|
Bakıda prezidentin tikdirdiyi ən böyük məscidinin imamı kim olacaq?Prezidentin sərəncamı ilə tikilən yeni, böyük ibadət ocağına axund – imam təyinatı QMİ sədri üçün dilemmaya çevrilib, yeni ibadət evinə iddiaçıların sayı çoxdur
Bakıda Qafqazın ən böyük məscidi tikilir. Ölkə başçısının 2012-ci ilin 18 avqustunda imzaladığı sərəncama əsasən Binəqədi Rayonu ərazisində, daha dəqiqi 9-cu mikrorayonda yeni və həm ölçülərinə, həm də insan tutumuna görə ən böyük məscid tikilir.
Mətbuatda gedən məlumata əsasən hər birinin hündürlüyü 72 metr olacaq 4 minarədən və 55 metr hündürlüyündəki günbəzi olacaq məscid həm genişliyi, həm də mükəmməl milli memarlıq nümunəsi kimi nəzərdə tutulub. Məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin içərisində xüsusi lift işləyəcək.
Dövlət başçısının ilkin olaraq 10 milyon manat ayırdığı tikinti yalnız bir tikilidən ibarət olmayacaq. 1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda dörd yüzdən çox avtomobilin park olunması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub. Və ən mühümü, məsciddə eyni vaxtda 4 min nəfər ibadət edə biləcək. Hazırda məscidin tikintisinin böyük hissəsi başa çatıb, belə demək olarsa son tamamlama işləri gedir.
Bölgənin ən iri ibadət ocağı olacaq yeni məscid həm də Azərbaycan paytaxtının yeni dini simvol abidəsinə çevriləcək. Bu mənada paytaxtın ən iri və yeni məscid kompleksinin imam-camaatının kim olacağı da maraq doğuran suallardandır. Məsələ burasındadır ki, Bakının ən böyük yeni məscidi ölkəyə gələn rəsmi və qeyri-rəsmi qonaqların ziyarət edəcəyi ünvan olacaq, eyni zamanda böyük tutumuna və mərkəzi ibadət evi olduğu üçün bu ibadət evinə rəhbərlik edəcək ruhaninin kimliyi mühüm əhəmiyyət daşıyır. Bu mənada məscidlər həm də axund və imam-camaatları ilə tanınır. Bizə çatan məlumatlara görə, hazırda Bakıda tikilən yeni məscidə kimin axund təyin olunması ilə bağlı qərar olmasa da, Qafqaz Müsəlmanları İdarəsinin ruhanilər arasında məscidə iddiaçılar ortaya çıxıb. Şəhər məscidlərindən, o cümlədən QMİ-də çalışan bəzi mollalar yeni tikilən məscidə göz dikib. Çünki yuxarıda sadaladığımız faktorlar və digər amillər məscidi mollalar üçün cəlbedici edir.
Ancaq gələn bilgilərə görə, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə hələlik iddiaçıların heç birinə məscidlə bağlı söz verməyib. Bu barədə bizə məlumat verən mənbə bildirir ki, artıq bir neçə molla Şeyxin özü ilə görüşərək, bu barədə arzularını ona bildiriblər. Ancaq tədbirli və uzaqgörən Şeyxülislam bu adamların heç birinə birmənalı cavab verməyib. O da bildirilir ki, Şeyx Bakının ən iri məscidinə təyinatını hökumətlə razılaşdırmalı olduğunu deyir. Eyni zamanda, indidən qabağa düşüb kiməsə vəd verib məsuliyyəti üzərinə götürmür. Ancaq gələn bilgilərə görə, Şeyxülislam məscidə savadlı, sanballı ruhani təyin olunacağını bilir, elə bir ruhani ki, həm cəmiyyətdə tanınsın, həm də savadlı, səviyyəli bir din xadimi olsun. Çünki məscidə elə bir din xadimi olmalıdır ki, orda tezliklə məscidin tutumuna bərabər camaat formalaşa bilsin. Əks halda, Təzə Pir kimi 50-10 adamın cəm olduğu bir məscidə çevrilməsi Şeyx üçün böyük bir uğursuzluq olardı. Təbii ki, bunların yanında təyin olunacaq axundun həm də Şeyxə yaxın olması şərti də var.
Qeyd edək ki, daha əvvəl yeni məscidə axund vəzifəsinə ilahiyyatçı Hacı Şahin Həsənlinin adı hallansa da, sonradan naməlum səbəblərdən bu mövzu gündəmdən çıxıb. QMİ-dəki mənbənin bildirdiyinə görə, Şeyx hökumətlə, xüsusən də yeni müşavir Kamal Abdulla ilə razılaşdırıb bu posta özünə yaxın ruhanilərdən birini gətirməyə çalışır. Ümumiyyətlə, son dövrlərdə Şeyx QMİ-yə gənc və daha savadlı ruhaniləri cəlb edərək idarənin özündə və məscidlərdə işə götürür. Yeni məscidə Şeyxin namizədinin adı hələ çəkilməsə də, bildirilir ki, QMİ sədri özünə yaxın adamı axund təyin etmək istəyir. Mənbə bildirir ki, QMİ sədrinin yeni məscidə öz axund namizədi olsa da, hələlik ehtiyatlılıq göstərərək ad çəkmək istəmir.
Bizə gələn bilgilərə görə, paytaxt sələfiləri də yeni məscidə iddialıdırlar. Belə ki sələfi camaatı 2008-ci ildə bağlanan “Əbu Bəkr” məscidinə əvəz olaraq yeni ibadət evinin onlara verilməsini istəyir. Hətta bununla bağlı əl altından müəyyən “hazırlıqlara” başlanılıb. Hakimiyyətə çıxış imkanı olanlar vasitəsilə yeni məscidin imamlığının onlara verilməsini istədiklərini bildirirlər. Yaxud da ən azından, məsciddə ayrıca camaat namazı qılmaları üçün şərait yaradılmasını istəyirlər. Artıq bir çox icma üzvlərinin məscidin yerləşdiyi ərazidə ev aldığı və ticarət obyektləri icarəyə götürdüyü deyilir. Qeyd edək ki, son illərdə bir neçə ibadət evi - Qaraçuxur, Müşfiqabad və İlahiyyat məscidləri - məhz sələfi camaatının bu taktikası nəticəsində “ələ keçirilib”. Belə ki əvvəlcə kiçik icma olaraq gələrək yerli icmadan sonra ibadət ediblər və tədricən kənardan cəlbetmələr vasitəsilə məsciddə çoxalaraq əsas camaata çevriliblər. Sonuncu dəfə Sumqayıtda sələfi camaatının şəhər cümə məscidinə bu şəkildə yerləşməsi cəhdi yerli dindarlarla qarşıdurmaya səbəb olmuşdu. Yalnız hökumətin müdaxiləsindən sonra vəziyyət sabitləşmişdi.
Mənbə : musavat.com
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2014 14:08 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |