|
Hacı Şahin Həsənli - Mənəvi təmizlik üçün insan əvvəl dəlil-sübuta əsaslanmalı, sonra dəlillə qəbul etdiyi nəsnəni qəlbinə ötürməyi bacarmalıdırİslam tarixində nəqli dəlillərə əsaslanan, ağıla söykənən və mükaşifəni idrakın mənbəyi hesab edən müxtəlif cərəyanlar olub. Elə cərəyan olub ki, ayə və hədislərdəki fikirləri ağıl təhlilindən kənar şəkildə, birbaşa qəbul ediblər. Əgər “Quran”da yazılıbsa Allahın əli var, bunu birbaşa mənada qəbul edirlər. Belə yanaşma dərketmədə ağılın rolunu tam inkar etməkdir. Ahlibeyt.az-ın Contact.com-a istinadən verdiyi məlumata görə,bu fikirləri İlahiyyatçı alim,“Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənli geniş müsahibəsi zamanı bildirib.Müsahibənisinin tam mətnini təqdim edirik. -Hacı, fikrinizcə, elmlə imanın sərhədləri harada başlayır, harada qurtarır, elə məqamlar varmı ki, orada iman və elm çuğlaşır? - Elm və iman münasibətləri islam mütəfəkkirləri arasında daimi müzakirə mövzusudur. Elm və iman məsələsi idrak və mərifətin özü ilə bağlıdır. Bir sıra dini məktəblərin diskissiylarının ana xəttidir. Öncə ağıl, elm və iman terminlərinin təriflərinə baxaq. Elm məlumatların toplusu, alim insan bilicisi, ağıl isə bu bilikləri təhlil etmək qabiliyyətidir. Ola bilər ki, kimsə elm sahibidir, amma təhlil etmək sahibi deyil. Bir başqası ağıllı, amma elmsiz ola bilər. Elmi biliklər ağılın təhlil mənbəyidir. Bu təhlillər əsasında müəyyən nəticələrə gəlib çıxmaq olur. İmana bəzən səhv yanaşaraq onu nəyəsə kor-koranə inanmaq kimi qavrayırlar. Bu, yanlış yanaşmadır. İman kor-koranə inanmaq yox, əksinə, təhlilə, məntiqə söykənən inamdır. İman ağıl əsasında nəyəsə inanmaqdır. İnsan elmə yiyələnir, bu elmi təhlil edir və təhlil nəticəsində iman gətirir. Ona görə də iman elm, əqli mühakimələr üzərində qurulmalıdır. İmanın təməli ağıl və elm olmaldır. Amma təəssüf ki, uzun əsrlər boyu bu dəyərlər bir-birinə qarşı qoyulub. Bu məsələdə müxtəlif cərəyanlar fərqli mövqelərdən çıxış ediblər. İslam tarixində nəqli dəlillərə əsaslanan, ağıla söykənən və mükaşifəni idrakın mənbəyi hesab edən müxtəlif cərəyanlar olub. Elə cərəyan olub ki, ayə və hədislərdəki fikirləri ağıl təhlilindən kənar şəkildə, birbaşa qəbul ediblər. Əgər “Quran”da yazılıbsa Allahın əli var, bunu birbaşa mənada qəbul edirlər. Belə yanaşma dərketmədə ağılın rolunu tam inkar etməkdir. Bu qism cərəyanlar dini mətnlərin yalnız zahirinə iman gətirir, müqəddəs dini mətnlərə ağıl kontekstindən yanaşmağı qəbul etmirlər. Bu mənada əxbarilik cərəyanı nəzərdə tutula bilər. Bunları müəyyən mənada islam daxilində “materialistlər” də adlandırmaq olar. Bu emprik yanaşmadır. Yəni, forma qəbul olunur, məzmun inkar edilir. Belə cərəyanlar quru ehkamçılığa əsaslanırlar. Bu sırada ibn-Teymiyyənin adını çəkmək olar. Onun görüşləri, əsasən ehkamçılıq, şəriət hökmlərinə kor-koranə itaət üstündə formalaşıb. Cərəyan olaraq əşərilər buna əsaslanıb. Dini mətnləri ağıl çərçivəsində yox, birbaşa mənada qəbul edirlər. İkinci tərəf isə sırf ağıl tərəfdarlarıdır. Buna məşailiyi aid etmək olar. Bu cərəyan qədim yunan fəlsəfəsinin, əsasən də Aristotel ideyalarının müsəlmanlaşdırılmış forması kimi qəbul oluna bilər. Bu qrup dini mətnlərə o qədər önəm verməyib, dinə yalnız ağıl kontekstindən yanaşıb. Ağılı olduğundan çox uca tutublar. Digər idrak üsullarını əhəmiyyətisız sayıblar. Bu qrup üçün şəriət tam mənada əhəmiyyətini itirib. Bunlar dinin əməli tərəfini inkar edərək, əməli tərəfi nəzəri cəhətə qurban veriblər. Bu qrup islam intibahının mühərriki rolunda çıxış etsə də, ağıl məsələsində ifrata varıb. Dini mətnlərə həqarətlə yanaşılıb və mötədilləri bu zümrəyə aid etmək olar. Bu zümrənin dini mətnləri tam kənara qoymaları ehkamçıların radikallaşmasına səbəb olub. Üçüncü tərəf isə bəzi ürfani cərəyanlardır ki, mükaşifəni idrakın əsas mənbəyi sayırlar. Mükaşifə nəyisə qəlb gözü ilə görməkdir. Bu toplum dini rituallar zamanı ekstaz haldakı təsəvvürlərini həqiqət kimi qəbul edə bilirlər. Bu yanaşma özü də yanlışlıqdan sığortalanmayıb. Bu yanlışlıq ağıl və nəqli dəlilləri kənara qoyaraq mükaşifəyə əsaslanmağın nəticəsidir. Bu üç cərəyan arasında barışıq nöqtələri tapmaq istəyən alimlər də olub. Ibn-Sina özü bu qəbil şəxslərdən biridir. Amma yalnız molla Sədra (Sədrül Mütəllim) bu üç yanaşma arasında barışıq nöqtəsi tapmağa müvəffəq olub. O, sübut etməyə çalışıb ki, ağıl, iman və mükaşifə mənəvi təmizlənmə, bir-birini tamamlayan istiqamət və Allaha aparan yoldur. Ağılla imanın sərhədlərinə gəlincə, ağıl dəlillər əsasında nəyəsə inanmaqdırsa, iman qəlb vasitəsilə həmin həqiqəti qəbul etməkdir. Mənəvi təmizlik üçün insan əvvəl dəlil-sübuta əsaslanmalı, sonra dəlillə qəbul etdiyi nəsnəni qəlbinə ötürməyi bacarmalıdır.Bu nəsnənin qəlbə ötürülə bilməsi üçün qəlbi təmizləməyi bacarmaq lazımdır. Qəlbın təmizlənməsi isə ancaq əməl və əxlaqla mümkündür. - Çox maraqlı bir nöqtəyə gəldik. Belə ki, birbaşa mövzuya aid olmasa da, amma günümüzdə Parisdə terror aktı törədildi, sabah həmin şəxslər bunu imandan irəli gələrək etdiklərini çox asanlıqla söyləyə bilərlər. Fikrinizcə, burada imana söykənən bir nüans varmı, yoxsa bu terror özü imansızlıqdır? - Bu məsələ də haqqında danışdığımız nəzəri mövzu ilə əlaqəlidir. Çox zaman nəzəriyyələr belə hərəkətləri doğurur. Bu da dinə yanlış yanaşmanın birbaşa təzahürlərindən biridir. Din idrak mənbəyi olaraq ağılı qabardır. “Quran”da insanları hikmət və gözəl nəsihət yolu ilə Rəbbinə doğru yönəltmək haqda ayə var. Dəvət hikmətə əsaslanmalıdır, hikmətsə məntiq və əqli dəlilləri nəzərdə tutur. Bu gün hansısa bir zorakılığı din adı ilə əsaslandran insanlar din ilə ağlın əlaqəsini inkar edənlərdir. Hər hansı din olursa olsun, lap Allahdan gələn din, zorakılığa əsas verə bilməz. Bu insanlar ağıla əsaslanmayan imana söykənib belə hərəkətlərə yol verirlər. Bu mənada Mühəmməd peyğəmbər (ə.s)-dan hədis var: “İki insan belimi sındırdı, bir elmsiz abid, bir də imansız alim”. Bu hədis bu iki dəyərin bir-birini tamamlamasına işarə edən mühüm hədislərdən biridir. Tarix boyu elmsiz abidlərin dinə vurduğu zərbə həmişə böyük olub. Bu islamın ilk dövrlərindən bu günə kimi davam edir. Həzrət Əli (s.s.ə) dövründə ona qarşı dayanan bir ordu cahil abidlər vardı. Bu insanlar gecələri səhərə qədər ibadət edər, gündüzləri oruc tutardılar. Bu ibadətləri görəndə Mühəmməd peyğəmbər (ə.s) səhabəsi ibn-Abbas belə çaşqınlığa düşür ki, bu insanları necə qətlə yetirmək olar? Bu insanlar Həzrəti Əliyə qarşı mübarizəni özləri üçün dini vəzifə hesab edirdilər. Həzrəti Əlinin qatili də məhz bu cərəyanın içindən çıxdı. Elmsiz imanın dinə vurduğu zərbə bax, budur. Bu mənada Həzrəti İsadan da hədis var. İsa peyğəmbər (ə.s) bir gün qaçırmış, soruşurlar ki, hara qaçırsan? Cavab verir ki, nadanların əlindən qaçıram. Daha sonra Allahın iznilə ölüləri diriltdiyini, xəstələrə şəfa verdiyini, amma nadanları islah edə bilmədiyini söyləyir. Cahillik doğrudan böyük xəstəlikdir, hansısa qüvvələr məqsədli şəkildə bu “xəstəliyin” müsəlmanlar arasında yayılmasına rəvac verirlər. Bu məsələyə külli miqdarda maliyyə vəsaiti ayrılır, çox zaman da bu islam daxilindən yox, hansısa kənar qüvvələrdən qaynaqlanır. Bu davranışlar elm və iman məsələsini yenidən aktuallaşdırır. İslam mütəfəkkirləri bu iki məvhumun uzlaşdırılması yönündə addımlar atmalıdırlar. Təbliğatın ana xəttini dinin ağıl və məntiq üstündə qururması təşkil etməlidir. Ağıl və məntiqdən kənar hər nə varsa, din sayıla bilməz və bunu insanlara birmənalı çatdırmaq lazımdır. -İslamda bəzi məsələlər var ki, birbaşa Mühəmməd peyğəmbər (ə.s)-ın özünə aiddir. İsra (merac) məsələsi, “şəqqül-qəmər” (parçalanmış ay) məsələsi kimi. Hələ bu gün də islam alimləri arasında peyğəmbərin meraca cismən, yoxsa ruhən getməsi məsələsi müzakirə mövzusudur. “Şəqqül-qəmər” məsələsində doğrudanmı parçalanma, yoxsa bunun məcazi mənada olması haqda danışılır. Burada elmlə iman arasında nisbət, bir də bu məsələlərə yanaşma necə olacaq? - Bunlar möcüzəyə aid məsələdir. Möcüzə peyğəmbərlərin peyğəmbərliklərinin təsdiqi vasitələrindən biridir. Möcüzə bəzən elm və ağılla izah edilə bilmir. İslamda ağıla və elmə zidd heç nə yoxdur, amma dində ağlın və elmin anlamadığı bir sıra məsələlər var. Belə deyək, qanunauyğunluğu hələ kəşf edilməyən məsələ kimi. Elə məsələ ki, elm hələ onu izah etmək səviyyəsinə gəlməyib. Elmin dairəsi məhduddur, elm təcrübəyə əsaslanır. Amma təcrübə də insana hər həqiqəti catdıra bilmir. Biz hər bir məsələyə emprik məntiqlə yanaşa bilmərik, çünki, elm bütün sahələri əhatə edə bilmir. Dində elə məsələlər var ki, bu sırf imanla anlaşılır. Dinin təməl prinsipləri elmə və ağıla söykənir. Amma bəzi məsələlər var ki, onun elmi izahını verməməklə Allah-u-Təala (c.c) insanı imtahana çəkir. Təkrar edirəm ki, bunlar ağıla zidd məsələlər deyil, sadəcə bu gün ağlın hələ izah edə bilmədiyi məsələdir. Bu fərqi xüsusi göstərmək istəyirəm. Bu artıq imana aid məsələdir. İnsan qəlbini təmizləməklə bəzi həqiqətləri qəbul edə bilər. “Quran-i-Kərim”də belə bir ayə var: “Ərəblər dedilər ki, biz iman gətirdik, onlara de ki, iman gətirdik deməyin, deyin ki, biz islamı qəbul etdik, iman sizin qəlbinizə daxil olmayıb”. İnsan ağıl vasitəsilə dini qəbul edir, ağılın qəbul etdiyinin qəlb tərəfindən təsdiqi üçün özünü təmizləməyə ehtiyac var. Bu təhkiyyə, təmizlənmə mərhələsidir. Meracla bağlı müəyyən elmi məsələlər müzakirə edilir. Bir çox alimlər peyğəmbərin cismani meracına inanır. Elm bu gün bunu izah edə bilmədiyi kimi, inkar da edə bilmir. Ola bilər ki, bir zaman olar ki, bunun elmi izahı da verilə bilər. Musa peyğəmbərin əsasının əjdahaya çevrilməsi möcüzəsi var. Amma bəzi məsələlər var ki, qeyri-maddi səbəblərdən baş verir. Bu da insanın imanının imtahanına bağlı məsələdir. İnsan elmilə həddən artıq qürrə etməməlidir ki, bu təkəbbürə gətirib çıxara bilər. Daha bir məsələ Həzrəti Əli (s.ə)-in Zülfüqar adlı qaılıncının uzanaması məsələsidir. Bəzən insanların ifrata varması belə xurafata gətirir. Bəzən məclislərdə də belə dini və elmi əsası olmayan söhbətlərə şahid oluruq. Zülfüqarın uzanması ilə bağlı mötəbər mənbələrdə məlumat yoxdur. Amma bunun izahı var. Belə ki, Həzrəti Əli bir döyüşə gedəndə Zülfüqarı yox, başqa bir qılıncı götürür. Səlmani Farsidən rəvayətdir ki, soruşdum ki, ya Əli nədən uzun Zlüfüqarı yox, ondan qısa olan bu qılıncı götürdün? Həzrəti Əli cavab veirir ki, cəsarətli kişilər əlində qısa qılınclar da uzanar. Yəni, Zülfüqar qılınıcının uzanması qılıncın xüsusiyyəti yox, Həzrəti Əlinin bitib tükənməyən şücaət və cəsarətində idi. Odur ki, əsassız düşüncələrlə bəziləri Həzrəti Əlini tərifləmək istəyirsə, onun belə təriflərə ehtiyacı yoxdur. Həzrəti Əli dövrünün dahi mütəfəkkirlərindən biridir. Onun “Nəhcül-bəlağə” əsəri özü bir elm, mərifət xəzinəsidir. Bunu araşdırmaq əvəzinə bəzən elmi və məntiqi əsası olmayan fikirlərə rəvac veririk. Belə əsassız fikirlər həm də Həzrəti Əli şəxsiyyətini tanımamağın nəticəsi kimi ortaya çıxır. Mühəmməd peyğəmbər (ə.s) özü də zamanında xurafata qarşı mübarizə aparmalı olub. Peyğəmbərin oğlu İbrahim vəfat edəndə gün tutulur. Bir çoxları bunu peyğəmbərin oğlunun vəfatı ilə əlaqələndirirlər. Bu məsələyə zahiri yanaşdıqda təbliğati baxımdan peyğəmbərin xeyrinə olan məsələ kimi görünür. Yəni, gör peyğəmbərin Allah yanında hörmət-izzəti necədir ki, övladının ölümünə görə gün tutulur. Amma peyğəmbər bu məsələyə dərhal münasibət ifadə edir. Məsciddə insanlar önündə çıxış edərək günün tutulmasının onun övladının vəfatı ilə hər hansı əlaqəsi olmadığını, adi təbiət hadisəsi olduğunu bəyan edir. Təbliğatı üçün xalqın xurafatı hisslərindən istifadə etmir. Cahillik hesabına tərəfdar toplamaq kimi addım atmır. Kərbəla hadisələrilə bağlı bəzi xurafatçı, həqiqətdən uzaq yanaşmalar dinin özünü gözdən salır. Din mahiyyət etibarilə elm və ağılla səsləşən dəyərdir, təməlini elm və ağıl təşkil edir. Ağılın dərk edə bilmədiyi istisna olan bəzi həqiqətlər var ki, Allah vəhy yolu ilə onu peyğəməbrə çatdırır. Məs, ibadətin vacibliyi insana elmlə, forması vəhy yolu ilə insana çatdırılır. Namazların rükət məsələsi ağlın tapa bilməyəcəyi məsələ olduğu üçün vəhylə tənzimlənir. Biz əməlimizə görə axirət aləmində cəza və ya mükafatı alacağımızı ağılla dərk edə bilirik. Amma axirət aləmində cənnətin və ya cəhənnəmin necəliyi ağlın dərk edə bilmədiyi məsələ olmadığı üçün vəhy yolu ilə insanlığa çatdırılır. -İslam daxilində bu qədər cərəyanların yaranması nədir, iman, yoxsa imansızlıq, düşüncə və elm nə qədər bu məsələnin daxilindədir. Əgər “Quran-i-Kərim”də “Allahın ipindən yapışın və bir daha ayrılmayın” ayəsi varsa bu qədər cərəyanların yaranmasınnı səbəbi nədir? - İslam daxilində cərəyanlaşma məsələsi belə müzakirə etdiyimiz mövzu ilə birbaşa bağlıdır. Bütün cərəyanların tarixini təhlil etsək, yenə də ortaya elm və iman məsələsi çıxır. Hansısa bir cərəyan elmi inkar edir, dini mətnlərin formasını qəbul edir, mətnləri kiçildərək ağılın hüdudlarını olduğundan artıq qəbul edənlər var. Orta yolu tutan azdır, baxmayaraq ki, Mühəmməd peyğəmbər (ə.s)-ın müsəlmanlara “siz orta yolu tutan ümmətsiniz” kimi nəsihət, tövsiyyə və vəsiyyəti var. İfrat və təcizdən uzaq olmaq doğru yolun əsas xüsusiyyətlərindən biridir. Amma bütün bunlara baxmayaraq sapmalar olur. Bəzən də insanların nəfsaniliyi bu təriqətləri yaradır. İnsan nəfsi o qədər sərhəd tanımır ki, hətta dini də istismar edə, öz mənafeyinə xidmətə gətirə bilir. Xilafətlər ümmət birliyinə zərbə vurmaq üçün din daxili cərəyanların daha da çoxalmasında maraqlı olublar. Bu təhlükə bu gün də var. Bəzən hansısa supergücə sərf edən düşüncələr müsəlmanlar arasında təbliğ edilir, hətta maliyyələşdirilir. - Bəzən bu cərəyanlar bir-birilərini imansızlıqda ittiham edərək, qətlə belə əl ata bilirlər, cərəyanlar arasında “imanlı” olmaq və ya “olmamaq” qarşıdurması nədən doğdu? Bir də müsəlmanların bir-birinə “Allah imanını kaml etsin” duası var, amma “Allah elmini kamil etsin” duası yoxdur. -Burada bir incə nöqtə var. Allah-u-Təala (c.c) Adəmi xəlq etdikdə Adəm üç nurani surət görür. Bu nurani sifətlərdən biri ağıl, biri din, biri həyadır. Allah-Təala təklif edir ki, bunlardan birini seç. Həzrəti Adəm ağılı seçir. Ağlı özünə tərəf çağırdıqda dinlə həya da onun dalınca gəlir. Çünki, ağıl din və həyadan ayrı ola bilməz. Həyata ağıl və elmlə yanaşdıqda dinə və dini inanca sahib olmaq labüdə çevrilir. Əslinə qalarsa, dinlə ağıl bir-birindən ayrıldıqdan sonra insanlıq faciələr yaşamağa başladı. Avropada intibah dövründə inanca qarşı qiyam baş verdi. Avropanın sekulyarlaşması inanca qarşı mübarizə idi. Amma hansı inanca qarşı? O inanca ki, elmi inkar edirdi. Bir ifratdan başqa bir ifrata keçdi baş verdi. Kilsə hakimiyyəti dönəmində elm kilsənin inhisarında idi. Kilsə təlimlərinə zidd olan elmi baxışlara amansız mübarizə aparılırdı. Sonra elm qiyama qalxaraq demək olar ki, dini, imanı bütünlükdə inkar etməyə başladı. Bunun acı nəticəsini Qərb dünyasında görürük. Qərbin elmi-texnki tərəqqisi danlmazdır, amma mənəvi rahatlığı yoxdur. İmanı kənara qoyaraq elmi büt kimi qəbul etmək də özü də yolverilməzdir. Elm və iman birlikdə insanı həqiqətə çatdıran vasitədir, bunlar bir-birilə yanaşı olmalıdır, bir-birinə qarşı qoyulmamalıdır. İstər xristianlıqda, istər müsəlmanlıqda bunun təzahürlərini görürük. Müasir dünyada baş verən faciələr bu yanaşmanın acı nəticəsi kimi qəbul olunmalı, bu iki dəyərin qarşı-qarşıya qoyulmasının sonucu sayıllmalıdır. Təkfirçilik dinə ağılsız yanaşmanın nəticəsidir. Axı, insanların sayı qədər Allaha gedən müxtəlif yollar var. Bu yollar forma etibarilə fərqli ola bilər, məzmun etibarilə eynidir. Biz başqa insanların yolunu düz hesab etməsək belə, dözümlü yanaşmağı bacarmalıyıq. Bu mənim yox, “Quran”ın dəvətidir. Bütün cərəyanlar, dinlər arasında fərqli cəhətlər var, amma ortaq cəhətlər də çoxdur, diqqəti də ortaq cəhətlərə yönəltmək lazımdır. Bu məsələdə din xadimləri böyük məsuliyyət daşıyır. Dini insanlara səmimi şəkildə çatdırmağa ehtiyac var. Bəzi din xadimləri mətbuat üçün bir cür, öz tərəfdarları üçün başqa cür danışmamalıdır. Bütün dini cərəyan və məzhəblər, müxtəlif dinlər arasında ortaq nöqtələri qabartmağı bacarmalıyıq. Bu məqam dünyada insanların rahatlıq içində yaşamasının təminatçısı ola bilər. Hazırda dünyada baş verən faciəvi hadisələrdən heç kəs sığortalanmayıb. Bu məqam dinin yanlış təbliğinin nəticəsidir. Dinlərarası ortaq dəyərlər prioritet kimi qəbul olunarsa bu zaman bəşəriyyət yanlış yanaşmalardan sığortalana bilər. Dini inkar etməklə heç nə əldə etmək olmaz. Sovet dönəmində də deyilirdi ki, elm inkişaf etdikcə din aradan gedəcək. Amma tarix bunun əksini göstərdi və hamı bunun səhv olduğunu gördü. Din aradan getmədi, əksinə ona olan tələbat artdı. Din aktualdır. Din dəyərli olmsaydı, ondan sui-istifadə edilməzdi. Adətən qiymətli bir şeyin saxtası hazırlanır, dəyərsiz bir şeyin saxtasını yaratmağın mənası ola bilməz. İnancsız bəşəriyyət nə qədər inkişaf edirsə etsin, yenə də uçuruma yuvarlanmağa məhkumdur. Bu bir dəfə sovet təcrübəsində özünü göstərib. İnsanlar dinə qayıtmaq istəyirlər, amma bir çox dairələr və qüvvələr bu yola maneələr yaratmaqda maraqlıdır. Dinlə bağlı yanlış düşüncələrin insanlar arasında yayılmasına səy edirlər. Bu cərəyanları maliyyələşdirən dövlətlər də var və bu özü qlobal bir prosesdir. Bu gün dünya çapında baş verən faciəvi hadisələri təkcə müsəlmanların gücünə aradan qaldırmaq mümkün deyil, bütün səmavi dinlər bu faciələri dayandırmaq üçün özündə faciə qarşısında dayana bilmək dəyanəti tapmalıdır. Elmlə, imanla, sevgi və xeyirxahlıqla. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2015 14:07 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |