إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

DQİDK sədr müavini - “İslam ölkələri və İslam dininə qarşı İŞİD vasitəsilə təcavüz siyasəti həyata keçirilir”

“Vətəndaşlarımıza tövsiyə edərdim ki, İslam dininin nüfuzundan qorxuya düşən və buna görə də onu gözdən salmağa çalışan bəzi siyasi dairələrin “xidmətçilərinə” çevrilməsinlər”

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bunu  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədr müavini Siyavuş Heydərovun APA-ya müsahibəsi zamanı demişdir.Müsahibənin tam mətnini təqdim edirik

- Azərbaycanda din dövlətdən ayrıdır. Bununla yanaşı, dövlət bu sahəyə nəzarət edir. Bunun mahiyyətini açıqlaya  bilərsinizmi?

- Elədir. Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyaya əsasən, din dövlətdən ayrıdır. Eyni zamanda hər bir kəs dini inancında sərbəstdir. Onu da bildirim ki, dövlət-din münasibətləri “Dini etiqad azadlığı” haqqında qanun və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Belə ki, ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Bununla yanaşı, bəzi hallarda bu münasibətdən sui-istifadə edilməklə tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminə zidd olan ünsürlərin və cərəyanların destruktiv təsirinin, cəmiyyətin həyatına nüfuzetmə cəhdlərinin, xüsusilə dini zəmində ekstremizm və separatizmin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət orqanları mövcud qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirir.

- Azərbaycan özünün etnik və dini müxtəlifliyi ilə həmişə seçilib. Lakin bəzi hallarda dini fanatizm həddinə çatan radikalizm təzahürləri də müşahidə edilir. Bunun səbəbləri barədə nə deyə bilərsiniz?

- Tarixən Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri bir ailə kimi yaşamış və yaşayırlar. Ölkəmizdə milli və ya dini zəmində heç vaxt qarşıdurma olmayıb. Eyni zamanda Azərbaycanda təəssüf ki, sosial dayaqları və gücü olmayan müəyyən qüvvələrin radikal meylləri müşahidə edilməkdədir. Bunun səbəblərini sadalamaq üçün 90-cı illərin əvvəllərini xatırlayaq. Belə ki, həmin dövrdə dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, sosializm düşərgəsinin süquta uğraması, birqütblü dünyaya keçid, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra problemlərin yaranması dini örtük altında gizlənən radikal yönümlü hərəkatların ölkəyə nüfuz etməsi üçün əlverişli şərait yaratdı. Həmin vaxtlarda ölkədə hökm sürən hakimiyyətsizlik, özbaşınalıq, xaos, xüsusilə ali dövlət rəhbərliyinin səriştəsizliyi bu qüvvələrin ölkəmizə də ayaq açmasına imkan verdi. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi, məcburi köçkün və qaçqın probleminin meydana çıxması, ideoloji sahədəki boşluqlar, sosial çətinliklərin mövcudluğu, ölkənin humanitar yardıma ehtiyacı və s. bu kimi vəziyyətdən ölkəmizə qarşı siyasi, iqtisadi marağı olan, burada təsir dairəsini genişləndirməyə çalışan bəzi ölkələrin müxtəlif bəhanələr, o cümlədən humanitar missiya adı altında fəaliyyəti Azərbaycan ərazisində qeyri-ənənəvi təriqətlərin, cərəyanların ilk toxumlarının səpilməsinə zəmin yaratdı.

- Sizcə, hazırda Azərbaycanda radikalizm daxili, yoxsa xarici mənbələrdən qaynaqlanır?

- Məhz həmin dövrlərdə yuxarıda vurğuladığım “məqsədyönlü fəaliyyət” nəticəsində ölkəmizdə milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən müəyyən dini baxış və cərəyanların əsası qoyuldu. Təbii ki, bu, din pərdəsi altında gizlənən siyasi baxışlar və cərəyanlar, eləcə də milli maraqlarımıza zidd ideologiyalar əsasında formalaşan siyasiləşmiş İslam modellərinin Azərbaycana ixracı prosesi başladı. Həmin modellərin Azərbaycanda tətbiqini həyata keçirəcək “icraçıların” hazırlanması məqsədilə yüzlərlə vətəndaşımız aldadılaraq dini təhsil adı altında həmin ideologiyaların beşiyi olan ölkələrə aparıldılar. Hətta onların bir qismi hərbi təlimlərə cəlb edildi, onlara xüsusi vərdişlər aşılandı. Maraq doğuran odur ki, “dini təhsil” adı altında xarici ölkələrə çıxarılan şəxslərə qeyd olunan təlimlər xüsusi məxfilik şəraitində həyata keçirilirdi. Dolayısıyla, həmin dövrdə xarici qüvvələrin həyata keçirdiyi bu tədbirlər daxili mənbələrin də yaranmasına gətirib çıxardı.

Burada bir məqamı da qeyd etmək istərdim ki, həmin ölkələrdə təhsil alan, lakin neqativ təsirlərə məruz qalmayan, vətənpərvər Azərbaycan vətəndaşları hazırda milli-mənəvi dəyərlərimizə söykənən İslamın təbliği və yayılmasında yaxından iştirak edirlər.

- Siz İslam dininin siyasiləşdirilməsi məsələsinə toxundunuz. Dini siyasiləşdirən qüvvələr haqqında nə deyə bilərsiniz?

- Qeyd etdiyimiz kimi, birqütblü dünya yarandıqdan sonra hegemonluq etmək istəyən bəzi dövlətlər öz geosiyasi və geoiqtisadi maraqlarının təmin edilməsi məqsədilə din amilindən geniş istifadə edirlər. Yaxın Şərqdə baş vermiş dini zəmindəki münaqişələr məhz həmin siyasətin acı nəticəsidir. Bu gün “İŞİD” deyilən və İslam dini ilə heç bir əlaqəsi olmayan qruplaşmanın meydana gəlməsi, özünü “dövlət” elan etməsi və bu qruplaşma ilə süni, imitasiya xarakterli mübarizənin nümayiş etdirilməsi baş verənlərin təsadüf olmadığını göstərir. Bu məsələdə acınacaqlı hal ondan ibarətdir ki, İslam ölkələri və İslam dininə qarşı adıçəkilən qruplaşma vasitəsilə sistemli şəkildə təcavüz siyasəti həyata keçirilir. Lakin həmin dövlətlər və dairələr başa düşməlidirlər ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, bu “yaxşı terrorçular” gələcəkdə həmin ölkələrin təhlükəsizliyi üçün də ciddi təhdidə çevriləcəklər. Bu baxımdan İslam dininin siyasiləşdirilməsi və onun vasitə kimi istifadə olunması yolverilməzdir, olduqca təhlükəlidir.

- Hazırkı vəziyyətdə dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Son dövrlərdə dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazası təkmilləşdirilib, hüquqi aktlara zəruri əlavə və düzəlişlər edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri artırılmaqla əhali arasında genişmiqyaslı maarifləndirmə, qabaqlayıcı və profilaktik xarakterli tədbirlər keçirilməkdədir. Azərbaycan xalqının əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, bu sahədəki mövcud potensialın inkişaf etdirilməsi, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması məqsədilə Konsepsiya layihəsi hazırlanıb. Bu Konsepsiyanın əsas elementlərindən biri də cəmiyyətimizdə milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən milli-dini münasibətlər modelinin formalaşdırılmasıdır.

- Yaxın Şərq ölkələrində dini zəmində baş vermiş münaqişələrin ölkəmizdəki bəzi radikal meylli şəxslərə təsirinin qarşısının alınması üçün məsləhətiniz nə olardı?

- Həmin şəxslərə, eləcə də bu məsələdə tərəddüd içində olan vətəndaşlarımıza tövsiyə edərdim ki, iradə nümayiş etdirsinlər, qeyd etdiyim məqamlara diqqət yetirsinlər, İslam dininin nüfuzundan qorxuya düşən və buna görə də onu gözdən salmağa çalışan bəzi siyasi dairələrin “xidmətçilərinə” çevrilməsinlər, milli kimliklərini unutmasınlar, insanlığa təcavüz edənlərə “yox” desinlər. Zaman gələcək, onlar baş verən qlobal xarakterli siyasi oyunların mahiyyətini başa düşəcək və əsl həqiqəti biləcəklər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Yanvar, 2015  11:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!