إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

MTRŞ sədri: “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan verilişlərlə bağlı qərar qəbul ediləcək”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli hazırda Azərbaycanda yeni televiziya kanallarının yaradılmasına ehtiyac görmür.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, N.Məhərrəmli jurnalistlərə açıqlamasında  telekanalların efirində yol verilən qüsurlarla bağlı bildirib ki,indiyə qədər MTRŞ telekanalların yaradıcılıq siyasətinə qarışmayıb: “Amma qanunvericiliyə son dəyişiklikdən sonra MTRŞ bu sahədə işlərini daha da artıracaq, telekanallarda gedən verilişlərin kontentinə ciddi fikir verəcək.

 

N.Məhərrəmli bildirib ki,yaxın vaxtlarda MTRŞ-in Monitorinq şöbəsinin araşdırmalarının nəticəsinə uyğun olaraq addımlar atılacaq. Hansı televiziya kanalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, televiziya və radio yayımı haqqında qanunvericiliyə uyğun olmayan verilişlər olacaqsa, o verilişlərlə bağlı qərar qəbul ediləcək. Amma biz hesab etmirik ki, bu səlahiyyətləri almaqla televiziya kanalları üzərində bir "Domokl qılıncı" olmalıyıq. Sadəcə, hər kəs öz işini qanuna uyğun şəkildə həyata keçirməlidir”.

 

MTRŞ sədri qeyd edib ki, televiziya və radio kanallarındakı mövcud vəziyyətin MTRŞ-i çox narahat edir: “Bəzən Azərbaycanda televiziya və radio yayımı sahəsində vəziyyəti qonşu ölkələrlə, xüsusən Rusiya və Türkiyədə telekanalardakı verilişlərin keyfiyyəti ilə müqayisə edirlər. Mən də istərdim ki, Azərbaycan telekanallarında televiziya verilişlərinin səviyyəsi o ölkələrdəki kimi yüksək olsun. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan telekanallarında reklamın 1 dəqiqəsinin qiyməti təqribən 1000-2000 manat arasındadırsa, Türkiyədə  və Rusiyada bu məbləğ 50-60 min dollar arasındadır. Təbii ki, bu qədər fərq arasında yüksək keyfiyyət göstərmək çətindir. Ona görə də hər dəfə televiziya kanallarını tənqid ediriksə, onların real vəziyyətinə də baxmalıyıq. Çalışmalıyıq ki, televiziya kanallarının reklam bazarı artsın. Çox təəssüf ki, Azərbaycanda reklam bazarı çox aşağı səviyyədir. Çalışmalıyıq televiziya kanalları daha çox gəlir əldə etsinlər ki, daha keyfiyyətli verilişlər ortaya qoysunlar”.

 

Mənbə-Apa.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2015  14:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!