|
Prezident İlham Əliyev-"Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır""Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini toleranlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir". Ahlibyt.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Milli Komissiyası tərəfindən birgə təşkil edilən "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. Müraciətin mətnini Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev oxuyub. Prezident İlham Əliyev müraciətində konfrans iştirakçılarını ürəkdən salamlayıb, onlara ən səmimi arzu və diləklərini yetirib. Dövlət başçısı qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquq normaları ilə tənzimlənir: "Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk. Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyətlə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir". İlham Əliyev bildirib ki, bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etnosiyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur: "Nüfuzlu beynəlxalq təşkilatların, dövlət və hökumət rəsmilərinin, tanınmış din xadimlərinin, alimlərin, ekspertlərin iştirak etdiyi belə bir faydalı tədbirin Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, aktual mövzuya həsr olunmuş beynəlxalq konfransınız işini səmərəli müzakirələr şəraitində quracaq, dinlərarası və mədəniyyətlərarası dialoqun, həmrəylik, tolerantlıq, qarşılıqlı anlaşma kimi bəşəri dəyərlərin inkişafına öz layiqli töhfəsini verəcəkdir. Fürsətdən istifadə edərək Beynəlxalq Tolerantlıq Günü münasibətilə sizi təbrik edir, nəcib və xeyirxah işinizdə hamınıza cansağlığı, uğurlar arzulayıram!" Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2014 14:01 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |