|
Hacı Şahin Həsənli - "Beynəlxalq Konfransda Qərb dövlətləri terrorçuluğu stimullaşdırmaqda ittiham olundular"Bu il noyabrın 23-24-də İranın Qum şəhərində dini radikallığa və təkfirçiliyə qarşı keçirilən konfransda din xadimlərinin çıxışlarında özünütənqid xətti güclü idi. Ahlibeyt.az-ın contact.az-a istinadən verdiyi xəbərə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bunu konfransdakı əhval-ruhiyyəni Turan agentliyinə şərh edərkən bildirib. Onun sözlərinə görə, bu özünütənqid məqamı xüsusi diqqət çəkib. Çıxış edən din xadimləri din adına radikal qüvvələrin ortaya çıxmasına, islam ölkələrində mövcud duruma görə din xadimlərinin də məsuliyyəti olduğunu vurğulayıblar. “Bir çox din xadimləri mövcud durumu indiyə kimi dini təbliğdə yol verilən təhriflərin, dinin ehkamçılıq üstündə təbliğinin nəticəsi sayıblar”, - deyə Ş.Həsənli mövzunu davam etdirib. O bildirib ki, tədbirdə bəzi Qərb dövlətləri terrorçuluğu stimullaşdırmaqda ittiham ediliblər. Qərb dövlətlərinin stimullaşdırdığı terror qruplarına qarşı mübarizəsi terrora qarşı “mübarizə görüntüsü” yaratmaq kimi təsnif edilib. Eyni zamanda, tədbir iştirakçıları belə tənqidlərlə kifayətlənməklə islam dünyasındakı durumu dəyişdirməyin mümkün olmadığını da nəzərə çatdırıblar. Ş.Həsənli qeyd edib ki, din xadimləri islam dünyasında mövcud durumu müsbətə dəyişə bilmək üçün çıxış yollarından biri kimi dini ekmaçılıq üstə yox, ürfan və fəlsəfi əsasda təbliğini önə çəkiblər. Həm də qeyd olunub ki, artıq dini təbliğdə hiss, məzhəbçilik yox, əqli düşüncə, ümmətçilik vəhdəti və “bəndə-Allaha məhəbbət” düsturu önə keçməlidir. İslam alimlərinin açıqlamalarına görə, dinin belə şəkildə təbliği islamda məzhəblərarası yaxınlığa səbəb olar. İndiki halda isə din adına ortaya çıxan terror qruplaşmalarına qarşı mübarizədə sünni və şiə məzhəbinin eyni mövqedən çxış etməsinin zərurət olduğu qeyd edilib. İstər sünni, istər şiə məzhəbi belə radikal dini qrupların nəinki islamdakı məzhəblərə, hətta bütünlükdə islama aid olmadığını sübut etməlidirlər. Ş.Həsənli deyib ki, adı radikal dini cərəyanları dəstəkləməkdə hallanan Səudiyyə Ərəbistanı müftiləri də çıxışlarında bu mövqeyi dəstəkləyiblər. Din xadimləri “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşmasının əməllərini “sünni-şiə savaşı” kimi göstərməsini əsassız adlandırıblar və islam məzhəbləri arasında savaş olmadığını, buna yol verməyəcəklərini də bəyan ediblər. Din xadimləri islamda belə radikal dini cərəyanların ortaya çıxmasını həm də islam dini alimlərinin əlaqələrindəki pərakəndiliyin, islamdakı problemlərin mütəmadi müzakirə olunmamasının nəticəsi kimi dəyərləndiriblər. “İslam alimləri radikallıq və təkfirçilik kimi əməllərdən ciddi ziyan çəkən islam ölkələrindəki duruma görə özlərini günahkar sayaraq, bunu radikal cərəyanların islama aid olmadığını sübut edə bilməmələri faktı kimi dəyərləndiriblər”, deyə Ş.Həsənli qeyd edib. O, tədbirdəki çıxışlara isnadən din ailmlərinin islam dünyasındakı problemlərə mövqelərinin dəyişdiyini, daha ciddi olduğunu deyib. Bundan əlavə, din alimləri təkfirçilik problemi barədə islam ölkələrində xüsusi tədbirlər keçirilməsinin təsirli olacağını deyiblər. Onların fikrincə, islamda bu radikal qurumlara qarşı mübarizəni tez başa çatdırmaq lazımdır. Alimlərə görə, bu radikal qurumların fəaliyyəti islam dünyasını dünya çaplı baxışdan islamdaxili məsələlərə yönəldir.
Son olaraq, Ş.Həsənli din xadimlərinin belə tədbirlərinin islam ölkələrində davamlı keçirilməsinin islamdaxili mehribanlığın artmasına, ümmətçiliyin güclənməsinə, radikallıq və təkfirçiliyn sıradan çıxmasına xidmət edəcəyini söyləyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2014 10:52 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |