إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Sən də qoşul-2” adlı xeyriyyə aksiyası keçirilib(foto)

Tədbirdə qeyd edilib ki, layihənin əsas məqsədi  əldə olunan vəsaitlə cəbhə bölgəsində yerləşən orta məktəblərdəki şagirdlər üçün lazım olan ləvazimatları alıb onlara çatdırmağa yönəlib

Ahlibeyt.az-ın Yeniufuq.org -a istinadən verdiyi məlumata görə,tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu kimi aksiyalar  mənəvi dəyərlərin qorunmasına xidmət edir və insanları xeyirxahlığa səsləyir. Onun sözlərinə görə, insanlar bu qəbildən olan aksiyalarda fəal olmalı və öz mənəvi borcunu yerinə yetirməklə dövlətə dəstək olmalıdırlar.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli xeyriyyə aksiyasında iştirak edənlərə təşəkkürünü bildirərək qeyd edib ki, təşkilata hər zaman dəstək verən Türkiyə səfirliyinin din xidmətləri müşaviri Sadıq Erarslan Azərbaycandakı fəaliyyətini başa vurur: “Biz də Sadıq bəyə öz təşəkkürümüzü ona təşkilatımızın diplomu ilə təltif etməklə bildirəcəyik”.

Türkiyə səfirliyinin din xidmətləri müşaviri Sadıq Erarslan ona göstərilən diqqətə görə təşəkkürünü bildirib və qeyd edib ki, sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd “Allah qulun yanındadır, qul qardaşlarının yanında olduğu müddətdə” vurğulayardı: “Bizdə fəaliyyətimiz dövründə əlimizdən gələni etməyi özümüzə borc bildik. Bu təşkilatın sayəsində cəbhə bölgəsində olduq, orada yaşayan insanların vəziyyətindən xəbərdar olduq. Hər zaman qeyd edildiyi kimi Türkiyə-Azərbaycan qardaşlığı daim var olacaq və xeyirsevər insanların sayəsində daha da irəliyə gedəcək”.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Anar Kazımov “Yeni Üfüq” təşkilatının həyata keçirdiyi işlərdən danışaraq qeyd edib ki, dövlət komitəsi bu ictimai birliyin fəaliyyətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, dövlət qurumu bundan sonra da təşkilata öz dəstəyini əsirgəməyəcək.

TİKA –nın Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Polat deyib ki, Əhli-beyt mənsubu sədəqə almaz, əksinə öz imkanları daxilində sədəqə verər: “Şahidiyəm ki, bu təşkilat əlindən gələni edir. TİKA olaraq, biz bu xeyirxah işlərə müxtəlif layihələr çərçivəsində dəstək verə bilərik. Bu il Zeynalabdin Tağıyev adına bir xeyriyyə məktəbi açmaq istəyirik. Çünki Azərbaycanda bir xeyriyyəçilik ənəsi var və bizdə bu işin genişlənməsinə yardımçı olacağıq”.

Tədbirdə Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Xalq artisti, muğam ustadı Mənsum İbrahimov, Qafqaz Universitetinin rektoru professor Ahmed Saniç, ilahiyyatçılar Ağa Hacıbəyli, Elşad Mahmudov iştirak  ediblər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Aprel, 2015  14:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!