إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanın din xadimləri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə və Avropa Məhkəməsinə müraciət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə,Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Azərbaycandakı katolik icmasının rəhbəri Ordinari Vladimir Fekete ilə birgə Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə müraciət ünvanlayıb.

Ahlibeyt.az-ın QMİ-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müraciətdə deyilir:

" Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək, dini, dili, irqi və milli mənsubiyyətinə görə fərq qoymadan bütün dünya ictimaiyyətinə Azərbaycan şəhəri Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımın 23-cü ildönümü ərəfəsində müraciət edirik. Elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərlərə zidd olan zorakılıq, qətl, təcavüz kimi qeyri-insani cinayət əməllərinə haqq qazandırsın.

Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakinləri erməni işğalçılarının qəfil və amansız basqınına məruz qalmışdır. 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmamışdır. Nəticə etibarilə, Xocalı şəhəri yer üzündən silinmiş, onun 150 nəfər sakini itkin düşmüş, 1275 nəfəri əsir götürülərək ağır işgəncələrə məruz qalmış, amansızcasına qətlə yetirilmiş insanların meyidləri üzərində ağla sığmayan vəhşiliklər törədilmişdir.

Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, maddi və mənəvi terror gerçəkləşdirmiş erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər.


Xocalıda dinc əhaliyə qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olub.Lakin təəssüflər olsun ki, iyirmi ildən artıq müddət keçməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının erməni qəsbkarlarının zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 məlum qətnaməsinin şərtləri bugünədək yerinə yetirilməmiş, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almamışlar. Belə cəzasızlıq isə, öz növbəsində, analoji cinayətlərin təkrarlanmasına rəvac verir.

Bu gün artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırım aktı kimi tanımışdır. Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında önəmli rol oynayır.

Bütün bunların fövqündə, beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan bəzi hadisələrin üzərindən bir əsrin keçməsinə baxmayaraq, işgalçı Ermənistan dövləti tərəfindən siyasiləşdirilərək soyqırım kimi təlqin olunması meylləri hələ də davam etməkdədir. Heç bir tarixi həqiqətə söykənməyən uydurma erməni soyqırımının tanıdılması cəhdləri, özlərini «soyqırım qurbanları» kimi qələmə vermələri, ildönümlərinin qeyd edilməsi tarixin siyasi məqsədlərlə saxtalaşdırılmasından başqa bir şey deyildir.

Bu saxta iddialara havadarlıq edənlər bilməlidirlər ki, həqiqət gec-tez qalib gələcək və ədalət öz yerini tutacaqdır!

Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyadan olan din xadimləri Vətənimiz Azərbaycanın ayrılmaz parçası olan Qarabağda, o cümlədən, Xocalıda şəhid olmuş insanların xatirəsini əziz tutur, bütün dünya xalqlarına sülh, səadət və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır.
Buna görə də, üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına, cinayətkar əməllərə prinsipial siyasi, hüquqi qiymət verilərək günahkarların cəzalandırılmasına və Xocalıda törədilən kütləvi qırğının soyqırım aktı kimi tanınmasına çağırırıq.

Uca Yaradan haqq işimizə yardımçı olsun!"

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2015  14:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!