إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübahilə günü

«Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək!” Ali-İmran surəsi, ayə 61

Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür. Hicri 10-cu ildə, Hz.Peyğəmbərlə(s) mübahisə etmək üçün, Nəcran məsihiləri öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinəyə göndərirlər. Bu heyət Hz.Rəsuli-Əkrəmlə(s) mübahisə edir və tutarlı dəlillərə rəğmən, yenə də Peyğəmbərin(s) peyğəmbərliyini qəbul etmirlər. Hz.İsanın(ə) Allahın oğlu deyil, bir peyğəmbər olduğunu qəbul etmirlər.

Peyğəmbərin(s) dəlilləri müqabilində yenə də təəssübkeşlik edən məsihilər barədə Hz.Rəsuləllaha(s)  ayə nazil olur: “(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: «Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!”. (Ali-İmran surəsu, 61) Bu ayə tarixə “Mübahilə” ayəsi kimi düşüb. Mübahilə kəlməsinin kökü «bəhl»dir və mənası «lənət etmək»dir.

Peyğəmbər(s) məsihilərə bu təklifi verdikdə, onlar möhlət istədilər və Peyğəmbər(s) razılaşdı. Məsihilər belə qərara gəldilər ki, əgər Peyğəmbər(s) bir ordu ilə gəlsə, mübahiləyə razılaşsınlar. Yox əgər öz yaxınları ilə gəlsə, çəkinsinlər. Zilhiccə ayının 24-ü təyin olunmuş vaxtda Hz.Peyğəmbər(s) iki uşaqla, bir gənclə və bir qadınla gəlir. Bununla Hz.Rəsuləllah(s) Allahın tapşırığına əməl etmiş olur. Ayədəki “oğlanlarımız” kəlməsindən məqsəd Həsən(ə) və Huseyn(ə), “qadınlarımız” kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra(s.ə.), Peyğəmbərin(s) özü kimi təqdim edilən şəxs isə Hz.Əlidir(ə).

İlk öncə Peyğəmbər(s) buyurur: “Mən dua edim, siz “amin” deyin.” Xristianların başçısı isə: “Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!”. Beləliklə də məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qaldılar.


Bu hadisə İslamın haqq din olduğunu, Peyğəmbərin(s) haqq peyğəmbər olduğunu bir daha təsdiqlədi və məsihilər də, bunu etiraf etdilər.

Peyğəmbərin(s) Əhli-Beyti(ə) Əli(ə) Fatimə(s.ə), Həsən(ə) və Huseyndən(ə) ibarətdir.  Və ayədəki “qadınlarımız” ifadəsi onu göstərir ki, Peyğəmbər(s) Əhli-Beytinə(ə) daxil olan yeganə qadın Hz.Fatimədir(s.ə). Digər cəhətdən “özlərimiz” ifadəsinin işlənməsi və Peyğəmbərin(s) özü ilə Hz.Əlini(ə) gətirməsi bu iki şəxsin bir can kimi olduğunu göstərir. Ayədəki “oğullarımız” ifadəsi isə İmam Həsənlə(ə) İmam Hüseynin(ə) Peyğəmbərin(s) balaları, nəslinin davamçıları olduğuna işarə edir.

“Mübahilə” günü, müsəlmanlar haqqın batil üzərində növbəti qələbəsini qeyd edirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Oktyabr, 2014  12:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!