|
• Mənəviyyat • FatimiyyəXanım Fatimə (s.ə) bütün bəşəriyyət üçün əxlaq nümunəsidir
Zamanın İmamı Həzrət Mehdi(ə) buyurur:
وفي ابنة رسول الله صلى الله عليه وآله لي أسوة حسنة
“Allahın Rəsulunun –ona və əhli-beytinə salam olsun- qızı (Fatimə) mənim üçün gözəl bir nümunə və ülgüdür.”
əl-İhticac (Təbərsi) 2-ci cild 266-cı səhifə
Bəli, xanım Fatimə (s.ə) doğru yolu seçmiş insanların hamısı üçün gözəl bir nümunədir. Xanımın Allah-Taala yanında olan yüksək məqam və səviyyəsi onun Allaha bəndəçilikdə kamil olduğunun təcəllisidir. Həqiqi bəndə olmaq istəyən insan xanım Fatiməni (s.ə) özünə nümunə və ülgü etməlidir.
Xanım Fatimə (s.ə) buyurur:
اللَّهُمَّ لاٰ تَجْعَلْ مُصِیبَتِی فِی دِینِی وَ لاٰ تَجْعَلِ الدُّنْیَا أَکْبَرَ هِمَّتِی
“Allahım! Mənim müsibətimi (bəlamı) dinimdə qərar vermə və mənim ən böyük hədəfimin dünya həyatı olmasına qoyma.”
Biharul ənvar 83-cü cild 85-ci səhifə
Hədisin qısa şərhi:
Bu hədisdə gəlmiş “dində müsibət” və “insanın əsas hədəfinin dünya olması” insanlar üçün ən çətin sınaq və imtahanlardandır ki, insanların əksəriyyəti bu pilləni keçə bilmir, bu iki imtahanın səbəbindən axirətlərini itirirlər. Bu iki qorxulu sınaqdan keçmiş insanlar isə dünya və axirət xoşbəxtləridirlər.
Bəli, “müsibət” və “insanın əsas hədəfinin dünya olması” üçün yeganə yol Allah-Taalaya ixlaslı və səmimi bəndəçik etməkdir. İxlaslı və səmimi bəndəçilik budur ki, insan hansı vacib ya müstəhəb əməlləri edirsə, yalnız Allah xatirinə etsin, həmçinin hansı haram ya məkruh işlərdən çəkinirsə, yalnız Allah xatirinə çəkinsin.
Allah Taalanın hökmlərindən nəyisə xoşlamaq və nəyisə xoşlamamaq insan üçün çox incə bir imtahan və sınaq meydanıdır. Dində müsibət də elə budur.
Bəzən insan elə ibadətlər ya əməllər edir ki, onlar onun xoşuna gəlir, amma bəzən də əksinə olur. Məsələn: camaat namazlarında iştirak edir, gecələr gecə namazları qılır, ziyarətlərə gedir, elm öyrənir və s. Amma nə üçün bunları edir? Çünki xoşu gəlir, həzz alır bu əməllərdən. Həm özü razıdır bu əməllərə, həmdə özünü başqalarına sevdirir.
Bəzən də insan elə bir hökmlə, hadisə ilə rastlaşır ki, öz şəxsi hörmətini təhlükədə görür, onun meyil və istəklərinə uyğun gəlmir. Məsələn: varlı ya nüfuzlu insanların içində kasıb insanla birlikdə oturmaq və ya xəta etdikdə üzr istəməyin lazım olduğu, ya da hansısa insana maddi yardım etmək lazım olan zamanda...
Əgər bunlara da xoşluqla itaət edərsə, bu adama Allah Taala yanında deyilir “BƏNDƏ”.
Məlum olar ki, bu insan həqiqətən də Allah Taalanın bəndəsi və quludur.
Amma xoşu gəldiyi əməlləri edirsə və xoşu gəlmədiyi əməlləri etmirsə, üstəlik ona qarşı çıxırsa, Allah eləməsin, alimləri, müctehidləri, hətta İmamları və Peyğəmbərləri belə inkar etməyə hazır olursa, buradan məlum olur ki, bu insan mömin deyilmiş.
Bütün illəri o öz meyil, həvəs və istəklərinə, başqa sözlə özünə ibadət və itaət edirmiş.
Lənətlənmiş İblis də ibadət edənlərdən idi. Altı min il ibadət etmişdi. O qədər ibadət etmişdi ki, yüksələrək mələklərin sıralarına daxil olmuş, sonralar isə hətta mələklərin pişnamazı olmuşdu. Ona bir dəfə deyildi ki, “Adəmə səcdə et!”, o, bu əmri öz şəxsi hörmətinə, meyil və istəyinə zidd sandı və Allah Taalanın əmrindən çıxdı. Əgər İblis Adəmə səcdə etsəydi, öz mövcud məqamını Allah Taala yanında daha da yüksəltmiş olacaqdı. Amma o, bunu etmədi. Dedi: “Mən bunu xoşlamıram, mən bunu qəbul etmirəm.” Beləliklə də Allah Taalanın dərgahından qovuldu.
Deməli, bizlər çətin bir imtahan və sınaqdayıq. Əgər Allah eləməsin, hansısa əməli xoşlamırıqsa, “mən bu əməli qəbul etmirəm” , “mən o alimi qəbul etmirəm” və sair yolla biz Allah Taalaya qarşı çıxmaqla üzbəüz oluruqsa, çalışaq ki, imanımızı və əqidəmizi gücləndirək, yəqinimizi artıraq, mənəviyyatımıza daha çox vaxt ayıraq. Özümüzü həmin əməlləri etməyə məcbur edək.
Baxın, əgər birinin ata-anası ona hər bir yaxşılıq edib və edirsə, həmin insan öz valideyninə ehtiram edirsə və bu ehtiram etməkdən həm özü həzz alırsa və həm də başqalarının onu tərifləməyindən xoşlanırsa, bu həmin adamın özünün izzəti və hörməti əsasındadır. Amma əgər ata-ana kasıb olduqlarından bunun üçün heç nə edə bilməyiblərsə və ya elə hərəkətlər etsələr ki, bunun xoşu gəlməyə o hərəkətlərdən, bununla yanaşı bu insan öz narahatlığını bildirməzsə, onlara “uff” belə deməzsə, yenə də onlara ehtiram və xidmət etməyə davam edərsə, bax bu insan olacaq həqiqi “bəndə”.
Allah Taala xanım Fatimə (s.ə) xatirinə bizim hamımızı həqiqi bəndələrdən qərar versin.
Mənbə: Birlik.az- Rza İravani (ilahiyyatçı-yazar)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2015 13:03 ⁄ Çap
Bu bölmədə15 Noyabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür17 Dekabr, 2023 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür12 Dekabr, 2022 Xanım Fatimeyi-Zəhranın(s.ə) şəfaəti |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |