إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Sumqayıt sələfiləri liderinin həbsinin yeni təfərrüatları(video)

Dini Komitə sədri həbslərin davamının olacağını anons etdi, ölkənin üçüncü şəhəri radikal dini cərəyanların məskəninə çevrilib...


Xəbər verildiyi kimi, Sumqayıtda sələfi fəallardan biri saxlanılıb. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev tutulub. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan “Valter” markalı tapança aşkarlanıb.


Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə də baxış keçirilib. Bu zaman həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkarlanıb. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb. Araşdırma aparılır

Bildirilir ki, Şıxəliyev bir neçə ay əvvəl Sumqayıtda öz evini sələfilərə ibadət və məclislər keçirmək üçün ayırmaqla gündəmə gəlib. Mətbuata müsahibəsində o, evini ibadət və din dərsləri üçün ayırdığını, məscid tikməyə hazırlaşdığını söyləmişdi. Ancaq sonadan baş verən qəza nəticəsində Z.Şıxəliyevin tikməyə hazırlaşdığı məscid tikilisi uçub dağılıb. O özü isə iş adamı olduğunu və mənsub olduğu icmaya dəstək verdiyini bildirmişdi.

Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda keçirilən əməliyyat zamanı Z.Şıxəliyevin Saxlanılmasına münasibət bildirib. APA-nın məlumatına görə, M.Qurbanlı bildirib ki, DİN-in apardığı əməliyyat tamamilə qanunauyğun və zəruri olub. O qeyd edib ki, əməliyyat başqa ərazilərdə də həyata keçiriləcək: “Hüquq-mühafizə orqanları Azərbaycanda ictimai sabitliyi qorumaq üçün nə lazımdırsa, edirlər. Eyni zamanda ölkədə dini zəmində kimlərinsə bu kimi hallara yol verməsi halları aşkar ediləcəksə, qarşısı qətiyyətlə alınacaq”.

Komitə ölkədə bəzi şəxslərin terror qrupları yaratmağa çalışdığını, ancaq hökumət orqanları tərəfindən bunun qarşısının alındığını deyib: “Bu adamlar faktiki olaraq terror şəbəkəsi kimi bir qurumu yaratmağa cəhd edirdilər. Bütün normal ölkələrdə bu cür hərəkətlərin qarşısı necə alınırdısa, bizdə də elə qətiyyətlə alındı. İctimaiyyət də hüquq-mühafizə orqanlarımızın dini radikallara qarşı mübarizəsini müdafiə edir. Bizim komitənin də əsas vəzifələrindən biri bu cür zərərli radikalların ideoloji kökünü kəsmək, təmizləməkdir. İşimizi təbliğat və təşviqat yolu ilə gücləndiririk. Sumqayıtda olanda da oradakı insanlara fikrimizi çatdırmışdım ki, kimlərsə Azərbaycanda qarışıqlıq yaratmağa cəhd edəcəklərsə, qarşısı alınacaq”.

Sələfi liderlərindən Qamət Süleymanov isə avropa.info-ya açıqlamasında Zöhrab Şıxəliyevin silah-sursat saxlamasına inanmadığını deyib. Ancaq görünən odur ki, Sumqayıtda radikal qruplara qarşı əməliyyatlar davam edəcək. Çünki xüsusən də son illərdə bu şəhərdə radikal dini qrupların tərəfdarlarının fəallaşması hökuməti narahat edir.

Yada salaq ki, Sumqayıtda ötən ilin dekabrında radikal dini qrupların tərəfdarları arasında silahlı qarşıdurma olub. Ümumiyyətlə, Sumqayıt son illərdə dini cəhətdən xeyli dərəcədə fəal bir şəhərə çevrilib. Bir sıra silahlı dindar qruplar məhz bu şəhərlə bağlıdır. 2007-ci ildə ölkədə radikal vəhhabilərə qarşı keçirilən əməliyyatlar zamanı ilk dəfə Sumqayıtdan bir qrup şəxs həbs olunmuşdu və o zaman “Sumqayıt camaatı” camaatı ifadəsi meydana çıxmışdı. Həmin vaxt saxlanılanlardan biri də ərəb “Əbu Cəfər” ləqəbli Naif Əbdülkərim əl-Bədəvi olub. Onunla birlikdə daha 17 nəfər MTN tərəfindən həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Bundan başqa, 2008-ci il Bakıda Nərimanov rayon “Cümə” məscidində (“Əbu Bəkr” məscidi) baş verən terror aksiyası ilə bağlı “Sumqayıt camaatı”nın adı keçirdi. Bu qruplaşmanın rəhbəri Azər Misirxanovun adı cinayət işlərində hallanır.

Qeyd olunur ki, bu qruplaşmanın daha bir üzvü Samir Mehdiyev o zaman istintaqdan yayınaraq gizli yollarla Pakistanın Penjebura, oradan isə Kvetta şəhərinə gəlib. 2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb. 2010-cu il martın 16-da S.Mehdiyev Azərbaycana gətirilib. Həmin vaxt cinayət işində Azər Misirxanov, İlqar Mollaçiyev və Telman Abdullayevin yaratdıqları “Sumqayıt camaatı” silahlı birləşmənin tərkibində “Sahil camaatı” adlı daha bir qrup mövcud olduğu qeyd edilir.

2011-ci ildə Suriyada hökumətə qarşı vuruşan silahlı birləşmələrdəki azərbaycanlılar arasında Sumqayıtdan, o cümlədən “Sumqayıt camaatı”ndan çoxlu sayda insanlar olub. Bunlardan “Cundu-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan ”Sumqayıt camaatı"nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyev olduğu və bu şəxsin “ən-Nusra” qruplaşması tərəfindən əsir alınaraq edama məhkum edildiyi bildirilirdi.

Bundan əlavə, Suiryada döyüşlərdə öldürülən sumqayıtlılardan biri - “Əbu Yəhya əl-Azəri” “Sumqayıt Camaatı” adlanan dini cərəyanın nümayəndəsi, əsl adı Nicat olan biri idi. Nicat Ömər Şişaninin başçılıq etdiyi “Mühacir və Ənsar Ordusu” briqadasının tərkibində azərbaycanlılardan ibarət qrupa rəhbərlik edib və döyüşlərdə öldürülüb. Hal-hazırda Suriyada savaşan radikal islamçı qrupların tərkibində Sumqayıtdan çoxlu sayda döyüşçülərin olduğu bildirilir.

Ekspertlərə görə, Sumqayıtda dini təbliğat güclü olub və şəhərdə müxtəlif din və məzhəblərin tərəfdarları çox fəaldır. Bunun bir səbəbi keçid dövründə Sumqayıtda işsizliyin geniş yayılması, missionerlik fəaliyyətinin güclü olmasıdırsa, digər səbəb ənənəvi Azərbaycan şəhərlərindən fərqli olaraq Sumqayıtın “gənclər şəhəri” olması, ənənəvi adətlərin burda ölkənin fərqliliyinə görə yayılması ilə əlaqələndirilir. Müstəqilliyin ilk illərində müəyyən mənada diqqətdən kənarda qalan və böyük işsizlik bumu yaşayan “gənclər şəhəri”ndə xarici missionerlər böyük ölçüdə kök ata bilib. Təbii ki, missioner fəaliyyətlərinin arasında radikal dini cərəyanlar daha çox ağırlıq təşkil edib.

Mənbə Musavat.com

Qeyd edək ki,AnsPress adıçəkilən ünvanda çəkiliş aparmış və bəzi məqamlara aydınlıq gətirmişdir

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2014  12:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!