إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bəzi rozəxanların doğrunu yalandan ayırmağa savadları yetərincə deyil - ilahiyyatçılar

Bir neçə gündən sonra Məhərrəm ayına qədəm qoyacağıq. Yenə, hər il olduğu kimi, məscidlərdə Kərbəla hadisələri yad ediləcək, mərsiyələr, rozələr oxunacaq. Artıq bu mərsiyə və rozələr ətrafında istər Azərbaycanda, istərsə də sərhədlərimizdən kənarda qızğın müzakirələr aparılır. Bəhslərin əsas qayəsi də mərsiyə və rozələrdə Kərbəlada baş verməyən, reallıqda olmayan hadisələrin dilə gətirilməsidir. Bunun səbəbi nədir? Bu faktlara münasibət necə olmalıdır? Bu suallarla islam.az imam Rza (ə) məscidinin imam cüməsi hacı Mirhəmid Məmmədov və “Məşədi Dadaş” məscidinin imam cüməsi hacı Şahin Həsənliyə müraciət edib.

Hacı Mirhəmid Məmmədov:

- İmam Hüseyn (ə) hərəkatı yalnız müsəlmanlara deyil, bütün bəşəriyyətə bir nümunədir. Çox təəssüflər ki, bütün sahələrdə olduğu kimi, din sahəsində də elmdən, savaddan, mütaliədən uzaq insanlara rast gəlinir. Belələrindən bəziləri populyarlıq qazanır və sözləri də keçir. Cəmiyyət də onları hansısa səbəblərə görə qəbul edib. Belə olan təqdirdə onlar istər-istəməz dinə zərbə vururlar. Bəlkə də məramları xoş olur, ancaq nəticə tam başqa alınır: onlar səhv edir, bu səhvlər isə dinin adına yazılır. İmam Hüseyn (ə) hərəkatının təfərrüatları dərindən araşdırılıb və alimlər tərəfindən xüsusi kitablarda qeyd olunub, onlara “məqsəl” deyilir. Bu mənbələrdə əksini tampayan uydurma hadisələri nəql etmək, bir tərəfdən bu hərəkatın özünə, digər tərəfdən isə imam Hüseynin (ə) müqəddəs amalına kölgə salır. Nəticədə meydana ciddi xəta çıxır. Hərçənd biz israrla deyirik ki, imam Hüseynin (ə) hərəkatı olduğu kimi öyrənilsin və təbliğ olunsun. Hesab edirəm ki, imamın söylədiklərini olduğu kimi camaata çatdırsaq Məhərrəm və Səəfər aylarında daha layiqli və dəqiq əzadarlıq məclisləri qurula bilər.

Sonda bir məsələni də vurğulamaq istərdim. Hansısa mərsiyəxanın və ya rozəxanın dediklərini əsas götürərək böyük kampaniyaya başlanmasının, bunun din, məzhəbin əsasları kimi dəyərləndirilməsinin də tərəfdarı deyiləm. Təəssüf ki, mərsiyə və rozələrdə təhrifə yol verən insanların çox vaxt dini savadı olmur. Ona görə yanaşma da müvafiq olmalıdır.

Hacı Şahin Həsənli:

- Olduqca aktual bir məsələdir. Çox təəssüf ki, bəzən rozəxanlar heç bir tarixi sənədi və əsası olmayan hadisələrdən söz açırlar. Belə addımlar atmaqla da onlar Kərbəla hadisəsinin mahiyyətini təhrif edirlər , bu hadisənin, İmam Hüseyn (ə) və tərəfdarlarının əzəmətinə xələl gətirirlər. Belə təhriflər də kifayət qədərdi. Qeyd etmək istərdim ki, nəzər saldığımız məsələdə istər xütbə söyləyənlərin, istərsə də rozə oxuyanların böyük məsuliyyəti var. Xütbələrdə də reallıqlda baş verməyən hadisələri nəql etmək, sənədi olmayan əhvalatlardan danışmaq yolverilməzdir. Eyni zamanda rozəxanlar da diqqətli olmalıdırlar.

Fürsətdən istifadə edib rozəxanlara müraciət etmək istərdim. Məhərrəmlik məclislərində məsuliyyətlərini, üzərlərinə düşən vəzifəni dərk etsinlər, bu işə daha ciddi byanaşsınlar. Onu da deyim ki, bu problemi hansısa bir qəti qərarla tənzimləmək mümkünsüzdür. Nöqsanlar var və olacaq. Amma bununla barışmaq da olmaz, bu nöqsanların aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir. Rozəxanlara ciddi tövsiyyə olunmalıdır ki, nə dediklərinə diqqət etsinlər. Eyni zamanda təəssüflə deməliyəm ki, bəzən rozəxanlar doğrunu yalandan ayırmağa sadəcə olaraq qadir deyillər. Amma yenə də, vəziyyətin yaxşılaşması üçün ciddi səylər göstərilməlidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2014  13:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!