إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahşükür Paşazadə : “ Ayətullah Xameneyi ilə Azərbaycan dilində söhbət etdik” - müsahibə

İŞİD SSRİ Əfqanıstana girəndə yarandı”

Ahlibeyt.az-ın verdiyi məlumata görə,bunu  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Apa-ya müsahibəsi zamanı bildirmişdir.müsahibəni olduğu kimi təqdim edirik.

 

- Hörmətli Şeyx, bu yaxınlarda İrana baş tutmuş səfəriniz çərçivəsində görüşləriniz, beynəlxalq konfransda çıxışınız oldu. Səfərinizin yekunlarını necə qiymətləndirirsiniz?

 

- Bismillahir-Rəhmanir-Rəhim! Bizi ağayi Ayətullah əl-üzma Nasir Məkarim “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün dəvət etmişdi. Mən o konfransda ən ağrılı mövzu - dini radikalizm mövzusunda çıxış etdim, təkliflər səsləndirdim. Bu çıxış isə demək olar ki, o konfransın ana xəttini təşkil etdi. Çıxışımda radikalizmdən, ekstremizmdən, təkfirçilikdən, eyni zamanda müxtəlif yollardan istifadə edib İslama qarşı mübarizə aparanlardan, İŞİD və ona oxşar terrorçu qrupların yaradılmasından, İslamı dünyada gözdən salmaq üçün aparılan siyasətdən danışdım. Konfransın iştirakçıları olaraq bütün dünya üçün təhlükə yaradan qüvvəyə qarşı mübarizə aparmaq haqqında fikirləşməyə toplaşmışdıq. Bu gün bu qüvvənin törətdikləri elə formada baş verir ki, müsəlmanlar birlikdə olmasalar, birlikdə qərar verməsələr, buna qarşı ciddi mübarizə alınmayacaq və nəticəsi ağır olacaq.

 

Əslində İŞİD nədən yaranıb? İŞİD elə məscidlərdən, orada kimlərsə tərəfindən tərbiyə olunmuş cavanlardan yaranıb. İndi fikirləşmək lazımdır, biz harada səhv etdik ki, gözümüzün qabağındakı məscidlərdə cavanlar bu yola düşdü? Axı bu nə üçün oldu və bunun arxasında kimlər dayanır? Bu gün müsəlman dövlətlərində bu qüvvələrdən istifadə edənlər, onu yaradanlar özləri də xofa düşüblər. Onlar özləri üçün də təhlükə yaradıblar. Bu gün İŞİD əsas mövzudur. Bəzən mənə elə gəlir ki, ora qoşulmaq üçün gedənlərdə hamımızın, elə QMİ sədri kimi mənim də bəlkə günahım var. Onda bəs Avropadan gedib ora qoşulanlara görə günahkar kimdir? İŞİD bu günlərdə yaranmayıb. İŞİD, radikal qruplar əslində SSRİ Əfqanıstana girən vaxtlarda yarandı. Bunların yaranmasının da əsasını elə ABŞ özü qoydu. Qərb dövlətləri də burada iştirakçı oldu. Məqsəd bu qruplardan istifadə edib SSRİ-ni dağıtmaq idi və dağıtdılar. Bununla da bu qrupların, onları bürüyən fikirlərin əsası qoyuldu. Ola bilsin, indi İŞİD adlanır, amma o vaxt başqa cür adlanıb, ondan sonra başqa cür, gələcəkdə də başqa cür adlana bilər. Amma mahiyyət eynidir. Sabah bir də gördün İŞİD adını silib, başqa ad qoyacaqlar. Qeyd elədiyim vaxtda bu fikir formalaşmağa başlayandan bunların maliyyəsinin də əsası qoyuldu. O qədər gücləndirdilər ki, sonradan ABŞ-ın özünə qarşı oldular.

 

Suriyada, İraqda və digər oxşar ərazilərdə baş verən məlum hadisələrin arxasında da əlbəttə ki, həmin bəzi qüvvələr dayanır. Məsələn, götürək Suriyanın Kobani şəhərini. İndi guya böyük dövlətlər yığışıblar ki, “gəlin Kobanini azad edək”. Amma azad edə bilmirlər. Bəs hanı onların car çəkdikləri qüvvələri? Nə üçün bu qədər dövlət birləşib, amma bir şəhəri terrorçu təşkilatdan azad edə bilmir? Gəlin onlardan soruşaq, həqiqətən bu şəhəri İŞİD-dən azad etmək istəyirlər, yoxsa necə? Niyə bu oyunu oynayırlar? Bu siyasət deyil, bəs nədir? Yaxşı. Niyə adında İslamı həkk edən İŞİD bir dəfə Fələstin məsələsini qaldırmır? Sionizmin qarşısında nə üçün bir dəfə məsələ qaldırmır? Amma bütün işləri-gücləri müsəlmanları qırmaqdır, qeyri-insani hərəkətləri nümayişkaranə surətdə etməkdir.

 

Bu cəbhəni Qərb dövlətləri, ABŞ yaratdı və bundan baryer düzəltmək istədilər. Buna səbəb müxtəlif niyyətləri ilə yanaşı, İslamı inteqrasiyadan məhrum etməkdir. Amma Qərb dövlətlərinin özündə belə bu gün insanların zehnində İslam davam edir, genişlənir. ABŞ-da, Fransada, İtaliyada bu daha geniş cərəyan edir. Onlar insanların, xüsusilə Qərb xristianlarının zehnində belə bir baryer yaratmaq istəyirlər ki, İslam öldürücü, məhvedici, kəsici bir dindir. Təəssüf ki, bu qəbuledilməz qeyri-həqiqətin reallaşmasına bu gün müəyyən dərəcədə nail oldular. Bu gün özünü müsəlman elan edən kəs “Allahu əkbər!” deyib bir müsəlmanın başını kəsir. Heç bilirsiniz bu faktlar hansı dəhşətin gəlməsinin əlamətidir? Axı Allahın hökmü, Peyğəmbərin (s.ə.s.) buyuruğu var ki, bir insan “Lailahəilləllah, Muhəmməd Rəsulullah” deyirsə, onun qanı digər müsəlmana haramdır. Onu öldürmək olmaz! Amma indi o müsəlmanı nəinki öldürürlər, “Allahu əkbər!” deyib başını kəsirlər. Bu, İslama sığmayan, İslama yaxın gəlməyən bir haldır. Bax, İslamı belə məhv edirlər. İndi biz xaricə gedəndə müsəlman kimi hansısa avropalının qarşısına çıxanda onun ağlına ilk növbədə İŞİD gəlir, ölmək, baş kəsmək, dağıtmaq gəlir. İŞİD kilsələri də yandırır axı. Misirdə, İraqda, Suriyada bunların şahidi oluruq.

 

Biz müsəlmanların da çatışmayan cəhəti odur ki, mübarizə formasını, təbliğat formasını elə götürürük ki, bir-birimizə qarşı qoyulan formalardan ibarət olur. Sünni-şiə problemləri bundan qaynaqlanır. Bu bizim zəifliyimizdir. Yeni məzhəblərin, təriqətlərin yaranması bundan qaynaqlandı və özümüzü böyük təhlükələrlə üz-üzə qoydu. Bu, Azərbaycanın özündə də oxşar baş verdi. Qapalı Sovet İttifaqı dağılan kimi müstəqilliyimizin ilk illərində buraya dünyanın müxtəlif yerlərindən müxtəlif insanlar ayaq açdı. O vaxt bizim insanların hər şeyi olsa da, din məsələsində zəif idilər. O vaxt cəmi 17 məscidimiz vardı. Ayaq açıb bura gələn insanlar da o vaxt gözəl bilirdilər ki, bu insanları mənəvi cəhətdən cəlb etmək problem deyil. Beləliklə, o insanlar bizim ölkəyə gəldilər və o dövrdəki səriştəsiz dövlət rəhbərləri ilə birbaşa əlaqə yarada bilib icazə aldılar və başladılar məscidlər tikməyə, dini bildikləri kimi təbliğ etməyə. Məhz o insanlar 72 məscid tikdilər ki, mənim buna QMİ sədri kimi heç bir icazəm də olmadı. Çünki mən bilirdim ki, bu düzgün deyil. Amma məscidlər tikildi və o insanları göndərən hər dövlət öz ideyasını Azərbaycanda tikilən o məsciddə yerləşdirə bildi. Vəhhabilik, təkfirçilik məscidlərdə o vaxtdan yayılmağa başladı. Onların məqsədi Azərbaycanda İslamı inkişaf etdirmək deyildi. Sadəcə, yeni müstəqil olmağa başlayan Azərbaycanda hər bir dövlət öz “İslamını” qurmağa başladı. Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndən sonra görüşümüzdə bu məsələni müzakirə etdik. Mən bu məsələni təfsilatı ilə ona danışdım. O, mənim dediklərimi qəbul etdi və biz birlikdə yeni addımlar da atdıq. Birinci dəfə məscidə gəldi, Təzə Pirdə çıxış etdi. Biz birlikdə dini məsələlərdə nələrsə etdik. Amma təəssüf ki, çox gec idi. Müəyyən məsələlər artıq kök salmışdı və çətinliklər yaranmışdı. Bu gün də məhz o yaranan çətinliklərlə üz-üzəyik. Bu gün də o kök salan məsələlər davam edir. Hələ biz ona qarşı ola-ola, - şəxsən mən əvvəldən onlara qarşı olmuşam, - müəyyən qədər qarşısını ala bilsək də, təhlükə yenə qaldı, təkfirçilər, radikal qruplar meydana gəldi və çoxaldı. İçindən də İŞİD çıxdı. İndi nəinki biz, bütün İslam bundan əziyyət çəkir. Peyğəmbərin (s.ə.s.) bizə qoyub getdiyi İslamı düzgün təbliğ olunmaması üzündən bu vəziyyətə gəldik çıxdıq.

 

Bütün bunlardan sonra birinci dəfə olaraq sırf bu mövzuda konfrans İranda keçirildi və biz ora toplaşdıq. Biz minnətdarıq ki, İran dövləti bu konfransı keçirdi və belə bir məsələnin həllini müzakirə olaraq ortaya qoydu. Orada həm şiələr, həm də sünnilər toplaşmışdı. Hər millətdən, hər dindən nümayəndələr vardı. Hamısı birlikdə təəssüflənirdi ki, vaxtında toplaşa bilmədik və bu gün bu cür təhlükə ilə üz-üzə qaldıq. Qərar da bu oldu ki, bu cür toplanmalar davam etsin. Növbəti günlərdə yenə Misirdə, Səudiyyə Ərəbistanında toplaşmağı qərara aldıq. Əsas odur ki, İslam aləmini oyadıb Qərb dövlətlərinin bizə qarşı başladığı bu oyunu anlada bildik. Bunun bünövrəsi yoxdur. Bunu Qərb dövlətləri yaradıb və məhv olub gedəcək. Ancaq başqa İŞİD yaranmayacaqmı? Adı başqa olan növbəti dəstə yaranmayacaqmı? Əsas məsələ təkfirçilikdir. Problem, təhlükə budur. Təkfirçilik İslamdan istifadə edib İslama qarşı aparılan mübarizədir ki, bu da dəhşətlərlə müşahidə olunur.

 

- Bu radikalların həmin ölkələrdəki fəallığının gələcəkdə Azərbaycanda olması gözləniləndirmi?

 

- Başqa ölkələrlə müqayisədə bizdə təhlükə hələ çox azdır. Son vaxtlar Dini Komitənin sədri Mübariz Qurbanlının, dövlət müşaviri Kamal Abdullanın fəaliyyəti, onların tez-tez rayonlara səfərləri, dindarlarla görüşləri, toplantılar keçirmələri çox yaxşı nəticələr verir. QMİ olaraq hər ay müxtəlif bölgələrdən həm sünni, həm də şiə məzhəbindən olan 60 din adamını yığıb kurslar keçirik. Bu kurslara hüquq-mühafizə orqanları, başqa təşkilatlardan da insanlar cəlb olunur, dindarlarla söhbət aparır. Prezident İlham Əliyev bu məsələdə bizə çox böyük dəstək verir. İndi biz işləri bu formada aparırıq ki, nəyinsə qarşısını vaxtında alaq. Amma bu o demək deyil ki, bununla hər şey həll olundu. Qafqazın Şeyxi kimi bölgədə, xüsusən Dağıstanda baş verən hadisələri gözəl görürəm. O hadisələrin Azərbaycanda inkişaf etməməsi üçün Dağıstanda, Çeçenistanda Azərbaycan səmtinə müəyyən sərhədlər olmalıdır. Son vaxtlar Qafqazın dini liderlərini tez-tez çağırıram, söhbətlər aparıram. Bu yaxınlarda Kabardin-Balkarda böyük bir toplantı keçirdim, Qafqazın bütün dini liderlərini toplayıb müzakirələr apardıq. Yəni imkanım daxilində o hadisələrin gəlib bizim sərhədimizə çatmasını görmək istəmirəm. Bu, istər Türkiyədən, istər İrandan bölgəmizə gələ bilər. Bilirsiniz, elə mənəvi məsələlər var ki, qardaş olsaq da, biz onu paylaşa bilmərik. Məsələn, burda bir insan ata-babadan şiədirsə, deməli, o da şiə olacaq. Sünnidirsə, sünni olacaq. Onun əqidəsini dəyişə bilmərik.

 

- Səfər çərçivəsində İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ilə də görüşünüz oldu. Görüşdə hansı maraqlı məqamlar müzakirə olundu?

 

- Mənim üçün ən maraqlı məqam onun mənimlə Azərbaycan dilində danışması oldu. Bu, mənim onunla ilk görüşüm deyildi. İnqilab ərəfəsində, ondan sonrakı vaxtlarda görüşlərimiz olub. Hətta o vaxt Ayətullah Xomeyninin vəfatından 7 gün sonra görüşdüyü ilk şəxs mən olmuşam. O vaxt görüşəndə hətta İranın xarici işlər naziri ona deyəndə ki, ağa, farsca danış, o cavabında dedi ki “imkan ver bir az türkləşək”. Azərbaycanı yaxşı bilən, Heydər Əliyevə böyük ehtiram edən şəxsdir. İlham Əliyevlə də münasibətlərə böyük önəm verir.

 

Keçirdiyim görüşlərdə də İran-Azərbaycan münasibətləri, dini baxımdan başqa ənənəvi-tarixi bağlılıqları bir daha qeyd edib, əsas mövzunu etdik. Qarabağ məsələsini də gündəmə gətirdik. Onlara dedim ki, ruslar Əfqanıstana girdi, heç kim dinmədi, Ermənistan Qarabağı zəbt etdi, məscidlərimizi dağıtdı, heç kim dinmədi, İraq və Suriya dağıdıldı, yenə heç kim dinmədi. Çünki müsəlmanlarda birlik olmadı. Şəxsən mən o dövrdə bütün dini liderlərə dəfələrlə müraciət etdim ki, Qarabağda İslam məbədləri dağıdılır, müsəlmanlar qırılır, birləşək. İndi heç olmasa başa düşmək lazımdır ki, bizim birliyə daha çox ehtiyacımız var.

 

Biz İran dövləti ilə münasibətlərimizi həmişə çox yaxşı etməliyik. Şəxsən mən bunu istəyirəm. Amma bu, hansısa səbəbdən olmamalı, bir məzhəb üzərində qurulmamalıdır. Ən azı bir müsəlman kimi olmalıdır.

 

- Görüşlər zamanı İranın dövlət telekanalı olan “Səhər”in anti-Azərbaycan təbliğatı onların nəzərinə çatdırıldımı?

 

- Biz onlarla bu məsələ ətrafında çox danışmışıq, iradlarımızı bildirmişik. Məncə, axır vaxtlar bu kanal artıq elə təbliğat aparmır. Bizcə, bu məsələ artıq həllini taparaq keçmişdə qalıb deyə, görüşlərdə bunu qaldırmadıq.

 

- QMİ-nin İranda nümayəndəliyi fəaliyyətə başladı. Azərbaycan-İran münasibətlərində bu, nə kimi yeniliyə səbəb olacaq?

 

- Biz tək İranda yox, UNESCO-da, Avropa Şurasında da nümayəndəliyimizi açmaq istəyirik. Artıq müvafiq məktublar hazırlamışıq və göndəririk. Rusiyada, Türkiyədə, Gürcüstanda böyük nümayəndəliklərimiz var. Gələcəkdə başqa ölkələrdə də ola bilər. İranda da açılması bizim üçün maraqlı oldu. Çünki bəzi dini məsələlər, fətvalar var ki, nümayəndəlik bu məsələdə lazım olacaq. Yəni müəyyən fətvalar verəndə görək uyğunluq var, ya yox. Bundan başqa, Qumda bizim gənclərimiz təhsil alır. Onlarla ünsiyyət lazımdır ki, həqiqi təhsil alsınlar, problemlər yaranmasın. Mən oradakı azərbaycanlı tələbələrin çoxu ilə görüşdüm. Ora gedənlərin içərisində ancaq əqidəsi üçün, Allah yolunda gedənlər də var. Hətta mənə deyənlər vardı ki, “bu məktəb ABŞ-da da olsaydı, oxumağa gedərdim”. Yəni içlərində çoxu həqiqi dini təhsil almaq üçün oradadır və Azərbaycana sadiqdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2014  18:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!