina edib. Bu səbəbdən təqsirləndirilən şəxsin istintaq ifadəsi elan olunub.

Vüsal Bayramov istintaqa ifadəsində Suriyada gedən cihadları internet vasitəsi ilə izlədiyini, bundan sonra Suriyaya getmək qərarı verdiyini deyib: “Suriyaya getmək üçün yollar axtardım. Şəkidə “Ömər” ləqəbi ilə tanınan Vüqarla görüşdüm. O da mənim düz yolda olduğumu, amma ora özbaşına getməyin mümkünsüzlüyünü dedi.

Vüqarın vasitəsi ilə Suriyada olan Aqil Hacıyevlə əlaqə saxladım. 2500 dollar götürərək Türkiyənin Qazantep şəhərinə getdim. Hasana 100 dolları verdim və onun vasitəsi ilə Suriya ərazisinə keçdim, Aqil Hacıyevin qanunsuz qruplaşmasına qoşuldum”.

Vüsal Bayramov da Suriyada döyüşlərdə iştirak etmədiyini söyləyib: “Valideynlərim Suriyaya getməyimdən narahat olublar. Onlar pul göndərəndən sonra gizli yolla geri qayıtmışam”.

16 yaşlı oğlunu Suriyaya göndərən atanın etirafları

Daha sonra 16 yaşlı oğlunu Suriyaya cihada göndərən Vüqar Dursunəliyevə ifadə vermək təklif olunub, o isə imtina edib. Onun istintaqi ifadəsi məhkəmədə elan olunub.

Vüqar Dursunəliyev istintaqa bildirib ki, Şəkidə fərdi əməklə məşğul olub, 2000-ci ildən ibadət edib: “Böyük oğlum Əhəd içki içir, sərxoşluq edirdi. Ona içkini atıb, dinə qayıtmağı təklif etsəm də, sözümü eşitmədi. Əhəddən imtina etdim, o da anamgillə yaşamağa başladı. Kiçik oğlum Elvin həddi-buluğa çatanda fikirləşdim ki, birdən böyük oğluma oxşayar. Bu səbəbdən onu dinə məcbur etdim, ona dini dərslər keçdim, ibadət qaydaları öyrətdim.

İnternetdə Bəşər Əsədin haqsızlığı və cihadla bağlı aparılan videolara baxırdım. Həmin videoları Elvinə də izlədirdim. Oğlumun cihada qoşulub Bəşər Əsədə, kafirlərə qarşı vuruşmağa ruhlandırırdım. Özüm işimlə bağlı Suriyaya gedə bilmədiyim üçün 2013-cü ildə oğlumu Suriyaya göndərmək qərarına gəldim. Oğlum azyaşlı olduğu üçün ölkədən təkbaşına çıxa bilməzdi. Onu Türkiyədə təhsil alan Tehran adlı həmyerlimiz vasitəsi ilə göndərmək qərarına gəldim. Elvini Tehranla Türkiyəyə göndərdim, oaradan da Suriyaya keçməsini təşkil etdim”.

Hakim Ramella Alahverdiyeva 16 yaşlı oğlunu Suriyaya göndərən atanı ittiham edib: “Sən özün ora getməmisən, körpə oğlanı niyə göndərmisən? Mən bu sözləri bir hakim kimi yox, ana kimi deyirəm. Bu yaşda gəncin qayğıya, sevgiyə ehtiyacı var. Amma sən onu od-alov olan yerə yola salmısan”.

Vüqar Dursunəliyev prokurorun suallarını cavablandırmayıb. Məhkəmə iclası aprelin 16-da davam etdiriləcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2015  18:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!