|
İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanda beynəlxalq təhsil layihəsinə start verilibArtıq 5 ildir ki, Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli” beynəlxalq təhsil layihəsinə növbəti dəfə start verilib. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,İslam Konfransı Gənclər Forumu tərəfindən “İƏT Modeli” – Beynəlxalq Münasibətlər Akademiyası” adı altında 40-a yaxın ölkədə eyni zamanda təşkil edilən layihə, Azərbaycanda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Bakı Dövlət Universitetinin tərəfdaşlığı əsasında həyata keçirilir. "İƏT Modeli: Beynəlxalq Münasibətlər Akademiyası Azərbaycan - 2015" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində baş tutan birinci təlimdə ilk məruzəçi İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzin direktoru Elçin Əsgərov olub. O, İƏT Model strukturu, tarixi, vəzifəsi və məqsədləri barədə geniş məlumat verib. İkinci İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzin xarici əlaqələr departamentinin rəhbəri Sevinc İsgəndərova və departamentin əməkdaşı Vüsal Qurbanovun təqdimatında “Xocalıya ədalət” kampaniyası haqqında olan mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Təlimin üçüncü hissəsi Fələstinin fövqəladə və səlahiyyətli səfiri Nasser al Raheem tərəfindən Fələstin-Azərbaycan münasibətləri mövzusunda və Fələstinin OİC təşkilatında rolu barədə təqdim olunan mühazirəni əhatə edib. İlk tədbir gənclərin Fələstin səfirinə yönləndirdiyi sualların səfir tərəfindən cavablandırılması ilə yekunlaşıb. Proqramda Bakı Dövlət Universiteti başda olmaqla 15-dən artıq ali məktəbi təmsil edən 450 tələbə arasından seçilmiş 130-dan artıq gənc iştirak edir. Ötən illərdən fərqli olaraq bu il layihəyə sadəcə azərbaycanlı tələbələr deyil, Azərbaycanda təhsil alan xarici tələbələr də cəlb olunub. 6 həftə ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olacaqlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, diplomatlar, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar. Qeyd edilən müddət ərzində İƏT-in aparıcı ölkələrini təmsil edən gənclərin yaratdıqları işçi qruplar model oyunlar çərçivəsində beynəlxalq münasibətlərin aktual problemlərini müzakirə edəcək, əsasən İƏT arealında baş verən və beynəlxalq təsirə malik problemləri, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edərək adıçəkilən problemlərin həll edilməsi üzrə konkret təkliflər verəcəklər. Müzakirələrin nəticəsi olaraq aprel ayında model oyunlar çərçivəsində “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantı keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcək. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həlli istiqamətindəki təkliflər öz əksini tapacaq. “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ndə qələbə əldə edən işçi qruplar beynəlxalq sertifikat və xüsusi mükafatlarla təltif olunacaq, ən aktiv 3 iştirakçı 2015-ci ilin iyun ayında, 40-dan artıq ölkə nümayəndələrinin iştirakı ilə İƏT-ə üzv ölkələrdən birində keçiriləcək “Beynəlxalq İƏT Modeli” yarışmalarına qatılmaq hüququ əldə edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2015 13:28 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |