إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Adamyeyən” fətvası nə üçün təəccübləndirmədi?

Heç kimin gözləmədiyi halda gündəm dəyişdi. Yəmən faciəsi, İŞİD vəhşiliyi, İraqdakı döyüşlər, İranın nüvə məsələsi bir anlıq da olsun arxa plana keçdi. Hamının diqqəti deyilənlərə görə Səudiyyə Ərəbistanından pərvəzlanan fətvaya yönəldi. İlkin şokun əlamətləri aradan gedəndən sonra hamı başladı müzakirəyə, bu fətva müəllifini pisləməyə.

Bəziləri səudiyyəli şeyxin müdafiəsinə qalxdılar. Dedilər ki, “a kişi, şeyx başqadı e, şeyx belə etməz, arvadını yeməz” (yeri gəlmişkən, hələ bu məsələnin sonuna çıxılmayıb). Amma belələri az idi. Elə onlara qulaq verənlər də. Ölkə mediası, demək olar ki, yekdilliklə bu xəbəri yaydı və ətrafında müzakirələr başladı. Ən maraqlısı isə bilirsiniz nə idi? Faktiki olaraq heç kim xəbərin doğruluğunu şübhə altına almadı. Çünki, necə deyərlər, “başına gələn başmaqçı olar”. Daha öncə bu üzdəniraq şeyxlərdən hansı fətvalar eşitmədi ki bu camaat? Məsələn, qadın divara söykənib yata bilməz, çünki divar kişi cinsindəndir. Yaxud, müsəlman kişi evlənmək niyyətində olduğu qadını nikahdan əvvəl hamamda çimərkən gizlicə güdə bilər. Yaxud kişinin ölmüş həyat yoldaşı ilə sonuncu, necə deyərlər, vida cütləşməsi. Bəli, belə fətva da var idi. Yaxud... Amma nə ehtiyac var davam etdirməyə? Məgər 5-di, 10-du? Əsirlər boyu belə iyrənc, gülməli fətvalar verilib. İndi də ənənə davam etdirilir. Sükan etibarlı əllərdədir. Elə belə sükançıların fəaliyyəti üzündən İŞİD, “Əl-Qaidə”, “Taliban”, “Ən-Nusra” və sair terror təşkilatlar meydana gəlir, İslama üz qarası olur.

Təəssüf ki, gündəmi dəyişən fətva haqda məlumatların mətbuata ötürülməsi də, böyük ehtimalla islamofob qüvvələrə aiddir. O qüvvələrə ki, İslamı gözdən salmağa çalışır, İslamda bu tipli göstərişlərin olduğunu dünyaya inandırmaq istəyirlər. Amma burda maraqlı məqam bilirsiz nədən ibarətdir? Ondan ki, belə cəhdlərdə vasitə kimi məhz Səudiyyə və ya sələfi şeyxləri seçilir. Bu tipli fətvalar məhz onların adına çıxarılır. Niyə? Çünki məhz bu məzhəb alimlərinin insanları şoka salan digər fətvaları dəfələrlə olub.  Məhz onların fətvaları əsasında, aşkar və ya gizli dəstəyi nəticəsində İŞİD kimi vəhşi qruplaşmalar bəşəri cinayətlər törədir, kütləvi qırğınlara imza atır, əsirləri diri-diri yandırır və s. Odur ki, heç kimi belə "adamyeyən" xəbərlərə dərhal inanmağına görə qınamaq da olmur. Aşıq gördüyünü çağırar.

Mənbə:İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2015  15:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!