|
M.Qurbanlı- "Azərbaycan dindarlarını xarici təsirlərdən qorumaq məsuliyyəti daha çox ruhanilərin üzərinə düşür"(fotolent)Oktyabr ayının 27-də Şəkidə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Dövlət-Din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın açılış mərasimində DQİDK-nın sədri Mübariz Qurbanlı, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı iştirak ediblər.
Komitə sədri Mübariz Qurbanlı Şəki İslam mədrəsəsində, Şəki Cümə məscidində, Şəki İmam Əli məscidində olub. Mədrəsənin müəllim və tələbələri, dini icma üzvləri ilə görüşüb.
Tədbirdə çıxış edən Komitə sədri M.Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib: “Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri var". Komitə sədri hazırda prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin, dinin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən də danışıb: “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Ancaq unutmaq lazım deyil ki, dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Azərbaycan dindarlarını xarici təsirlərdən qorumaq məsuliyyəti daha çox ruhanilərin üzərinə düşür. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq”
Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra panellər üzrə davam edən konfransda bir neçə maraqlı məruzə dinlənilib. “Dini müxtəliflik: birgə yaşayışın harmonik vəhdəti kimi” adlı birinci plenar iclasda Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi f.d. Rafiz Manafov “Vəhdət naminə dinlər və məzhəblərarası dialoq”,Azərbaycan Respublikası Alban-Udi xristian dini icmasının sədri Robert Mobili “Azərbaycanda tolerantlıq ənənələri: Alban-udi və müsəlman icmalarının qarşılıqlı əlaqəsi nümunəsində”mövzularında məruzələrlə çıxış ediblər.
"Tarixilik və müasirlik baxımından milli-mənəvi dəyərlərimiz" adlı ikinci plenar iclasda Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İbrahim İbrahimov "İslamda vətən və dövlət sevgisi”, Bakı Dövlət Universiteti Tarix fakültəsinin müəllimi Saleh Kazımov “Milli dövlətçiliyimizin möhkəmlənməsində din xadimlərimizin rolu” (Tarixi faktlar əsasında), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin məsləhətçisi Cahandar Əlifzadə “Milli adət-ənənələrimiz və müasir çağırışlar” mövzularında çıxış ediblər. Mövzular ətrafında geniş müzakirələr aparılıb və məruzələr konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
Konfrans müxtəlif mövzular üzrə panellərlə sabah öz işini davam etdirəcək
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Oktyabr, 2014 17:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |