إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübariz Qurbanlı - Qərbin son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir

“Azərbaycanda da icmalar arasında süni yollarla gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur”.
Ahlibeyt.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycan" qəzetində dərc olunan "Dövləti idarə etmək məharəti" adlı məqaləsində deyib.

Onun sözlərinə görə, son aylarda Azərbaycanı demək olar ki, qarış-qarış gəzib. Bölgələrdə müxtəlif dinlərə etiqad edən icmalarla görüşlər keçirib: “İslami təriqətlərin nümayəndələri ilə sıx əməkdaşlıq edirik. Onları dinləyirik, problemlərini öyrənirik, çətinliklərini həll edirik, normal fəaliyyət göstərmələri üçün şərait yaradırıq.

Müşahidələrim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib. Bu cəhdlər var”.

M.Qurbanlı deyib ki, dini icmalarla birgə əməkdaşlıq nəticəsində bu sahədə mövcud olan "beşinci kolonlar"ı da iflasa uğrada biliblər. Eyni zamanda, Azərbaycanda dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi var: “Bu baxımdan, tam əminliklə deyə bilərəm ki, Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkə dini yönümdə də arzuladığı və planladığı təfriqələri həyata keçirə bilməyəcək”.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq uğurlu modelini yaradıb: “Məsələn, multikulturalizm və tolerantlıq sahəsində ABŞ başda olmaqla Qərb dünyası Azərbaycandan çox şeyi öyrənməlidir və ölkələrində bu sahədə mövcud olan neqativ halların həllində istifadə etməlidir. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir... Multikulturalizm Azərbaycanda həyat tərzidir... Təəssüf ki, artıq bütün dünyanı ağuşuna alan dini zəmində düşmənçilik dalğası da yeni dünya düzəninin ikili standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyaının süni şəkildə ortaya atdığı avantüradır. Açıq etiraf etməliyik, Qərbin məlum dairələrinin "Böyük Orta Şərq layihəsi" deyilən planında radikal islamçı qrupları səhnəyə daha  qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakt var”.

M.Qurbanli qeyd edib ki, Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhhabilər isə hər ikisinin kəndlərini dağıdır: “Yəni bu təriqətlər məhz içlərinə salınmış şeytanın şərinə uyub, məlum şəbəkənin tələsinə düşür və bir-birlərinin qəniminə çevrilirlər. Beləliklə də, yüz minlərlə müsəlman öldürülür, əlil olur, milyonlarla müsəlman isə öz yurdundan didərgin düşür. Və ən dəhşətli məqam odur ki, bu münaqişələrdə qalib gələn heç vaxt nə islam, nə də hansısa təriqətdir, qalib islamı düşmən kimi görənlər və bu təxribatı həyata keçirən şəbəkədir! Acı gerçəklik odur ki, Xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər! Bu prosesdə Qərbin strateji mərkəzləri, necə deyərlər, "bir güllə ilə iki dovşan" vururlar. Bir tərəfdən islam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən "idarə olunan xaos" yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir. Onsuz da ölənlər onlar üçün yadlardır - üzülməyə dəyməz, dağılanlar isə sonradan Qərb şirkətlərinə veriləcək vəsaitlə bərpa olunacaq. Amma ən böyük mənfəət Şimali Afrikadan Cənubi-Şərqi Asiyayadək böyük coğrafi arealın bütün təbii sərvətləri və insan resursları ilə Qərb dünyasının nəzarətinə keçməsidir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Dekabr, 2014  19:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!