إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

QMİ sədri İtaliyalı jurnalistləri qəbul edib(foto)

 

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İtaliyanın tanınmış “ANSA” informasiya agentliyinin müxbiri Kristina Missorini və Vatikanın “L`Osservatore Romano” qəzetinin əməkdaşı Rosella Fabianini qəbul edib.

Ahlibeyt.az-ın dini iadarənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İtaliyalı jurnalistləri səmimi salamlayan Şeyxülislam həzrətləri onların ölkəmizə səfərini müsbət qiymətləndirib. QMİ sədri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv çatdırılması üçün belə görüşlərinin əhəmiyyətli olduğunu bildirib.

QMİ sədri 1990-cı ildə İtaliyanın nüfuzlu “Republika” qəzetinin müxbiri Etsio Mauroya verdiyi müsahibəni xatırladaraq qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın üzləşdiyi informasiya blokadasının yarılmasında həmin müsahibənin böyük rolu olub. Şeyxülislam həzrətləri Sovet ordusunun Bakıda törətdiyi vəhşilik, xalqımızın başına gətirilən fəlakət barədə ətraflı məlumat verib və Etsio Mauronun peşəkarlığı sayəsində bu hadisə dünyaya çatdırılıb. Sonrakı günlərdə Britaniyanın “İndependent”, İspaniyanın “Pais” nəşrləri də QMİ sədrinin həmin müsahibəsinə geniş yer veriblər. Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Etsio Mauroya salamlarını çatdırmağı italiyalı jurnalistlərdən xahiş edib və onu Bakıya dəvət etdiyini bildirib.

Söhbət zamanı Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə din-dövlət münasibətləri, bu sahədə həyata keçirilən işlər və tolerantlıq mühiti barədə ətraflı məlumat verib. QMİ sədri rəhbərlik etdiyi qurumun son illərdə keçirdiyi beynəlxalq tədbirlər barədə də danışıb. Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağda dini və mədəni abidələrin dağıdıldığını xatırladan Şeyxülislam həzrətləri Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonda Şeyxülislam həzrətləri italiyalı jurnalistlərin suallarını ətraflı cavablandırıb.

Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev iştirak edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Dekabr, 2014  12:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!