إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli- Anlamaq lazımdır ki, bu bir təxribatdır

Yanvarın 7-də Parisdə “Charlie Hebdo” jurnalının ofisinə terror basqını həyata keçirildi, 12 nəfər qətlə yetirildi. Müsəlman aləmi, terror qruplaşmaları çıxmaq şərti ilə (onları müsəlman hesab etmək də olmaz) terroru pislədi və bəyan etdi – bu yol İslama ziddir. Bəs, yaxşı, Peyğəmbəri (s) təhqir edənlərlə necə davranmalı idi? Belə və buna oxşar hallar baş verdikdə müsəlman nə etməlidir ki, İslamın qaydalarına uyğun olsun? Ahlibeyt.az-ın verdiyi xəbərə görə,baş verənlərlə bağlı İslam.az-ın həmsöhbəti ilahiyyatçıa alim Hacı Şahin Həsənli bu və digər sualları cavablandırmışdır.

- Düşünürəm ki, bu karikaturalara qarşı ilk növbədə müəyyən qədər Peyğəmbəri tanıtdırılması yönündə addımlar atılmalıdır. Yəni Peyğəmbərimizin şəxsiyyəti ilə bağlı tədbirlərin keçirilməsinə, Peyğəmbərin əxlaqının tanıdırılmasına ehtiyac var. Belə məsələləri cəzalarla, qisas aksiyaları keçirməklə tənzimləmək, bunlara son qoymaq olmur. Bəzən qarşı tərəf elə yollara əl atır ki, müsəlmanları təxribata çəksin və sonra da bundan sui-istifadə etsin. Ona görə də Peyğəmbərin şəxsiyyətinin tanıtdırılması üçün hər bir müsəlman bacardığı qədər fəaliyyət göstərməlidir. Məsələn, hansısa elmi tədbirin keçirilməsi və yaxud hansısa filmin çəkilməsi vasitəsi ilə. Eyni zamanda həmin ölkələrdə qanunvericiliyə uyğun olaraq sivil aksiyaların keçirilməsi, belə nəşrlərin çapının qadağan edilməsinə nail olmağa çalışmaq da mümkündür. Yəni bu yollarla Peyğəmbəri təhqir edənlərə qarşı mübarizə aparmaq olar.

- Parisdəki terror aksiyasından cəmi 1 həftə sonra “Charlie Hebdo” yenə Peyğəmbərin karikaturalarını dərc edib. Hərçənd müsəlmanlar Siz deyən vasitələrə də əl atdılar. Amma faydası olmadı. Bəs indi neyləyək?

- Heç kəs tam təminat verə bilməz ki, dünyanın hansısa nəşrində belə bir karikatura dərc olunmayacaq. Təbii ki, bunun hamısıni tənzimləmək mümkün deyil. Amma bunlara müsəlmanlar biganə də qala bilməz.Kimlərsə bunu normal hal kimi təqdim etmək istəyir, yəni söz azadlığıdır və sair. Əslində isə  riakarlıqdan başqa bir şey deyil.Elə həmin ölkələrdə söz azadlığı lazım olan təqdirdə ciddi şəkildə məhdudlaşdırılır.Məsələn, Fransanın özündə erməni “soyqırımını” inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.Yaxud, götürək Böyük Britaniyanı. Burda da kral ailəsinin üzvlərinə karikaturaların çəkilməsinə qadağa tətbiq edilir. Yəni burda da söhbət söz azadlığından deyil, təhqir azadlığından gedir.Əlbəttə ki, müsəlmanlar öz etirazlarını yenə də bildirməlidirlər. Lakin eyni zamanda anlamaq lazımdır ki, bu bir təxribatdır. Bütün hərəkətlər hüquqi müstəvidə olmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, elə karikaturaların dərc edildiyi ölkələrdə Peyğəmbərimizin şəxsiyyətinə olan maraq daha da artır, islamı qəbul edənlər də hər gün çoxalır. Quranın təbiri ilə desək, onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər, ancaq Allah öz nurunu tamamlayacaq. Yəni bu məsxərə, təhqir yolu ilə heç nə əldə edə bilməyəcəklər. Demirəm ki bunlara biganə yanaşmalıyıq. Ancaq onlar da düşündükləri qədər mənfi nəticələrə nail olmayacaqlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Yanvar, 2015  14:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!