|
Allahşükür Paşazadə - Alimlər peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır, peyğəmbərlərin yolunu davam etdirənlərdirDinimizdə elmin və alimin mövqeyi barədə Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalamın mübarək hədisi var ki, alimlər peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır, peyğəmbərlərin yolunu davam etdirənlərdir. Ahlibeyt.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda keçirilən “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib. QMİ sədri qeyd edib ki, “Azərbaycan müsəlman dünyasının bir parçası olmaqla yanaşı, həm də dünyəvi və çoxkonfessiyalı ölkədir. İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsidir. Yüz illər ərzində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyyətimizdir”. Şeyxülislam deyib ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada, eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya və ksenofobiya halları da müşahidə olunur: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, elm və din xadimlərinin birgə fəaliyyətinə ciddi ehtiyac var. Dindən siyasi məqsədlər üçün istifadəyə, ekstremist təmayüllərə qarşı mübarizənin ön cərgəsində, ilk növbədə nüfuzlu siyasi və dini liderlər, ziyalılar, güclü təsir imkanlarına malik olan informasiya vasitələri durmalıdır. Keçirilən konfransın əsas məqsədi – bütün dünyaya dinlə elmin vəhdətinin vacibliyini bəyan etməkdir. "Bu gün “qloballaşma” məfhumu altında həyatımıza daxil olan bir sıra problemlər var. Dini müstəvidə yaşayan insanlar bu problemlərin yaranma səbəblərini dünyanın ilahi qanunlarının pozulması ilə əlaqələndirir və hesab edirlər ki, cəmiyyətlər Uca Yaradanın təyin etdiyi mənəvi dəyərlərdən uzaqlaşdıqca, bəşəri fəlakətlərə yaxınlaşırlar. Təəssüf ki, bəzi elm adamları problemin mahiyyətinə materialist mövqedən yanaşırlar, amma unutmaq olmaz ki, qlobal problemlərin yaranacağına dair ilahi xəbərdarlıq müqəddəs Kitabimiz Qurani-Kərimdə ehtiva edib: “Biz sizin üçün Yer üzünü islah edib (sizin yaşayıb yaratmanız üçün) düzəltdikdən sonra, orada fəsad törətməyin (qan tökməyin, viran qoymayın) (Əraf,56)”. Əfsuslar olsun ki, müasir dönəmdə biz cəmiyyət və insan həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb." Bildiyiniz kimi, biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik. Bu fəlakətləri özümüzdə yaşadığımız üçün İraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik. İki yüz ildən artıq dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya “məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar, gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər. Dünyada sülhün və əmin-amanlığın bərqərar olması, cəmiyyətdə mənəvi-əxlaqi bazisin yaradılması və ənənəvi dəyərlərin qorunması məsələsində ziyalıların, elm və din xadimlərinin səylərinin birləşdirilməsi önəmli şərtlərdəndir. "Dinimizdə elmin və alimin mövqeyi barədə Peyğəmbərimiz Həzrət Məhəmməd əleyhissalamın mübarək hədisi var ki, alimlər peyğəmbərlərin varisləri, xəlifələri və davamçılarıdır, peyğəmbərlərin yolunu davam etdirənlərdir. Yaxın keçmişimizə qədər dinə bəslənən neqativ münasibəti, elm və din arasında uçurum fərqi qoyulmasını ruhun bədəndən ayrılmasına bənzətmək olar. Bu gün din və elm yaradılan şərait və imkanlardan istifadə edərək bir-birinə arxa-dayaq olmalı, cəmiyyətin, özəlliklə gələcək nəslin düzgün ruhda tərbiyəsinə və maariflənməsinə yardım etməlidir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2015 13:27 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |