|
Qaraçuxur məscidini yandıran şəxslər həbs olunubOnlardan biri Kobanidə PKK tərəfində döyüşlərdə iştirak edib, ölkəyə qayıtdıqdan sonra isə digər şəxslə birlikdə PKK-nın Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Qaraçuxur məscidinin yandırılması ilə bağlı məlumat yayıb.
Ahlibeyt.az-ın Apaya istinadən verdiyi xəbərə görə MTN-in İctimai Əlaqələr İdarəsinin məlumatında bildirilir ki, 2014-cü il noyabrın 26-da saat təxminən 02:04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib.
Faktla bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanılıb və ibtidai istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən edildiyindən istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin ibtidai istintaqı davam etdirilib və Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə Namiq Nəsibov və Elnur Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar.
Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər.
Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin «əhli-sünnə» təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar.
Bu niyyətlərinin həyata keçirilməsi məqsədilə 2014-cü il noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı «Cümə» məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaq doldurma məntəqələrindən 10 litr benzin alıb və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcı və partlayıcı vasitə hazırlayıblar.
Bundan sonra Namiq Nəsibov və Elnur Ələkbərov noyabrın 26-da saat təxminən 02:04 radələrində həmin məscidin arxa və ön tərəfdə olan qapılarını sındırıb və yandırıcı maye ilə dolu şüşə butulkalarının fitillərini alışdıraraq içəriyə atmaqla orada yanğın törədib və cinayət yerindən qaçıblar.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Dekabr, 2014 17:27 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |